Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ

15:19 | 01.03.2016
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ

Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ

 
Rüstəm Qasımov 

Xaricdə təhsil alan azərbaycanlı cazmen, bəstəkar və pianoçu virtuoz Etibar Əsədli ilə müsahibəni təqdim edirik. 

- Etibar, sizin babanız musiqiylə məşğul olub, Vaqif Mustafazadə ilə eyni məktəbdə oxuyub, fortepianoda yaxşı ifa edib. Sizdəki istedadın ondan qaynaqlandığını demək olarmı? 

- Bəli, bizim ailəmiz musiqiçi ailəsidir. Təsadüfi deyil ki, mən də uşaqlıqdan musiqi ilə böyümüşəm. Babam və anam gözəl piano ifa edirlər.Atam isə peşəkar xanəndədir. Uşaqlıqdan bunun təsiri olub və bu, günə qədər də davam edir. 

- Ananızın sizin tarzən olmağınız barədə israrlarına baxmayaraq, Siz pianoçu olmağı üstün tutdunuz. Siz nəyə görə məhz bu musiqi alətini seçmisiniz? 

- Bu sadəcə anamın istəyi idi ki, mən Azərbaycanın milli musiqi aləti olan tarda ifa edim. Bu fikri mən çox sonralar bildim. Mən göz açandan evimizdə çoxlu musiqi alətləri olub: tar, dəf,  tütək, piano, nağara və s. 4 yaşında nağara və dəfdə çox həvəslə ritmlər ifa edirdim, eyni zamanda pianoya da çox həvəs göstərirdim. Artıq 5 yaşından anam məni piano dərslərinə yazdırdı və həmin gün mənim çox yaxşı yadımdadır. Bir axşam məndən soruşdu ki, "Etibar, istəyirsənsə səni piano dərslərinə aparım?”

Çox böyük maraqla razılaşdım və bu alətin incəlikləri ilə tanış olmağa başladım.

- Bakı musiqi akademiyasında siz görkəmli Azərbaycan bəstəkarı və musiqiçi Arif Məlikovun rəhbərliyi altında oxumusunuz. Belə bir bəstəkarın tələbəsi olmaq necə hissdir? 

- Bəli, akademiyada oxuduğum müddətdə Arif Məlikov başda olmaqla, onun layiqli tələbəsi Ceyhun Allahverdiyevdən bəstəkarlıq dərsləri almışam. Arif Məlikov bir müəllim kimi əvəzolunmazdır. 

Onun tələbələrə yanaşması, məsləhətləri, bizə olan münasibəti həqiqətən şərəflidir. Mən çox xoşbəxtəm ki, Arif müəllim kimi inasanın qarşısında inkişaf etmişəm və onun xeyir duasını almışam. 
 


- Etibar, peşə baxımından bəstəkarsınız və klassik musiqi təhsili almısınız, bəs necə oldu ki, caza qarşı özünüzdə zəiflik hiss etdiniz. Klassik musiqi təhsiliniz yaradıcılığınızda sizə faydalı olurmu?

- Təbii ki, klassik musiqi bünövrə üçün çox vacibdir. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm, Zərifə Məmmədyarovanın sinfində. Və Zərifə xanım həqiqətən mənə klassik musiqini yaxından tanış edib- üzərimdə onun əziyyəti böyükdür. Elə caz və bəstəkarlığa olan həvəsimi hiss edən kimi məni bu istiqamətə yönləndirdi. 

Klassik musiqinin rolu həm caz-a, həm bəstəkarlığa birbaşa təsir göstərir. 

- Etibar, siz Azərbaycan mahnı və muğamları mövzusunda caz improvizasiyaları ilə tez-tez çıxış edirsiniz. Ola bilsin, sizi məhz buna görə görkəmli Azərbaycan cazmeni Vaqif Mustafazadə fəlsəfəsinin davamçısı adlandırırlar. Bu barədə nə düşünürsünüz? 

- Azərbaycan cazının bünövrəsində Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rafiq Babayevin və digərlərinin böyük rolu var. Mən uşaqlıqdan hər birinin yaradıcıllığı ilə yaxından tanışam. Təbiidir ki, mənə bu musiqinin təsiri böyük olub. Nəzərə alsaq ki evdə də mən hər gün atamın muğam sədalarını eşitmişəm, bunun təsiridir ki, mən muğamlarımızı, milli musiqini dərindən hiss edirəm.  Mən bu musiqini sevirəm və həmişə də bunu təbliğ edəcəm. Çünki bizim kimi gənclər Vaqif Mustafazadə kimi insanların qoyub getdiyi bu mirası itirə bilməz!

- Ümumiyyətlə, Azərbaycan folklor musiqisiylə cazın sintezi nə baxımından sizi cəlb edir və bu miks xarxi publikaya necə təsir edir? 

- Azərbaycan musiqisi digər Şərq ölkələrin musiqisindən bir qədər fərqlənir. Avropada bilirsiz ki, çox insanlar bura axışıb gəlib. Və bir növ xalqlar qarışıb. Bu həm musiqidə, həm rəssamlıqda, həm də digər sahələrdə özünü göstərir. Musiqinin dili yoxdur. İki janrdan, çox möhtəşəm sintez əldə etmək mümkündür. Bu iki janr arasında olan spesifik məqamları birləşdirir və yeni baxış, yeni rəng əmələ gətirir. Avropada da etnik musiqi çox maraqla qarşılanır. Nə qədər fərqli sintezlər olunursa, bir o qədər də maraq artır. Bizim Azərbaycan motivləri də özünəməxsusluğu ilə digərlərindən seçilir. Və bu musiqinin caz ilə sintezi gözəl tapıntıdır. Bir-birini tamamlayır.  Bunu hər konsertdən sonra Avropa tamaşaçısının dilindən eşitmək bizə zövq verir, qürurlandırır!
 


- Etibar, siz müntəzəm olaraq ənənəvi əsələri müasir səslərlə qarışdırmaqla,Azərbaycan musiqi irsinə müraciət edirsiniz. "Youtube” hesabınızda təqdim etdiyiniz "Sarı gəlin”in yeni kover-versiyası barədə danışardınız. Belə orijinal sintez sizin ağlınıza hardan gəldi? 

- Azərbaycan mövzuları tarixən melodik, minor xarakterdə olub və insan hisslərinə birbaşa təsir göstərə bilir. Belə mövzular həddən artıq çoxdur. Muğamlarımızda, xalq musiqimizdə çox rast gəlirik. Mübahisəli mövzulardan biri isə "Sarı Gəlin”dir. Bu musiqinin 100-dən çox versiyası və fərqli tərzdə ifaları var. Hər bir azərbaycanlı kimi mən də bu parçanı çox sevirəm və düşündüm ki, mən də öz yanaşmamı göstərim. Tütək ilə bu parçanı qeyd etdim və bu işdə mənə gözəl ifaçı Səddam Novruzbəyov kömək etdi. Sonda belə bir kompozisiya yarandı. İzləyicilərin reaksiyasından görürəm ki, bu yanaşmanı da çox maraqla qarşıladılar.

- 2014-cü ildə siz Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov və barabançı Elvin Bəşirovla birgə "Baku project” qrupunu yaratdınız. Bir müddət əvvəl gənc ifaçı Samirə Əfəndiyeva da sizə qoşuldu. Bu qrupu yaratmaq ideyası necə yarandı və layihə nə qədər uğurlu alındı? 

- Mən artıq 2009-cu ildən Ruslan Hüseynov və Elvin Bəşirovla müxtəlif konsertlərdə, festivallarda, müəyyən proyektlərdə iştirak edirdim. Müəyyən vaxtdan sonra, Azərbaycanda kover (işləmə) musiqisində boşluqları gördük. Və düşündük ki, Azərbaycanın köhnə musiqiləri hələ də olduğu kimi qalıb, heç kim bu mövzulara müraciət etmir. Biz özümüzə borc bildik ki, bütün bu tarixi mövzulara yeni nəfəs gətirək, yenidən aranjiman edib fərqli şəkildə təqdim edək. Bu fikirlə başladıq Fikrət Əmirovun "Reyhan” mahnısını işləməyə. Sonra vokalçı axtarışına başladıq. Çox axtarışlardan sonra Samira Əfəndiyevaya təklif etdik. O da çox maraqla qarşıladı bizim təklifimizi. Biz "Baku Project” kimi yeni koverləri hazırlayırıq. Ayrı ölkələrdə yaşadığımıza görə virtual işlər görürük. Bir qədər çətin olsa da, biz bu yolu davam edirik və buna görə həqiqətən xoşbəxtik.
 


- Hazırda siz Fransada olursunuz. Nəyə görə Parisə getməyi qərarlaşdırdınız və indi orada nə işlə məşğulsunuz? 

- Amerikada Nyu-York, Avropada isə Paris caz musiqisinin mərkəzi sayılır. Burada çox böyük, dünya səviyyəli musiqiçilər yaşayır və ifa edir.Baxmayaraq ki, Bakı Caz şəhəri adlandırılır - amma Azərbaycanda Caz musiqisi təhsili yoxdur.Bu səbəbdən mən Parisi seçdim və bu istiqamətdə axtarışlara başladım. Burada həm fransız dili, həm də fransız mədəniyyəti ilə yaxından tanış oluram. Təhsilim üçün müəyyən hazırlıq mərhələsindəyəm - eyni zamanda öz yaradıcıllığımı- konsertlərimi, festivallarımı davam edirəm.

- Parisdə siz fransız musiqiçilərlə birlikdə özünüz caz-triosunu yaratmaöa "EDY studio” adlı öz studiyanızı açmağa müvəffəq olmusunuz. Trio necə yarandı və studiyanız sizə bəstəkarlıq fəaliyyətinizdə sizə necə kömək edir? Parisdə yaşanan abu-hava yaradıcılığınıza təsir edirmi? 

- Bakıda olanda tez-tez Fransanın bir çox şəhərlərinə, eləcə də Parisə konsert və festivallara gedirdim. Hər zaman yerli musiqiçilərlə ifa etmək bu musiqinin tam təbliği deməkdir. Çünki Azərbaycan musiqisini yalnız yerli musiqiçilər bu qədər dərindən hiss edə bilər. Amma musiqiyə bir qədər fərqli yanaşmaq, fərqli səsləndirmək artıq ifaçılardan asılıdır. Parisdə "Jazzy Colors” festivalında iştirak edirdim. Qərara gəldim ki, fransız cazmenləri ilə Azərbaycan musiqisini ifa edim. Gözəl kontrabasçı Arthur Henn və istedadlı zərbçi Arthur Alard ilə proqramı məşq etdim. Onlar bu musiqini ilk dəfə ifa edirdilər. Çox maraqla qarşıladılar və bu musiqinin yaranmasına dair suallar verdilər. Mənə onlarla ifa etmək çox maraqlı və komfortlu idi. Çünki bu yanaşma mənim üçün də yeni səslənirdi. 

EDY studio - yazdığım bütün parçaları bu studiyada ərsəyə gətirirəm. Yaradıcı məkan hər bir musiqiçi üçün vacibdir. Bu rahatlıq musiqidə də özünün biruzə verir. Parisin yaradıcı atmosferi, nəinki musiqidə, hətta həyat tərzində də özünü göstərir. Fərqli insanlar, fərqli məkanlar, fərqli musiqilər və s.
 


- İstənilən musiqiçinin karyerasında qastrollarda və beynəlxalq festivallarda çıxış etmək onun peşəkar inkişafında xüsusi rol oynayır. Bu yəqin sizdə də belə olub.  

-Təbiidir ki, hər bir musiqiçi öz musiqisini müxtəlif auditoriyalarda, müxtəlif fərqli məkanlarda təqdim etməlidir. Bu həm musiqinin təbliği üçün, həm də musiqiçinin öz inkişafı üçün vacibdir. Böyük ölkələrdə, fərqli mədəniyyətlərdə sənin musiqini hansı maraqla qarşılandığını gördükdə qürur hissi keçirirsən. Çünki bu ilk növbədə bizim mədəniyyətə və musiqiyə olan maraqdır, ikinci növbədə təqdim edən musiqiçinin professionallığıdır. 
 


- Sizi maksimalist adlandırmaq olarmı? 

- Bəli. Mən bütün işlərimə çox həssas yanaşıram. Burada bir mənfi detal görürəmsə, ya dəyişməlidir, ya da iş ləğv olunur. 

Tam razı qaldıqdan sonra rahat təqdim edə bilirəm. Amma bir məqam da var. Konsertlərdə hər ifadan sonra özümə çox tənqidi yanaşıram.İnanılmaz dərəcədə özümə qarşı tələbkaram. 

- Sizin əsərlərininə münasibətdə təqnqidi münasibəti necə qarşılayırsınız? 

- Zövqlər müxtəlifdir və tənqidlər gözləniləndir. Hər bir musiqinin də öz dövrü və qəbul etmə zamanı var. Məsələn- Vaqif Mustafazadəni də o dövrdə xoş qarşılamırdılar. Tənqid edirdilər. Onun imici də qəbul edilmirdi. Onun musiqisi o rəhmətə getdikdən sonra qəbul olundu və Azərbaycan musiqi mədəniyyətinə nə qədər böyük tövhə olduğu aşkarlandı. Demək istəyirəm ki, zaman dəyişdikcə fikirlər, düşüncələr, musiqiyə olan baxışlar dəyişə bilir.  Mən də öz növbəmdə bütün obyektiv tənqidləri qəbul edirəm və bunları dəyişməyə çalışıram. Məsələn, 2013-cü ildə muğam ilə eksperimentlər edirdim və gözəl vokalçı Leyla Muradzadə ilə bir  kompozisiya hazırladım. Şüştər təsnifi. Parçanın sonunda "Musiqidən çıxış” adlı avanqard bir sonluq etdim. Bu sonluq bəziləri tərəfindən alqışlandı, bəzilər tərəfindən isə tənqid olundu. Sadəcə olaraq bu mənim subyektiv yanaşmamdı və mən bu musiqini bu tərzdə də göstərmək istədim. İnanıram ki, bu eksperimentin də tam zamanı gələcək.

- Bu gün musiqi çox rənglidir, müasir dinləyicinin xoşuna gəlmək üçün sizcə, kompozisiya necə olmalıdır? 

- Dinləyicilər həddən artıq çoxdur və fərqli zövqə sahibdirlər. Əgər biz musiqiçilər yalnız dinləyicinin zövqü ilə hərəkət etsək, bu bizim öz yolumuzu tapmaqda çətinlik törədəcək, hətta bu təhlükəlidir.  İnsanlar öz dinlədiyi musiqiçini azad şəkildə seçə bilər və hamı hər bir musiqini də sevməyə məcbur deyil. Bu baxımdan musiqiçi öz növbəsində həm dövrü, həm insanları, həm də öz yolunu nəzərə almalıdır. Burada ortaq bir balans olmalıdır. Hər dövrün öz musiqisi, öz yanaşması var və zamanla ayaqlaşmaq məsləhətdir. Müasirliklə də uyğunluq tapmaq, müasir həyatda baş verən yeni texnalogiyalarla tanış olmaq, dinləyicinin musiqi zövqünü düzgün istiqamətdə formalaşdırmaq lazımdır. 
 


- Piano sizin üçün sadəcə bir musiqi aləti, yoxsa daha artıq bir şeydir? 

- Piano mənim artıq ayrılmaz hissəmə çevrilib. Hər gün mən bu alət ilə ünsiyyətdəyəm və bundan doymuram. Çox zəngin bir alətdir. Burada istənilən yeniliyi, istənilən xarakterdə musiqini yaratmaq mümkündür. Bütün alətlər üçün yazılan mövzular və axtarışlar ilk növbədə piano ilə tapılır. Mən caz, klassik mövzular bəstələyəndə də, orkestr musiqisi yazanda da, müxtəlif bəstəkarların əsərlərinə müraciət edəndə də bu alət yanımdadır. Hətta kitabı da bu alət üzərində oxuyuram. Piano arxasında özümü çox rahat və tamamlanmış hiss edirəm. 

- Musiqiçi peşə, yoxsa həyat tərzidir? 

- Musiqi o qədər dərin bir elmdir ki, buna sənət kimi yanaşırsan, dərinliyinə getdikcə isə o, sənin həyat tərzinə çevrilir. 

- Yeni ideyalar nə qədər vaxtdan bir sizə qonaq gəlirlər, ilham nə zaman gəlir? 

- Yaradıcı insanlar gecəni çox sevirlər.Müəyyən bir enerji var ki, insan bu vaxt yaratmaqdan həzz alır. Məndə də belədir. Gecə studiyada oturub musiqi axtarışları etdikcə həvəs artır və nəzərdə tutulan ideya gəlib səni tapır. 

- Boş vaxtlaınızı necə keçirməyi sevirsiniz? 

- Mən rəsm çəkməyi, kitab oxumağı və köhnə aparatlarla foto çəkməyi çox sevirəm. Müəyyən fotomüsabiqələrdə qalib olmuşam. Onu da deyim ki, mənə aid olan bütün video materialları özüm çəkib montaj edirəm. Bu da mənim üçün maraqlı məşğuliyyətdir.

- Və sonda,gələcəklə bağlı planlarınızı izimlə bölüşərsinizmi, Etibar Əsədli nə arzu edir? 

- Mən öz yaradıcıllığıma müəyyən vaxt ərzində Parisdə davam etmək fikrindəyəm. Avropada artıq bir neçə caz festivallardan təkliflər almışam. Vaxt aşırı bu xəbərləri sizinlə paylaşacam. Və təbii ki yeni musiqilər hazırlayıram. Həm "Baku Project”də, həm də solo ifalarımda yenilikləri görəcəksiniz. 

Mən Azərbaycan musiqisini dünya səviyyəsində görmək arzusundayam və bu addım üçün əlimdən gələni edəcəm. 

Mən sizə dərin təşəkkürümü bildirirəm ki, mənim yaradıcıllığım ilə bu qədər yaxında tanış olursuz və bunu izləyicilərə təqdim edirsiz. Təşəkkür edirəm.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM