Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı

10:00 | 08.05.2017
Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı

Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı

Mayın 9-u Kəlbəcər girovu Şahbaz Quliyevin 49 yaşı tamam olur 

Dünya həmişə amansız olub, ən azından amansızların əlində zillət çəkib. Tarix boyu görmüşük ki, inləyən insanlığın xilasına çalışanlar azlıq təşkil edib. Onların da əksəriyyəti dövlət başçıları yox, daha çox peyğəmbərlər, övliyalar, iman daşıyıcıları olub. Min illərdir ədalət deyib hayqıranların səsi içlərində qalıb. Azadlıq aşiqləri həm daş zindanlarda, həm də iç zindanlarında əzab çəkiblər. Tarix isə öz sərt üzü ilə davam etməkdədir və bu gün də həmin tarix, həmin durum, həmin aqibətdir. Dünyanın ədalət məhkəməsi ərşə çəkilib, hüquqları qoruyan bütün qurumlar Femida kimi kor olublar, ah-nalələr kip bağlanmış sipərdən o tərəfə keçmir, sanki Allahla insan arasına da sərhəd qoyublar – istəklər dərgaha çatmır. Bu gün uludan ulu yurdumuz Kəlbəcərdə girov götürülən Dilqəmlə Şahbazın durumu da eynidir – haqları tapdanır, sözləri eşidilmir, hüquqları pozulur… 

Dilqəm Əsgərov da, Şahbaz Quliyev də, mərhum Həsən Həsənov da tarixə dönmüş insanlardır. Onlar Kəlbəcərə alınlarına şəhid möhürü vuraraq getmişdilər. Yalnız Həsən bu neməti daddı – övladları atasız, xanımı ərsiz, anası oğulsuz, qardaşları qardaşsız, dostları dostsuz qalsa da. Dilqəm və Şahbaz isə şəhid məqamına gedən səadət yolunda qara ruhlu yağının girovuna çevrildilər. Şəhidliyə hazır olan bu igidlər düşmənin işgəncə və təzyiqlərinə "uf” da demədilər. Oyuncaq məhkəmədə də, kameralardakı əzaba da mərdanə dayandılar. İki dəfə onlara müraciət olundu ki, "Dağlıq Qarabağ resbublikasının prezidentinə” əfv ərizəsi yazıb "günahlarını” etiraf etdikləri təqdirdə azad olunacaqlar. Dilqəm bu müraciətə xeyli güldü, Şahbaz isə üç dəfə "Heç vaxt” dedi. Bax, bundan sonra ermənilərin qorxusu başlandı, qarşılarında dəyanətli iki igid gördülər. Dilqəm və Həsən haqqında mətbuatda ayrıca yazılar çox yazmışam. Şahbazdan isə demək olar ki, bəhs etməmişəm. Ömrünün bu 49-cu baharında onun haqqında da düşüncələrimi paylaşmaq istəyirəm. Çünki o, buna layiqdir. 

Çoxdan tanıyıram Şahbazı. Təzə evlənmişdi. Körpə bir qızı vardı. Cüssəli, dəliqanlı, qorxmaz və ifrat cəsarətli olsa da, uşaq kimi kövrək ürəyi vardı. Tez-tez redaksiyamıza gələr, mənəvi söhbətlərimizə qulaq asardı. Bəzən qəmli bir əhvalatdan gözləri dolardı. Keçmiş döyüşçü olmuşdu. Ən yaxşı dostlarını da məhz vətənin müdafiəsi zamanı itirmişdi. Haqsızlığa qarşı barışmaz idi. Millətə yönələn hər türlü zalımlığa qarşı dözümsüz olurdu. Nəqliyyat Nazirliyində sürücü işləyən vaxtları idi. Mənə zəng vurdu ki, heç hara getmə, vacib işim var. Gözlədim. Pörtmüş halda içəri girib dedi ki, xəbərin varmı Bakı-Quba yolunun tikintisində ermənilər də işləyir? Əsəbdən əlləri titrəyirdi. Dedim tikinti şirkəti Gürcüstanla şərik qurulub, ola bilsin oranın vətəndaşları olan ermənilərdir, hüquqi cəhətdən qəbahət yoxdur. Qayıtdı ki, nə danışırsan, onlar bizim üstümüzə xoruzlanır, "cəsarətiniz çatmaz bizə bir şey etməyə” deyirlər. Mənə də acıqlanıb "Heç səndən gözləməzdim, səki sən də Qarabağ döyüşçüsüsən, bu nə danışıqdır? Erməni ermənidir. Başımıza o boyda oyun açıblar, üstəlik gəlib burda bizə xox gəlirlər” dedi. Bildirdi ki, bütün bunlardan nazirliyin xəbəri yoxdur, olsa dərhal qovarlar onları. Ertəsi gün müvafiq qurumlara gedib onlara məsələni danışan kimi Şahbazı işdən çıxartdılar. İki-üç gün xəstə kimi gəzdi, özünə yer tapa bilmirdi: "Ayə, gör nə vəziyyətdə yaşayırıq? Kül olub ey başımıza”. 

2005-ci ildə Dilqəmlə ilk dəfə Kəlbəcərə gedəndə onun bu emosionallığı ucbatından xəta çıxacağından çox narahat idim. Lakin qayıtdıqdan sonra Dilqəm söylədi ki, Şahbaz məndən də təmkinli davrandı. Sonra zarafatla belə davam etdi: "Yaxşı yoldaşlığı var, amma ac qalanda adamlıqdan çıxır, həm də yol boyu sualları ilə məni lap çərlətdi. Bir də erməninin 30 metrliyində qorxmayan bu adam uzaqdan gələn çaqqal, canavar səsindən üyüdürdü”. 
İlk səfərdən sonra Şahbaz dəfələrlə mənə dedi ki, onu televiziyaya çıxarım. Razılaşdıq. Az müddət sonra Kəlbəcərdən bəhs edən videoçəkilişi ANS-ə təqdim edib onu "Nəzər nöqtəsi” verilişinə çıxardıq (Girov düşəndən sonra üç dəfə xahiş etsəm də, ANS o verilişi təkrar vermədi, heç internetdə belə yaymadı – S.R.). Verilişdən öncə az qala yalvarıcı tərzdə Şahbaza dedim ki, danışarkən sözlərinə fikir ver, hərbi sirləri açma, ədəbli danış, sənə milyonlar baxacaq. Demək olar ki, xahişimi eşitdi. Lakin verilişin sonunda dedi ki, Kəlbəcər bom-boşdur, 200 nəfərlə oranı alaram, hətta 5 saat Kəlbəcər şəhərində də qala bilərəm, sadəcə müdafiə nazirinin (Səfər Əbiyev nəzərdə tutulur – red.) qeyrəti olsa, dalımca qüvvə göndərər və biz Kəlbəcəri asanlıqla əldə saxlaya bilərik. Verilişdən dərhal sonra Şahbazı həbs etdilər, daha doğrusu oğurladılar. Bir neçə gün ağır işgəncə verdilər. 
1998-ci ildə Dilqəm də ilk səfərdən qayıdanda belə hal olmuşdu. Ona demişdilər sərhədi niyə keçmisən? O da cavab vermişdi ki, hansı sərhədi, mən öz rayonumuza getmişdim, Ermənistana yox. Sonra ona psixoloji təzyiq göstərib demişdilər ki, Kəlbəcərdən gətirdiyin qızılları qoy ortaya, hətta evində axtarış da aparmışdılar. Bundan da bir şey çıxmadığını görüb "Kəlbəcərə-filana getməmisən, göstərdiyin bu şəkillər də saxtadır” demişdilər. Məhz videokamera əldə etmək üçün Dilqəm də Tümenə işləməyə getmişdi ki, pul toplasın. Neçə illər sonra istəyinə çatmış və Şahbazla müntəzəm səfərlərə başlamışdı. Bu igidlərin Kəlbəcər səfəri heç vaxt asan olmurdu. Çox məşəqqətlərdən keçirdilər, çox əziyyət görürdülər, günlərlə ac qalıb yemlik və dağ çiyələyinin ümidinə qalırdılar. Hətta bir dəfə erməni əsgərlərinin diqqətini çəkib qaçmağa da məcbur olmuşdular. Dilqəm qarın nahiyəsindən güllə yarası almışdı. Şahbaz 40 km-dən də artıq məsafəni çiynində daşımalı olmuşdu dostunu. Bu səbəbdən hətta növbəti yayı səfalı məkana gedə bilməmişdilər. Ermənilər hər yay Kəlbəcərə gedən yolları nəzarətə götürürdülər, bütün cığırlara diqqət edirdilər ki, bu yurd sevdalılarını tuta bilsinlər. Lakin onlardan gec – təmas xəttini keçəndən sonra xəbər tuturdular. Hər yay pusquda dururdular, hər yay. 

Və 2014-cü ilin yayında nəhayət ki, yağılar istəyinə çatdı. Tutdular onları, Həsəni isə amansızcasına qətlə yetirdilər. İlk dəfə Şahbaz Quliyevin ermənilər tərəfindən həbs olunmuş şəklini internetdə görəndə sanki dilim tutuldu. Üç nəfər olduqlarını bilirdim. "Elə isə digərləri hanı” düşüncəsi məni rahat buraxmırdı. Təxminən bir həftə özümə yer tapa bilmədim. Nəhayətdə hamınız bildiyiniz məlumatı mən də öyrəndim. Həsənə təəssüfləndim, acıdım. 20 illik fasilədən sonra Kəlbəcər torpağında ilk şəhidimiz oldu Həsən. İndi Dilqəm kimi Şahbaz da doğma Şuşamızın həbsxanasında zillət çəkir. Hər ikisi xəstədir. Dilqəmin hətta yeriməkdə çətinliyi yaranıb. Şahbaz isə o qədər ağır durumdadır ki, iki dəfə cərrahi əməliyyata məruz qalıb. Yalnız məktub daşımaqla məşğul olan Beynəlxalq Qırmızı Xaç Təşkilatı da son günlər onların xəstəxanaya yerləşdirilməsini etiraf etməli olub. 
Şahbazın yolunu bir ana gözləyir – Sənəm ana! Girovlarımız haqqında çəkdiyimiz "Dünya susmasın!” filmində ondan müsahibə alarkən ürəyim parçalandı. Çünki oğlunun Rusiyada olduğunu güman edən bu qadın bütün həqiqətlərdən xəbərsizdir. Şahbaz girov götürüləndən sonra hər gün yuxusunu qarışdıran ana deyib ki, məni aldatmayın, yuxuda onun türmədə olduğunu görürəm. Ürəyi xəstə olan Sənəm xalaya deyirlər ki, bir rusu bərk döydüyünə görə iki il iş veriblər. Ötən ilin noyabrında isə məlum "iki il” başa çatdı. İndi bu qadın gecə-gündüz ailə üzvlərinə suallar yağdırır, oğlunu soraqlayır. Soraq isə gəlmir: nə rəsmi orqanlardan, nə beynəlxalq təşkilatlardan, nə də az qala hər yay Şuşaya gedən Rusiyadakı səfirimiz Polad Bülbüloğludan… Sözardı: Dilqəm Əsgərovun atasını itirdik. Şahbazın anasını isə yaşatmalıyıq. Ona görə yaşatmalıyıq ki, bütün Azərbaycan bu ananı aldadıb, oğlunun durumunu bilmir. Əgər Allah eləməmiş, Şahbaza bir şey olsa, bu ana bizi heç vaxt bağışlamayacaq. Anaya nəsə olsa, yenə də ruhu bizi əfv etməyəcək. Gərək ikisi də yaşasın – bir-birinə qovuşmaq üçün yaşasın... 

Səbuhi RƏHİMLİ

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb