Gələn il azalacaq pullarımız - ŞƏRH

15:38 | 05.09.2015
Gələn il azalacaq pullarımız - ŞƏRH

Gələn il azalacaq pullarımız - ŞƏRH

2016-cı ildə qaçılmaz olan azalmanın nəticələri daha yumşaq keçə bilər.

Dünya bazarında neftin ucuzlaşmasının davam etməsi 2016-cı ildə Azərbaycanda büdcə xərclərinin nə qədər azalacağı məsələsini gündəmə gətirib. 

ANS PRESS-in məlumatına görə, ötən həftənin sonunda "AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin qiymətinin 50 dollarlıq psixoloji bareyeri keçərək 49 dollar ətrafına düşməsi bu barədə müzakirələri artırıb. Bəzi kütləvi informasiya vasitələri hətta irəli gedərək hökumətin 2016-cı ilin dövlət büdcəsinin göstəriciləri barədə dəqiq qərara gələ bilmədiyini vurğulayır. Büdcə layihəsinin ilkin göstəricilərinin mətbuata açıqlanmaması da bu cür qənaətləri artırır. 


Oqtay Haqverdiyev - iqtisadçı ekspert

İqtisadçı ekspert, Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev gələnilki büdcə xərclərinin məbləğinin neftin büdcədəki qiymətindən asılı olacağını vurğulayır. "Adətən, biz Rusiyanın addımlarını təkrarlayırıq. Rusiya 2016-cı il büdcəsində neftin qiymətini 50 dollar nəzərdə tutub. Bizdə də yəqin elə nəzərdə tutarlar”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib. 

İqtisadçı ekspert düşünür ki, əgər neftin barrelinin qiyməti 50 dollardan götürülərsə, 2016-cı ilin dövlət büdcəsində xərclər 2015-ci ilə nisbətən 3-4 milyard manat azala bilər: "Təbii ki, sosial xərclərə - maaşlara, pensiyalara və sosial müavinətlərə, o cümlədən müdafiə xərclərinə toxunulmayacaq. Çünki onlar qanunla qorunur. Buna görə də azalma yalnız investisiya xərclərini əhatə edə bilər”. 



2015-ci ilin büdcəsinin xərc hissəsi təxminən 21 milyard manatdır. Beləliklə, ekspert 2016-cı ildə Azərbaycanın büdcəsinin 17-18 milyard manata qədər azalacağını vurğulayır. Nəticədə, ölkənin hər il 7-8 milyard manata bərabər olan investisiya xərclərinin məbləği 3 milyard manata qədər düşə bilər. Bu isə çox sayda inşaat işçisinin işsiz qalması deməkdir. Adətən, investisiya xərcləri tikinti layihələrinə yönəldilir. 




Bununla belə, iqtisadçı ekspert Azər Mehdiyev ANS PRESS-ə hökumətin bu problemi yumşalda biləcəyini bildirib: "Vəsaitlər qənaətlə işlədilərsə, işsizlik problemi həll edilə bilər. Adətən, bu cür layihələrdə alınan avadanlıqların qiyməti bəzən dəqiq göstərilmir. Hökumət bu cür halların qarşısının alınması üçün ciddi yoxlamalar aparmalıdır. Həm də daha çox insan əməyi tələb edən layihələrə üstünlük verilməlidir ki, gözlənilən kütləvi işsizlik yumşaq keçsin”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM