Keçidlərin "iflic" eskalatorları

11:11 | 01.11.2016
Keçidlərin

Keçidlərin "iflic" eskalatorları

Bakının mərkəzində bir sıra ərazilərdə piyadaların istifadəsi üçün yeraltı keçidlərdə eskalatorların işləməməsi hallarına tez-tez rast gəlmək olar. Buna baxmayaraq, yol polisi əməkdaşları piyadaları eskalatorlardan istifadə etməyə məcbur edir, belə olmadıqda isə onları cərimələyir. 

Bu cür işləməyən eskalatorlardan biri Rəşid Behdudov və Füzuli küçələrinin kəsişməsində Mərkəzi Bankın yaxınlığında yerləşir. 

Həmin eskalatorlar uzun müddətdir, texniki nasazlıq səbəbindən işləmir. Üç ay bundan əvvəl paytaxt sakini Svetlana Petrova işləməyən eskalatordan istifadə edən zaman nasazlıq yaranıb. Nəticədə, Svetlana Petrova yaralanıb. Hadisənin dəqiq səbəbləri hələlik, məlum deyil. Baxmayaraq ki, eskalatorlar işləmir və qəzalı vəziyyətdədir, ətrafda heç bir xəbərdaredici nişan yoxdur. Bununla yanaşı, insanlar eskalatorlardan istifadə edirlər, çünki yeraltı və ya yerüstü keçidin alternativi yoxdur. 

Həyatlarını təhlükəyə atmamaq üçün bu eskalatorlardan istifadə etməyən vətəndaşları isə polis əməkdaşları cərimələyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ANN.Az-a açıqlamasında bildirib ki, bu, birbaşa olaraq, istehlakçıların hüquqlarının pozulması deməkdir:

"Nəzərdə tutulmayan yerdən yolu keçən vətəndaşların cərimələnməsi polisin haqqı və borcudur. O, öz işini yerinə yetirir. Digər tərəfdən, heç kəs eskalatorda  yaranan texniki nasazlığa görə məsuliyyət daşımır. Əslində, bunlar Bakı Şəhər İcra Hakimiyyətinin və yerli bələdiyyə orqanlarına aiddir, onlar nasazlığı aradan qaldırmalıdır. Bütün hallarda istehlakçı bundan əziyyət çəkir. Bütün bunların səbəbi isə ölkədə normal istehlakçı siyasətinin olmamasından irəli gəlir. Kim necə istəyir, istehlakçını soyur".

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun ANN.Az-a bildirib ki, xüsusilə, yeraltı keçidlərdə müəyyən texniki problemlərin yaranması yaşlı insanlar üçün böyük çətinliklər yaradır:

"Eskalatorun pilləkənləri adi pilləkənlərin pillələrindən daha hündür olur. İşləməyən eskalatorla qalxmaq mümkündür, amma bu hal xüsusilə, yaşlı insanlar və uşaqlar üçün çətin olur. Ümumiyyətlə, eskalatorların tikildiyi yer dərin qazılır.  Eskalator olan hissənin dərin olduğu bilinir. Bütün bunları nəzərə alsaq, işləməyən eskalatorlarda hərəkət çətindir. Buna görə də, onu təmir etmək lazımdır ki, insanlar ondan istifadə edəbilsinlər”.

Vəziyyətə aydınlıq gətirmək üçün eskalatorun yerləşdiyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yəhyayev bildirib ki, yeraltı keçidlər "Аzəravtoyol" ASC-nin balansında yerləşir. 

"Azəravtoryol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANN.Az-a bildirib ki, eskalatorların texniki işləri ilə "Royal Estate” məşğul olur: 

"Bununla bağlı şirkətə rəsmi müraciət etmişik. Onlar qısa müddətdə problemi aradan qaldıracaqlarını və eskalatoru təmir edəcəklərini qeyd ediblər. Onlar artıq bu keçiddə uzun müddətdir, işləməyən eskalator təmir edilir. O, yaxın günlərdə işləyəcək. Nəzərə alsaq ki, eskalatorlar və onların detalları ölkəmizdə ishetsal olunmur, bunun üçün xüsusi şirkətlər onları Türkiyə, Almaniya və Çindən sifariş edir. Ona görə də, onların dəyişdirilməsi uzun müddət çəkə bilir”. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ANN.Az-a bildirib ki, əgər bu yeraltı eskalator işləmirsə, piyadalar pilləkənlərdən istifadə etməlidirlər.

"2016-ci ildə Yol Qəzalarının 58% piyadaların iştirakı ilə baş verib. Əgər yeraltı eskalatorlar işləmirsə, piyadalar yolun hərəkət hissəsini keçərək, həyatlarını risk altına qoymamalıdırlar. Bunun üçün alternativ olaraq, pilləkənlərdən istifadə edə bilərlər", - deyə Vaqif Əsədov qeyd edib.

Bu yerlərdə alternativ pilləkənlərin olmaması sualına gəlincə, V. Əsədov qeyd edib ki, belə hallarda təbii olaraq, polis piyadanı cərimələyə bilməz. Sadəcə onlardan piləkanlardan istifadə etmələrini rica edə bilər. 

Qurum rəsmisi həmçinin, bu hadisə ilə şəxsən məşğul olacağını qeyd edib. 

Azad İstehlakçılar Birliyinin məlumatına görə, paytaxtda yerləşən eskalatorların 40%-i işlək vəziyyətdə deyil. 

Ərazidən çəkdiyimiz videonu təqdim edirik:

 
Vüsal Əzizov 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM