Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ümumi daxili məhsulda payı 1%-ə çatıb, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bildirib.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Biznes dialoq” panelində çıxış edən Əzizov son illərdə bu sahədə məşğulluğun və biznes subyektlərinin sayının artdığını deyib. O, artımla bağlı konkret rəqəmlər və ÜDM-dəki payın hansı dövrə aid olduğunu açıqlamayıb.
Əzizovun sözlərinə görə, ölkədə mədəni və yaradıcı sənayelər üzrə Milli Təsnifat Sistemi və kino istehsalı xərclərinin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “film cash rebate” mexanizmi tətbiq olunub.
O, Bakıda fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin modelinin regionlarda da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. İcra müddəti və maliyyələşdirmənin həcmi açıqlanmayıb.
Əzizov oyun və mədəniyyət texnologiyaları üzrə inkubasiya proqramlarının, təqaüdlərin, peşəkar hazırlığın və qeyri-hökumət təşkilatlarına qrant dəstəyinin sektorun inkişafına töhfə verdiyini deyib.
N.Təbrizli