"Kredit verilməsində yaş heç zaman meyar ola bilməz" - EKSPERT

16:24 | 22.04.2016

"Kredit verilməsində yaş heç zaman meyar ola bilməz" - EKSPERT

"Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil"

ANN.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasının təqaüdçülərə kreditlər verməyi qadağan etməsini şərh edərkən deyib.
 


İqtisadçı bildirib: "Beynəlxalq praktikada hansısa yaş qrupuna daxil olan şəxslərə kreditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, onun yaşından, peşəsindən asılı olmayaraq, kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib, kredit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçının yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var".

Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb