Lala Ağayeva: “Rəssam üçün vacib olan fərdiliyini qorumaqdır”MÜSAHİBƏ

15:00 | 06.01.2016
Lala Ağayeva: “Rəssam üçün vacib olan fərdiliyini qorumaqdır” – MÜSAHİBƏ

Lala Ağayeva: “Rəssam üçün vacib olan fərdiliyini qorumaqdır”MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az-ın istedadlı azərbaycanlı rəssam, "LACO” brendiylə tanınan geyim dizayneri, Rəssamlar İttifaqının üzvü Lala Ağayevayla müsahibəsi 

"İstənilən tamaşaçı rəssam üçün ali mükafatdır”


- Lala xanım, rəsm məşğuliyyətiniz necə başladı? Ailənizdə rəssam vardımı? 

- Gəlin belə başlayaq: mən memar ailəsində doğulmuşam. Atam Nəzarət Ağayev 35 il ərzində Lənkəranın baş memarı olub, hazırda isə o, Dövlət Şəhərsalma və memarlıq komitəsində işləyir. O həmişə mənə ilham verib və başlanğıclarda dəstəkləyib. 

Mənim yaradıcı qabiliyyətlərim erkən yaşda özünü göstərməyə başlamışdı. Təqribən 5 yaşım olanda, mən rəssamlıqda ilk addımlarımı atmağa başlamışdım. Mənim istedadımı görən sinif rəhbərim valdeynlərimə uşaqlarının gələcəkdə rəssam olacağını demişdi (gülür). Məncə, pedaqoq o zaman əlamətləri görmüşdü, axı mütəxəssislərdə yaxşı göz olur. 
 


- Beləliklə, siz rəssam olmaq qərarına gəldiniz? 

- Bu çox uzun proses oldu, atam məni çox dəstəklədi, istiqamət verdi. Sonradan mən iki təhsil aldım, texniki və bədii. Azərbaycan pedaqoji universitetin təsviri sənətlər fakültəsini bitirdim. 

- Siz öz ixtisasınıza uyğun iş tapa bildinizmi? 

- Təhsili başa vurduqdan sonra, prorektor mənim keyfiyyətlərimi görüb universitetdə qalıb, kafedrada işləməyimi təklif etdi. Mən buna müsbət cavab verdim. 2005-ci ildən indiyə qədər mən universitetdə işləyirəm. Uşaqları öyrətmək xoşuma gəlir, öz evimdə rəsm dərsləri də verirəm. 

Rəsmə gəldikdə isə, universitetə girəndən sonra mən qərara almışdım ki, özümə istiqamət seçəcəm, öz üslubumu və maneramı yaradacam, bu isə digərlərinkinə bənzəməyəcək. İstəyim odur ki, mənim dəsti-xəttim digərlərinkinə bənzəməsin, çünki köçürmənin əleyhinəyəm. Yaradıcı şəxsiyyət üçün ən vacibi fərdiliyi qorumaqdır. 
 


- Sizin yaradıcı sınaqlarınız necə keçdi? Özünüzün xoşuna gələn öz üslubunuz və maneranızı nə zaman yarada bildiniz? 

- Universitet dövründə biz tematikadan asılı olmayaraq, naturadan çəkirdik. Bu həm natürmort, həm insan və s. ola bilərdi. Demək istədiyim odur ki, hər kəsi eyni cür öyrədirlər, ancaq sonradan hər bir rəssam öz üslubunu özü seçir. Mən isə abstraksionizmi və sürrealizmi seçdim. 

- Siz tez-tez Adəm və Həvvanı, həmçinin müxtəlif rənglərdə almaları çəkirsiniz. Bu süjet sizi niyə belə cəlb edir? Öz fəlsəfənizi bizə açardınız... 

- İş burasındadır ki, mən psixologiya və fəlsəfəni çox sevirəm, onlarla bu gün də məşğul oluram. Çox erkən vaxtlarda dünya filosoflarının kitablarını oxumağa başlamışam. Atam etiraz etmirdi, anama isə bu ideya xoş gəlmirdi. Onun fikrincə, digər qızlar kimi mən də romanlarla, xoşbəxt sonluqlu sevgi macəraları ilə maraqlanmalıydım. Ancaq  psixologiya və fəlsəfə insanı düşünməyə, dünyagörüşünü genişləndirməyə vadar edir. Fridrix Nitsşenin, Ziqmund Freydin, Osvald Şpenqlerin, Deyl Karneginin, Paolo Koelyonun və digərlərinin kitablarını oxumaq xoşuma gəlirdi. Ancaq mənim dünyagörüşümə "Quran” böyük təsir edib, onu oxuyandan sonra məni maraqlandıran suallara cavab tapa bildim. 

Adlarını çəkdiyim ədəbiyyatı oxumaq məni mənən zənginləşdirdi və həyata keçirəcəyim bir çox ideyalar bəxş etdi. Beləliklə də, mənim hər bir rəsmim fəlsəfi mənaya sahibdir. Mən arxasında fikir durmayan şəkil çəkmirəm. Şəkillərimin bir çox süjetlərini mən yuxuda görürəm. 
 



- Bəs siz hansısa şəklin süjetinin formalaşması üçün yuxunu gözləməli olursunuzmu? 

- Bəli. Mən hər gün rəsm çəkmirəm. Rəsmin ortaya çıxması çox çətin və əziyyətli işdir. Ona görə də mən yalnız ilham gələndə çəkirəm. Və sifariş qəbul etmirəm, ancaq öz xoşum üçün çəkirəm. 

- Bəs sizə nə ilham verə bilər? 

- İstənilən şey (gülür). Maraqlı bir insanla söhbət, yeni tanışlıq, hansısa həyati situasiya, maraqlı kitab mütaliə etmək. Mən ilhamı fəlsəfəmə uyğun olan həyat şəraitindən götürürəm. Bir dəfə mən uşaq "İncil”i oxuyurdum, orada mən Adəm və Həvva əhvalatını daha ətraflı, onların cənnətdən qovulması, dünyanın yaranması və s. barədə oxudum. Bu əhvalat mənə elə təsir etdi ki, mən müasir üslubda rəsm seriyası yaratmaq qərarına gəldim, məqsədim isə nə qədər zamanın keçməsindən asılı olmayaraq, insanlara bu əhvalatı unutmamağı çatdırmaq idi. Beləliklə, ortaya 8 iri həcmli işdən ibarət koleksiya çıxdı. 

- Bu kolleksiyanı sizin vizit kartınız adlandırmaq olarmı? 

- Bu həqiqətdir! İş burasındadır ki, şəkillər təkcə mənim zövqümcə olmadı, çox sayda insanın da xoşuna gəldi. İşlərimi almaq istəyən çox sayda sifarişçi məhz "Adəm və Həvva” seriyasından şəkil istəyirdilər. Ancaq onlardan bəzilərini o qədər sevirəm ki, onlardan ayrıla bilmirəm. 
 


- Lala xanım, şəklinizi kimin alması sizin üçün vacibdirmi? 

- Əlbəttə! Mənim hər bir rəsmim övladımdır, onun etibarlı əllərdə olması vacibdir. Onun kimin alacağı ilə daim maraqlanıram, daha doğrusu, kor-koranə kiməsə satmıram. Tez-tez hansısa bir insanın ilk baxışdan şəklə vurulduğu hallar olur, o, rəsmi tərifləyir, xoş sözlər deyir. Bu mənə çox ilham verir. Tamaşaçını sevgisi rəssam üçün ən ali mükafatdır. Ona görə də, nə vaxtki kiminsə şəklimi həqiqətən sevdiyini görəndə, mən ona öz "övladımı” məmnuniyyətlə verirəm. Bu gün mənim rəsmlərim həm şəxsi kolleksiyalarda, həm Azərbaycanda, həm də xaricdə saxlanılır. 

- Lala xanım, siz ilk dəfə qadın geyimləri dizaynı ilə nə vaxtdan və niyə məşğul olmağa başlamısınız? 

- Mən uşaqlıqdan atama çox bağlı olmuşam. O işgüzar adamdır və yaxşı geyinməyi sevir. Ona görə də evimizdəki otaqlardan biri bütünlüklə onun qarderobu kimi ayrılmışdı. Atamın səliqəsi, geyim seçimini necə etməsi, üslubu məni hər zaman heyran edirdi. Atamın çox gözəl zövqü var və bu, irsən mənə də keçib. 

Uşaqlıqda atam tez-tez komandirovkalarda olurdu və qayıdanda bizə müxtəlif hədiyyələr gətirirdi. Mən də uşaqlıqdan yaxşı geyinməyi sevirəm. Mənim qardaşım da belədir, onun da əla zövqü var. Bütün bunlar da mənə öz təsirini göstərib. Rəfiqələrim tez-tez geyim seçimi məsələsində mənə müraciət edirdilər, məsləhət verməyimi istəyirdilər. Və onlar hər dəfə mənim məsləhət və seçimlərimin uğurlu olduğunu deməyə başladılar. 
 


2000-ci ildən mən eskizlər çəkməyə başladım. Bir il sonra isə mənim Lənkəranda modelyer kimi "Fashion night” moda sərgim keçirildi. Mərasim çox əhatəli keçdi, orada bir neçə gecə paltarı da satıldı. Bu mənə ilham verdi və gələcək yaradıcılığa həvəsləndirdi. 

Model əlbisələrinin yaradılması o qədər xoşuma gəldi ki, bütün boş vaxtlarımı dizayn işinə həsr eləməyə başladım. Mən bu prinsiplə işləyirəm: eskizlər çəkirəm, əl işləri yaradıram, dərzi isə tikiş tikir. 

Məni nəyləsə təəccübləndirmək çətindir. Rəsmdə olduğu kimi dizayn işində də köçürməni sevmirəm. Mənə fantaziyanı işə salmaqla orijinal bir şey yaratmaq daha cəlbedici görünür. Ona görə də, geyim məsələsində də öz üslubumu yaratmağı arzulamışam. "LACO” brendi də belə ortaya çıxıb. 

- Lala xanım, Azərbaycan elitasında çoxluq rəsmlərə üstünlük verir, yoxsa brend paltarlara? 

- Məsələn, mən paltarla rəsm arasında müqayisə aparmaq istərdim. Rəsm – dəbdəbədir, insan onsuz da yaşaya bilər, oan görə də onu almaq insanın istəyindən asılıdır. Ancaq geyim məsələsində vəziyyət başqa cürdür. Geyim tələbatı bizə yeni şeylər almağa təhrik edir, axı biz işə, tədbirə, əyləncəyə gedirik. Amma nəsnələrin qiymətləri fərqlidir, hər kəs öz cibinə uyğun davranır. Bir sözlə, müasir insan geyimsiz keçinə bilməz. Maraqlıdır, ancaq zəngin insanlar da seçimlərini şəkillərdən deyil, geyimdən yana edirlər (gülür). 
 


- Lala xanım, siz mədəniyyət tədbirlərinə, rəsm sərgilərinə, moda nümayişlərinə tez-tez qatılırsınız. Sizin tərzinizə baxanda, başa düşürsən ki, siz əsl dizaynersiz, sizin geyimləriniz orijinallığı ilə seçilir... Hansı tərzi daha çox bəyənirsiz? 

- Mənim sərbəst tərzim var. Klassika, yarım-klassika, balaxon, kejual, idman və s. Hər şey gedəcəyim yerdən asılıdır. Tədbir özü nə geymək lazım olduğunu deyir. Ancaq mən çox zaman sərbəst tərzə üstünlük verirəm, özümü bunda daha komfortlu hiss edirəm. Bundan başqa, özüm üçün obrazlar yaratmaq xoşuma gəlir. Mənim tərzim rəssamlıqda olduğu kimi özünəməxsus və tanışdır. Tanışlarım mənim əlbisələrimə baxanda, artıq onun müəllifinin kim olduğunu bilirlər. Beləliklə, quraşdırdığım tərz həyatda tutduğum tərzlə tam uyğunluq təşkil edir. 

- Obıvatellərdən fərqli olaraq, siz peşəkar kimi moda sərgilərinə tez-tez baş çəkirsiniz. Sizə bir mütəxəssis kimi bu tədbirlər nə verir? 

- Belə tədbirlər xüsusilə təzə başlayan gənc dizaynerlər üçün yaxşı mənəvi dəstəkdir. Daha təcrübəli dizaynerlərə qaldıqda isə, burda da moda sərgilərinin əhəmiyyəti böyükdür, məhz bu zaman tamaşaçılara yeni kolleksiyalar və öz əziyyətinin bəhrəsini təqdim etməyə imkan yaranır. Konkret deyim, mənim tanıyanların 60-70%-i məni rəssam kimi tanıyır. Ancaq moda nümayişlərindən sonra 80% insan məni həm rəssam, həm də dizayner kimi tanımağa başlayır. Moda nümayişləri sayəsində biz tamaşaçıları məlumatlandırırıq. 
 


- Xaricdəki moda nümayişlərini nə qədər vaxtdan bir ziyarət edirsiniz? 

- İmkan düşəndə. Mənə maraqlı təkliflər gəlir, əgər hər şey öx axarında getsə, mən xaricə yollanıram, axı orda dünyaca məşhur dizaynerlərlə ünsiyyət qurmaq imkanı olur. 

- Hansı məşhur dizaynerin işlərini daha çox bəyənirsiniz? 

- Məni Dolçe Qabbana, Valentino kimi dünyaca məşhurlar daha çox cəlb edir. Gürcü ustalarının işləri məndə xüsusi maraq yaradır, onlar digərlərindən orijinallıqlarıyla seçilirlər. 

- Digər azərbaycanlı dizaynerlərlə əlaqələriniz varmı? 

- Əlbəttə! Məşhur azərbaycanlı dizaynerlərlə çox yaxşı əlaqələrim var. Məşhur stilist, imicmeyker və şopper Fidan Şıx-Zamanovanın "Dəb ruhları birləşdirir” adlı qeyri-adi layihəsini qeyd etməyə bilmərəm. Fikrimcə, çox yüksək səviyyədə baş tutan tədbirdə nadir istedadlı və ecazkar insanlar iştirak edirdilər, məsələn, Nərgiz Şahbazi, Turan Kərimbəyli, Natəvan Əliyeva, Nadiya Taziyeva, Səbinə Abışeva, Zümrüd Mirzəliyeva və mən (gülür). Mənim məqsədim bu sahədə xoşagəlməz söhbətlərin və rəqabətin olmadığını göstərməkdir, bizi gözəlliyə olan sevgi birləşdirir. 

- Siz özünüzü məlumatla necə təmin edirsiniz? 

- Yeni informasiya əldə etməyin əsas yolu - peşəkar ədəbiyyat oxumaqdır. Məsələn, mən müntəzəm olaraq Azərbaycan geyim tarixi barədə kitablar oxuyuram, burada təkcə milli geyimlər barədə yox, həmçinin milli ornamentlər, naxışlar, bəzəklər, aksessuarlar və s. barədə faydalı məlumatlar tapmaq olur. Məsələn, mən minimalizm tərzində əlbisə tikə bilərəm, ancaq ona orijinallıq vermək üçün naxışlar əlavə etməliyəm. Moda jurnallarını, ədəbiyyatı oxuyanda dərhal yeni ideyalar, variasiyalar yaranır. 
 


- Belə çıxır ki, sizin modellərinizin böyük əksəriyyətini gecə əlbisələri təşkil edir? 

- Təkcə onlar yox. Mən sifariş əsasında gündəlik, kokteyl və gecə əlbisələri hazırlayıram. 

- Bəs aksessuarlar? 

- Aksessuarlara mən daha çox vaxt ayırıram, xüsusilə baş aksessuarlarına. Obodokları mən tanınmış azərbaycanlı dizayner Turan Kərimbəyliyə sifariş verirəm. O yeganə azərbaycanlı modelyerdir ki, onun işlərini mən geyinə bilərəm (gülür). Turan doğurdan da yaradıcı və istedadlı qızdır. Aksessuarların gücü ondadır ki, onlar orijinal obrazlar yaratmağa qadirdirlər. Vacib olan fantaziyadır. 

- Gələcək planlarınızı bizimlə bölüşməzsiz? 

- Hazırda mən öz evimdə işləyirəm, çünki çox istəyirəm öz emalatxanam olsun. Məni dəfələrlə İtaliyaya dəvət ediblər, orada öz studiyamı yaratmağı və işə başlamağı təklif ediblər. Ancaq indi mənim iki möhtəşəm körpəm var, onlara görə gedə bilmirəm. Onlar biraz böyüyənə qədər gözləmək lazımdır (gülür). Bu gün mən rəssamlıq və dizayn işini bir araya yerə yerləşdirə bilirəm, bu məndə alınır, çünki mən öz işimi çox sevirəm. 

- Lala xanım, biz sizə yaradıcı uğurlar və yeni sərgilər arzulayırıq. 

- Təşəkkür!
 




























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb