"İndi inana bilmirəm ki, o meyitlərə toxunan mən olmuşam" - MÜSAHİBƏ

10:45 | 03.09.2015

"İndi inana bilmirəm ki, o meyitlərə toxunan mən olmuşam" - MÜSAHİBƏ

Qarabağ münaqişəsi həll edilib-edilməməsindən asılı olmayaraq Azərbaycan və erməni ordusu arasında aparılan ağır döyüşlərin nəticəsi əsrlər boyu xalqın ürəyində sızlayacaq. Xüsusən, düşmənin vəhşiliyini, vandalizmini əks etdirən faktlar əsrlər boyu arxivlərdə qorunacaq, sərgilərdə nümayiş etdiriləcək.

ANN.Az-ın müsahibi bu vəhşiliyi həm yaşamış, həm şahidi olmuş, həm də Azərbaycan tarixinə, vətəninə xidmət edərək şəhid olan igidlərimizin cəsədlərini döyüş meydanından çıxarmış, düşmənin tanınmaz hala saldığı əsgərlərimizin fotolarını çəkərək böyük arxiv yaratmışdır.

Qərhəmanımız haqqında qısa arayış: 

Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşüb. Azərbaycanda məskunlaşdıqdan sonra Tərtər rayon Bəyimsarov kəndində mədəniyyət evinin direktoru işləyib. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü şəkildə döyüş əməliyyatlarında 7 il iştirak edərək misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olub. 

1991-1992-ci illərdə o, bir neçə dəfə Naxçıvana səfər gedərək mərhum prezident Heydər Əliyevlə görüşüb, onun dəyərli tövsiyyələri və göstərişləri ilə müharibənin dəhşətlərini nəsillərə çatdırılması üçün böyük işlər görüb. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərinin müəyyən edilməsinə səbəb olub. Məhz 950 şəhidimizin cənazəsi Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə təhvil verilib. 

Eyni zamanda o, erməni vəhşilərinin tanınmaz hala saldığı, başı kəsilmiş, min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotolarını çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-salnamə yaradıb. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Əlövsət Qasımov Qarabağ müharibəsinin canlı şahidi və iştirakçısıdır. O, şahidi olduğu döyüşlərin hər bir anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilmz faktlarla ifşa etməyi bacarıb. Erməni vandalizmindən bəhs edən bu fotolar dünyanın müxtəlif ölkələrində, həmçinin də öz vətənimizdə ayrı-ayrı sərgilərdə dəfələrlə nümayiş etdirilib. 

Bütün bunlardan əlavə Əlövsət Qasımov mərhum prezident Heydər Əliyevin göstərişi ilə erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil verib. Bundan başqa o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açıb. Heydər Əliyev ona "Sən xalqın general oğlusan, əsl şücaət və qəhrəmanlıq göstərmisən. Azərbaycanımızın fəxrisən” - deyə Əlövsət Qasımovun gördüyü hər bir işə layiqincə diqqət göstərib, ona lazımi tövsiyyələrini verib. 

"General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi xidmətləri "Müharibənin canlı ensklopediyası”, "Erməni vandalizmi”, "Başsız meyid”, "Şahid şəhidlər haqqında”, "Qanlı köynəklər”, "Ölümlə üz-üzə”, "Sonsuz erməni vandalizminin iç üzü”, "Oğurlanmış tarixi soyqrım”, "Sağlamlığın sirri”, "Erməni terroru”, "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, "Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb. Onun böyük vətənpərvətlik fəaliyyətindən bəhs edən "Ruhumun harayı” və " Qarabağ çağırır bizi” sənədli filmləri respublikamızda və xarici ölkələrdə nümayiş olunub. 

Əlövsət Qasımov 1996-cı ildə ordu sıralarından təxris olunub. O, xalqını, vətənini, dövlətini, prezidentini sevən əsl vətən təəssübkeşidir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görüb. Amma düşünməyib ki, bu işlərdə ağır yolxucu infeksiyaya yoluxar. Əlövsət Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənib və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb. Hazırda Ə.Qasımov mərhum prezidentlə bağlı "Heydər Əliyevin həyatının hər anı bir kitabdır” memuarını işıqlandırıb. O, şəxsi hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2-51, mənzil 18 A ünvanda "Erməni vandalizminin iç üzü” adlı foto-sərgi açıb. Hər bir azərbaycanlı, vətənini sevən şəxslər yolunu bir dəfə bu ünvandan salsalar General Əlövsət Qasımovun dərinliklərdə yaratdığı, qəlblərdə iz saldığı bir müdhiş muzeyi ziyarət edər və tarixin zülmətlərinin şahidi olar. Əlövsət Qasımov hazırda " Qarabağ Həqiqətlərini Aləmə Tanıtma” İctimai Birliyinin təsisçisidir.

Müharibə, o anlar, danışmaq çox çətindir...

Müharibə başlamazdan öncə ordu sıralarında kapitan rütbəsi alanadək xidmət göstərmişəm. Daha sonra orduda qalmaq təklif olunsa da, bundan imtina etdim, mülki həyatda fəaliyyətimi davam etdirdim. Amma vəziyyət elə gətirdi ki, Qarabağ müharibəsi başladı və könüllü olaraq orduya yazıldım. Döyüş zamanı əsir düşən, şəhid olan, itkin düşən o qədər əsgərlərimiz olurdu ki... Düşünəndə ki, bu oğullar hərəsi bir evdən, bir ailədəndir və onların ata-anası, bacı-qardaşı var və onların şəhid olan oğullarının heç olmasa cəsədini almağa haqları çatır, ordumuza bu sahədə yardımçı olmağa qərar verdim. Həm də bu şəhidlərin düşmən tapdağı altında qalmaması vacib idi, elə buna görə də ölməyə dəyərdi. Şəhid olan igidlərimizin cəsədlərinin itməməsi üçün əlimdən gələni etdim və onların cəsədlərinin ermənilər tərəfindən məhv edilməsinin qarşısı almağa başladıq. O anlar heç vaxt yadımdan çıxmır. Elə cəsədlər var idi ki, ermənilər onların üstünə mina partlayıcısı qoymuşdular ki, onlara toxunan zaman partlayış baş verirdi, cəsəd parçalanır, onu aparmağa gələn şəxslər də dünyasını dəyişirdi. 

Tək özüm 86 meyit gətirmişəm...

1991-1994-cü illərdə müharibədə həlak olmuş igidlərimizin cəsədlərini daşımışam. Bu illər ərzində tək özüm 86 meyit gətirmişəm. Ancaq ümumi 950 cəsəd aşkar etmişik.  Əsasən cəsədləri Ağdam, Ağdərə, Goranboy rayonlarından aşkar edib gətirirdik. O vaxt mərhum prezident Heydər Əliyevlə görüşəndə mənə bildirirdi ki, ən ehtiyat edilən rayonlardan biri məhz Tərtərdi. Çünki o vaxt atəşkəs elan olunana kimi bu rayonda şiddətli döyüşlər gedirdi.         

Bu insanlığa sığmayacaq vəhşilik idi... 

Yadımdadır, ermənilər 1992-ci ildə Ağdamın Güllücə kəndin də 14 nəfəri bir-birinə bağlayıb yandırmışdılar. 8 nəfərlə birgə əraziyə gedib həmin cəsədləri gətirdik, şəxsiyyətlərini müəyyən edib, ailələrinə təhvil verdik. Bu hadisənin üstündən 23 il ötməsinə baxmayaraq həmin qəbirlər indi açılarsa. ermənilərin hansı səviyyədə vəhşilik etdiklərini sübut etmək, dünyaya nümayiş etdirmək mümkündür. Elə cəsəd var idi ki, yalnız onun bədənini bir hissəsini salamat tapa bilmişdik. Səhv etmirəmsə, o goranboylu bir oğlanın cəsədi idi. İnsanlara bu işgəncləri ona görə edirdilər ki, onları meyidlərini aparmaq mümkün olmasın. 

Aradan xeyli müddət keçib. İndi öz çəkdiyim fotolara baxır, siyahını gözdən keçirirəm. İnanmıram ki, bu fotoları mən çəkmişəm, bu vəhşilikləri gözümlə görüb necə bunlara dözmüşəm. İndi kim bu sənədlərlə, faktlarla tanış olursa, ermənilərdə insanlıq hissinin olmadığını, necə bir qeyri-insanı xüsusiyyətə malik olduqlarını təsdiq edirlər. Bir meyit var idi, o qədər güllə vurmuşdular ki, bədəni deşik deşik olmuşdu. Saymışdım, düz 32 güllə vurulmuşdu. İnsanın ölməsi üçün 1, 2, uzağı 3 güllə kifayət edər. 32 güllə nə üçün bir insana vurulsun? Bu hansı düşmənçiliyin nişanəsidir? Bu barədə nə vaxt danışıramsa, əsəbləşir, gərginləşirəm. 100 il belə keçsə, bu faktlar haqqında danışdıqda eyni hissi keçirəcəyimə əminəm. Bundan başqa daha bir cəsəd var idi, ağacdan asılıb qrantamyotla vurulmuşdu. 

Mənə "General Əli bəy” deyirlər
 
Ehh... bu sözün tarixi böyükdür. Adımın Əlövsət olmasına baxmayaraq mənə "Əli” deyirdilər. Bunun əsas səbəbi əmimin adının Əli olması ilə əlaqədardır. Çünki onun etdiyi bir çox hərəkəti mən də edirdim. Bu oxşarlıq özünü daha çox ermənilərə olan nifrətdə göstərib. Elə o vaxtdan mənim adım Əlövsət olsa da, Əli deyiblər.

"Bəy” sözünün deyilməsi isə 1988-ci illərə təsadüf edir. O vaxtlar müstəqiliyimiz uğrunda çalışanları "bəy” deyə çağırırdılar. Mənim adım da oldu Əli bəy. "General” sözünü isə Heydər Əliyevlə görüşdən sonra adımın əvvəlinə əlavə elədilər.
 
1991-ci ildə ulu öndər Heydər Əliyevlə görüşmək üçün Naxçıvana getmişdim. O dövr çox çətin illərə təsadüf edirdi. Belə çətin vaxtlarda biz beş nəfərlə Naxçıvana getdik. Heydər Əliyevlə görüş vaxtı o, mənə dedi: "Səndə əsl general ürəyi var”. Mən onun tapşırığını layiqincə öhdəsindən gəlmişdim. Onun tərəfindən mənə verilən qəzet məqalələrini dediyi kimi Tərtər, Bərdə, Şəki və Gəncədə lazımi yerlərdə paylamışdım. Elə bu əməllərimə görə də mənə "General” adı verildi. "General” sözü mənimlə gedən yoldaşlarımın dilində əzbər oldu. Mütəmmadi məni "General Əli bəy” deyə çağırdılar. 

Vəziyyət elə gətirdi ki, müharibə vaxtı  məni hərbi hissəyə silah-sursat anbarının rəisi təyin etdilər. Bu vəzifəni daşıyan müddətdə telefon danışıqları zamanı ləqəbim də "general” oldu. "General” adı olmasaydı, Tərtər rayonunda çoxlu naməlum şəhidlər dəfn olunardı. Bu adla mən  yüzlərlə şəhidləri öz ünvanlarına çatdırmışam. Bu gün də mənə general deyirlər.

950 cəsəd, 1017 silah təhvil vermişik...

Fikrimcə, mənə verilən döyüş tapşırığını bütünlüklə yerinə yetirmişəm. Hər dəfə bu rəqəmləri dedikdə, bu məsələdən mövzu açıldıqda sanki həmin günlərə qayıdıram. 950 şəhidimizin cəsədini döyüş meydanlarından arxa cəbhəyə gətirib adət-ənənələrimizə uyğun dəfn etmək, igidlərimizin ölüsünü belə düşmənə qoymamaq fikrimcə, ən böyük döyüş tapşırığıdır. Şəhidlərimizin və düşmənin 1017 ədəd silahını toplayıb, dövlətə təhvil vermişəm. Bunu etdiyimə görə vətənə bir vətəndaş borcumu verdiyimi düşünürəm. O günlər haqqında fikirləşdikcə, böyük Allahın qüdrətinə şükr edirəm. Hesab edirəm ki, Allah özü mənə o günlər  qorxusuzluq hiss vermişdi. Sanki meyidlərə toxunduqda heç bir qorxu hiss etmirdim. Şükürlər olsun ki, bacardığımız qədər şəhidlərimizin meyidlərini gətirə bildik. Cəsədlər elə şəkildə olurdu ki, təsəvvür etməkdə çətinlik çəkirəm. Onların şəxsiyyətinin müəyyən edilməsi də çətin idi. Hələ də yadımdan çıxmır, bir cəsəd var idi, onu iki qızıl dişinə görə kim olduğunu müəyyən etdik. Yəni cəsəd o qədər tanınmaz halda idi...
 
Çəkdiyim fotolarda müəllif hüququ qorunsun...   

Tək istəyim tezliklə torpaqlarımızın azad olunmasıdır. Bu cəsədlərin fotolarını çəkəndə heç düşünməzdim ki, biz uzun illər doğma diyarımızdan, vətənimizdən uzaq qalacayıq. 

Sonda demək istəyirəm ki, bu çəkdiyim fotolar bəzi kitablarda, jurnalarda, büroşuralarda yarımçıq və ya montaj olunmuş halda dərc edilir. Ən azında müəllif hüququ qorunmalıdır. Çünki bu şəkilləri çəkmək üçün hansı yollardan, çətinliklərdən keçdiyimizi bir Allah bilir...   

Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova
 
 

 

 
 
 

 
 
 
 
 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM