Könül İsmayılova: “İncəsənət gözəl olmalıdır” – MÜSAHİBƏ

15:50 | 05.05.2016
Könül İsmayılova: “İncəsənət gözəl olmalıdır” – MÜSAHİBƏ

Könül İsmayılova: “İncəsənət gözəl olmalıdır” – MÜSAHİBƏ



Rüstəm Qasımov

Uşaqlıqda mərkəzi beyin iflicinə tutulan Könül öz timsalında bir daha sübut edir ki, əgər insan istəsə, məqsədyönlü olsa, həyata nikbin baxsa, böyük müvəffəqiyyətlər qazana və öz arzusunu reallaşdıra bilər. Uşaqlıqdan incəsənətə böyük həvəs göstərən Könülün arzusu rəssam olmaq və rəsm çəkmək idi. Ancaq obyektiv səbəblərdən o bunu gerçəkləşdirə bilmirdi. Ancaq tanınmış azərbaycanlı avanqard rəssam, "EmArtstudio”nun təsisçisi Emin Qəhrəmanov qızın taleyinin dəyişməsində böyük rol oynayıb, onun arzusunu gerçəkləşməsinə töhfə verib. Yalnız güclü iradə, ümid və sevgi Könülə bu uzun, çətin yolu keçməyə kömək edib, bunun sayəsində o uğurlar qazanıb. 

Bu gün artıq Könülün rəsmləri bir çox sərgilərdə nümayiş olunur. Bütün bunlardan savayı, Könül həm də ictimai fəalliyətlə məşğuldur. O, Əlil Qadınlar Birliyində məhdud sağlam yaradıcı gənclər şöbəsinin nümayəndəsidir. Beləliklə, ANN.Az oxucularının diqqətinə istedadlı azərbaycanlı rəssam, Rusiya Müasir İnnovasiyalar Humanitar Akademiyasının (sənətşünaslıq fakültəsi) məzunu Könül İsmayılova ilə müsahibəni təqdim edir.  

- Könül, siz yaradıcı həyatınıza tətbiqi-dekorativ incəsənətlə başlamısınız. Bədii tikmə məşğuliyyəti necə başladı, bugün onunla məşğul olursunuzmu? 

- Uzun müddət özümü necə ifadə edə bilərəm deyə, düşünmüşəm. Kətanda rənglərlə, yağlı boyalarla işləmək mənimçün çox çətin idi. Bizim evdə 50-ci illərin nəşri olan "Evdarlıq” adlı köhnə bir kitab vardı. Orada bədii tikmə işiylə bağlı ayrıca bölüm vardı. Belə qərara gəldim ki, əgər kətanda şəkil çəkməklə özümü ifadə edə bilmirəmsə, onda iynə-sapla özümü ifadə edim. Beləcə mən bu sənət növüylə məşğul olmağa başladım. Bu çox çətin, amma maraqlı iş idi, bir işin ortaya çıxmasına aylar, hətta il sərf oluna bilərdi (gülür).

Bədii tikmə işiylə məşğul olanda, mən bir neçə böyük art-layihədə iştirak etdim, respublika sərgisində, həmçinin Rusiya və Polşada keçirilən festivallara qatıldım, hətta 2010-cu ildə bu nominasiya ən yaxşı gənclərin siyahısına düşdüm. Baxmayaraq ki, artıq beş ildir rəssamlıqla məşğul oluram, amma heç vaxt vaxt tikiş işini atmıram. Studiyada rəsm çəkirəm, evdə isə bədii tikmə ilə məşğul oluram. Fikrimcə, qarşısına qoyduğu məqsədə çatması üçün insan çox çalışmalıdır, mən də öz növbəmdə nə qədər gücüm və imkanım var, məqsədim doğru irəliləyəcəm. 
 


- Sizin rəssamlıqla peşəkar məşğuliyyətiniz Emin Qəhrəmanovun studiyasında başlayıb. Onunla necə tanış oldunuz. Bunu xoşbəxt hadisə adlandıra bilərikmi? 

- Emin Qəhramanovla tanışlığımı həyatımın ən gözəl hadisələrindən adlandırmaq olar, bu təkcə söz yox, əsl həqiqətdir. Deyəcəm niyə! Biz, mən rəssamlığa başlamaq üçün qəti qərar verməmişdən əvvəl tanış olmuşduq. Mən onda ancaq bunu arzulayırdım. Bu o  zaman olmuşdu ki, bütün rəssamların Nizami küçəsində ("Tarqovı”)  balaca emalatxanası və ya qalereyası vardı, burada həmçinin şəkilləri çərçivələrə salırdılar. Mən onda beynəlxalq festivala qatılmaq üçün Moskvaya getməyə hazırlaşırdım və mənə festival işlərini çərçivələtmək üçün çərçivə lazım idi. Bu tikiş üçün mən gündüzlərimi və gecələrimi sərf eləmişdim, o "Türk bazarı” adlanırdı. Səfərə bir gün qalmış işi bitirmişdim, ancaq əgər o çərçivəyə salınmasaydı, heç nəyə yaramazdı. Elə bu vaxt Emin Qəhrəmanov mənim dadıma çatdı. Mən ona vəziyyəti başa saldım, o da dedi narahat olmayım, bir saata hər şey hazır olacaq. Bir saatdan sonra iş çərçivəyə salınmışdı və mən gecə asudə Moskvaya uçdum. Mən bu rəssama çox minnətdar idim, ancaq onun ad-soyadını yalnız bir neçə ildən sonra öyrəndim. Sən demə, bu gözəl insan Emin Qəhrəmanov imiş. 3 il sonra mən harasa tələsə-tələsə gedirdim, birdən bir qız mənim əlimə buklet verdi. Adətən mən onları götürmürəm, ancaq bu dəfə götürdüm. Və yalnız evdə ona baxa bildim, sən demə o, təsviri sənət studiyasının reklamı imiş. Mən ah çəkdim, fikirləşdim ki, mən bunu ancaq arzulaya qalacam. Bu fikirlə mən bukleti atdım...
 


Sosial şəbəkələrdə mən həmişə rəssamların səhifələrini izləyirdim, birdən Emin Qəhrəmanovun səhifəsiylə rastlaşdım. Onun şəkilləri mənə çox qeyri-adi göründü, axı o, avanqard üslubda çəkir. Mən dostluq təklifi göndərdim və ünsiyyət başladı. Mənim rəssam olmaq istədiyimi biləndə, o məni studiyasına dəvət etdi. Mən də dedim ki, sağlamlığıma görə, bu məndə çətin ki, alınsın. Ancaq Emin israr etdi. Və onda mən qərara gəldim! O mənə ümid verdi və mənim dostuma, müəllimimə çevrildi, o mənə gözəl bir dünyanın – rəsm dünyasının gözəlliklərini açdı. Bir müddət əvvəl mən həmin bukleti tapdım və fikirləşdim ki, bu tale imiş. Mənim həyatımda belə möcüzələrdən çoxdur (gülür). 

Braziliyalı yazıçı Paolo Koelyonun "Kimyagər” kitabında belə bir aforizm var: "Əgər sən nəsə bir şeyi həqiqətən istəyirsənsə, bütün kainat arzunun gerçəkləşməsi üçün hərəkətə keçəcək...”

- "EmArtstudio”sındakı fəaliyyətinizdən danışardınız, sizin rəssamlıq bacarıqlarınızın ortaya çıxmasında pedaqoqların rolu nə qədər oldu? 

- Ağır xəstəliyimizə baxmayaraq, mən özümü xoşbəxt və şanslı insan hesab edirəm, boş yerə deməyiblər ki, Allah əgər sənə göz qoyubsa, demək əvəzində sənə verəcək nəyisə var. Bu, mənim həyatımda da baş verdi. Tanrı sadəcə olaraq sənin iradəni sınayır. Bəli, o məni möhkəm sağlamlıqdan məhrum edib, ancaq mənə güclü iradə, zəhmətkeşlik, təmkin, nikbinlik, yaxşılığa inam hissi verib və əlbəttə ki, mənə dəstək olan sevimli insanlar. 

Bütün bu sadaladıqlarım, ailə üzvlərimin, balaca bacımın dəstəyi həyatımda böyük rol oynayıb. 
 


"EmArtstudio”da mən demək olar beş ildi məşğul oluram. Bura mənim rəsm məktəbim, mənim ikinci evimdir, burda hər zaman xoş ovqat, rahatıq tapıram, burda yaradıcı mühit var. Burada mən yaradıcı adamlarla, Azərbaycanın məşhur rəssamlarıyla, heykəltaraşlarıyla tanış olmuşam.

Mənim yaradıcı həyatımda Elçin Bünyatov, Emin Qəhrəmanov, Zöhrab Cabbarov, Rüfət Əskərov, Sadıq Bədəlov kimi pedaqoqlar böyük rol oynayıblar. Pedaqoqlar baxımından mənim bəxtim gətirib, mən onların hər birinə minnətdaram. 

- İlk sərgi rəssamın həyatında əlamətdar hadisə sayılır. Fikirləşirəm ki, siz də istisna deyilsiniz...

- Əlbəttə! Mən ilk sərgimi xatırlayıram. O zamanlar mən əlil qadınlar mərkəzində işləyirdim və məhdud sağlam gənclər şöbəsində koordinator idim. Orada təlimlər, layihələr keçirilirdi, müxtəlif konfranslar təşkil edilirdi, təkcə Azərbaycanda yox, ölkə xaricində də həmçinin. Bir dəfə biz yaradıcı layihə üzərində işləyirdik, regional sərgi hazırlayırdıq və ölkənin hər bir regionundan istedadlı məhdud sağlam gəncləri toplayırdıq. Mən buna qədər belə layihələrdə iştirak etməmişdim, ancaq bu dəfə iştirak etmək qərarına gəldim, çünki çoxlu işim yığılıb qalmışdı. İnsanların, ictimai xadimlərin, jurnalistlərin sənin işlərinin qarşısında durub baxması, çox böyük zövqdür. İlk diplom, ilk çəkilişlər, işlərin barədə məqalələr  - bu insana hədsiz gözəl hisslər yaşadan təəssüratlardı. Bəxtim gətirdi ki, qatıldığım ilk sərgi geniş miqyaslı böyük regional sərgi idi, burada rəssamlar, milli kostyumlarda modelyerlər, heykəltaraşlar, mənim də daxil olduğum tətbiqi-dekorativ incəsənət nümayəndələri iştirak edirdilər. 
 


Sonra çoxlu layihələr, sərgilər, festivallar oldu. Amma mənim ürəyimdəki başqaydı, mən rəssam olmaq və sərgilərdə məhz rəssam kimi çıxış etmək istəyirdim. Xoşbəxtlikdən bu arzum bir neçə il sonra reallaşdı. "EmArtstudio”nın, Mədəniyyət nazirliyi, Azərbaycan Rəssamlıq Akademiyası və Kitab Akademiyasının birgə keçirdiyi ilk böyük sərgidə arzum reallaşdı. Bu sərgi "kitab rəssamların gözündə” adlanırdı, burada mən özümün ilk işlərimi təqdim etmişdim və birinci yerə layiq görülmüşdüm! Mənim arzum bir daha gerçəkləşmişdi. Bu işdə rəssamlıq dünyasına ilk addımlarımı atmaqda mənə kömək edən pedaqoqum, gözəl insan, istedadlı rəssam, təkcə Azərbaycanda deyil, xaricdə də tanınan pedaqoq Elçin Bünyatovun rolu böyük idi. 

- Siz yaradıcılığınızda impressionizm cərəyanına üstünlük verirsiniz. Bu janr sizi niyə belə cəlb edir? Yaradıcı axtarış dövrü necə keçdi? Pedaqoqlar bu məsələdə rol oynadılarmı? 

- İncəsənəti, xüsusilə rəsmi mən uşaqlıqdan sevmişəm. Yadımdadır, mən hələ məktəbdə oxuyanda, rus televiziya kanallarında əfsanəvi rəssamlar barədə sənədli festivallar göstərilirdi. Bu verilişlərdə Klod Mone, Ogyüst Renuar, Kamil Pisarro, Eduard Mane, Edqar Deqa kimi rəssamlardan bəhs edilirdi. Onlar impressionistlər idi, mən ilk baxışdan bu janra vurulmuşdum.  İmpresionizm "təəssürat” sözünə dəqiqliklə uyğun gələn janrdır. Bədii toxuma işində də mən impresionizmə üstünlük verirəm. 
 


Dediyim kimi mənim bir çox məsələlərdə bəxtim gətirib, Elçin Bünyatov, Zöhrab Cabbarov kimi pedaqoqlarım da Azərbaycanın məşhur impressionistləri sayılırlar. Ancaq hər bir rəssamın öz interpritasiyası, üslubu var.

- Sizin rəsmləriniz parlaq, dolğun rəngləriylə seçilir. Belə isti rənglərə müraciət etməyinizin səbəbi nədir? 

- Mən istəyirəm ki, şəkillərimə baxan insanlar onlarda mənim ruhumun rəngini, mehribanlığını, səmimiliyini görsünlər. 

Mənim gözəl pedaqoqum, ruhən mehriban insan Zöhrab Cabbarov deyir ki, rəssam insanlara pozitiv aşılamalıdır və mən onunla razıyam. 

- Hansına daha çox üstünlük verirsiniz: yağlı boyaya, akrilə, pastelə, yoxsa karandaşa?

- Yağlı boya və akrilə. Bəzən posteldə də çəkirəm. 
 


- Ən sevdiyiniz mövzu hansıdır? 

- Əsasən peyzaj və natürmort çəkirəm. Bizim təbiətimizi, dənizi, İçəri Şəhəri çox sevirəm. Payız havası məni çox ilhamlandırır, yağan yağış, yüngül meh, tərpənən yarpaqlar, dənizin səsi, o cümlədən İçəri Şəhərdə gəzintilər – bunlar mənim sevdiyim mövzuladır. Ümumiyyətlə, mənim ilham mənbəyim İçəri Şəhərdir.

Bundan başqa, şəhər tematikası da mənim ürəyimcədir, məsələn, Avropanın huzurlu şəhərlərini çəkmək. Elə bir insan olmaz ki, Avropa şəhərlərinin arxitekturasını bəyənməsin.  

- Rəssam olmağı düşünmək və olmaq yəqin, başqa-başqa şeylərdir? 

- Şübhəsiz ki belədir. Bizim dövrümüzdə demək olar, istənilən şəxs rəssamlığın istənilən texnikasını öyrənə bilər, ancaq bununla belə, rəssamlığa dəxli olmaya da bilər. Bu o demək deyil ki, o həyatını rəssamlığa həsr etməlidir. Rəssam olmurlar, rəssam doğulurlar.  
 


-  Sonda sizə belə bir sual vermək istərdik: Sizin üçün rəssamlıq nədir? Sizcə kimi rəssam adlandırmaq olar? 

- İndiki mərhələdə mən özümü peşəkar saymıram, axı mən indi texnika, üslub, janr axtarışındayam. Məncə həqiqi rəssam – həyatını bu işə sərf edən insandır, öz üslubunu, texnikasını, janrını tapan, özünü rəsmdə ifadə etməyi bacaran insandır. Əsl rəsssam özündən sonra tarixdə nəsə qoymaq iqtidarında olan şəxsdir. 

- Könül, maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə tükənməz enerji, ilham və yaradıcılıq uğurları arzulayırıq. 

- Təşəkkür!

(Fotolar Könül İsmayılovanın arxivindəndir)








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb