"Müasir valideyn üçün möhkəm əsaslı tərbiyə üsulunu yaratmaq çox çətindir" - MÜSAHİBƏ

14:41 | 21.01.2015

"Müasir valideyn üçün möhkəm əsaslı tərbiyə üsulunu yaratmaq çox çətindir" - MÜSAHİBƏ

ANN.az oxuculara "Sehrli Xalat” Uşaq İnkişaf Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Ağamoğlanova və ailə psixoloqu Hacıağa Ağamoğlanov ilə  müsahibəni təqdim edir.   

- Azərbaycan valideyni öz uşaqlarını ən çox hansı problemlərə görə mütəxəssislərin, məxsusi olaraq sizin yanınıza gətirir?
 
Kəmalə Ağamoğlanova: - Uşağın hər inkişaf dövründə valideynlər müxtəlif psixoloji problemlərlə  qarşılaşa bilərlər. Erkən yaşlarda ən çox qarşılaşan çətinliklərdən biri uşağın danışıq bacarığının inkişaf etməməsi və Diqqət Çatışmazlığı Sindiromu və Hiperaktivlikdir (DÇSH-red.) Məktəb yaşlı uşaqlarda müşahidə olunan əsas problem isə özlərini həddindən artıq virtual dünyaya həsr etmələri və internet üzərindən ünsiyyətdir. Bunun nəticəsində uşaqlar daha çox içlərinə qapanır və real dünyada olan öz həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Övladları yeniyetmə yaşında olan valideynlər ən çox uşaqlarının onları dinləməməsi, dərslərinə az diqqət yetirməsi, onlarla az ünsiyyət qurmaları, kobud rəftar etmələri və digər problemlərdən şikayət edirlər.

- "Qadjet"lər (ing: gadgets) ciddi problemdirmi? Bu, doğrudanmı uşağın inkişafına və ətraf dünya ilə əlaqəsinə mənfi təsir edir?

Hacıağa Ağamoğlanov: "Qadjet"lərlə çox oynadıqda ciddi problemlər yarada bilər. Valideynlər mütləq uşaqlarının nə qədər və hansı oyunları oynadıqlarına və kiminlə ünsiyyət qurmalarına ciddi nəzarət etməlidirlər.

Ən əsası odur ki, ata-ana uşağın real və virtual dünya arasındakı balansın qorunmasına diqqət yetirməlidir.  

- Bu zərif xətt hardan keçir? Məsələn, balansı götürsək, gün ərzində neçə saat İnternetdə olmaq olar? İki, üç, beş...?   Nəzərə alsaq ki, müasir dünyada valideynlərin həm işdə, həm də evdə işləməkdən başları açılmır. O zaman o xəttin pozulmaması üçün nə etməli?


Hacıağa Ağamoğlanov: - Bu uşağın yaşından, əsəb sisteminin özünəməxsusluğundan və gündəlik rejimdən asılıdır. Məsələn, birinci sinfə gedən 6 yaşlı uşağı götürək. Bu yaşda uşaq yenicə məktəbə gedir və yeni yüklənmələr onda stress yaradır. Onlar üçün gün ərzində bir saatdan artıq oyun oynamaq zərərlidir.  Yuxarı sinif şagirdləri üçün isə gün ərzində 2-3 saat tamamilə uyğundur.

Ən əvvəl onu nəzərdə saxlayaq ki, hər şey fərdidir.  Yaxşı olar ki, valideynlər uşaqlarının ehtiyaclarını və imkanlarını bilsinlər və buna uyğun olaraq da "qadjet”lərdən istifadə üçün vaxt təyin etsinlər.

Valideynlərin ən önəmli vəzifəsi budur ki, onlar uşaqlarının real həyatda – məktəbdə, həyətdə, evdə - rastlaşdığı çətinliklərdən "qaçıb” virtual dünyaya sığınmalarına imkan verməsinlər. Yeri gəlmişkən deyim ki, qadağalar bu kimi hallarda kömək etmir. Qadağa qoyduqda, uşaq böyüklərdən küsür və onlara yadlaşır. Bütün bunların baş verməməsi üçün valideynlər öz övladlarına çətinliklərin öhdəsindən gəlməsində kömək etməli, onlarla daha uzun vaxt keçirtməli, təbiət qoynuna getməli, incəsənətlə tanış etməlidirlər. Bəli, şəxsi nümunə çox önəmlidir. Əgər valideynlər bütün gününü kompüterə, smartfona və ya televizora sərf edirsə, o zaman uşaqdan nə gözləməli?
 
- Gün ərzində uşağın həddindən artıq virtual aləmdə olması, daha çox vaxt sərf etməsi onlara qarşı hansı təhlükəni yaradır?  


Kəmalə Ağamoğlanova: - "Qadjet”lərdən həddindən artıq istifadə fiziki sağlamlığa zərər vura bilər. Məsələn, onurğanın əyilməsi, boyun və beldə ağrılar, gözlərin və qulağın zəifləməsi, baş ağrıları və yuxusuzluq kimi problemlər doğura bilər. Psixoloji durum da ciddi mənfi təsirlərə məruz qalır: oynanılan oyunlardan asılılıq, sosial uyğunlaşma problemi, nevroz və nevroza bənzər hallar.

- Sizin elə bir uşaq xəstəniz olubmu ki, "qadjet”lərlə çox vaxt keçirdiyi üçün psixikası pozulsun?  

Kəmalə Ağamoğlanova: - Ən maraqlısı budur ki, məhz bu tipli problemlərlə bağlı valideynlər bizə müraciət etmirlər. Onlar uşaqlarının uyğunsuz davranışı, dərslərdə pis nəticə göstərməsi ilə bağlı şikayət etsələr də, uşaqlarının "qadjet”lərdən asılılığına nə üçünsə diqqət etmirlər.

- Müasir uşaq ümumi götürülən uşaq anlayışından ciddi fərqlənir. Bəs müasir valideyn ümumi valideyn obrazından nə ilə fərqlənir? Ümumiyyətlə, belə bir müqayisə mövcuddurmu?


Hacıağa Ağamoğlanov: - Sözsüz ki, mövcuddur. Birincisi, informasiya axını bir neçə dəfə artıb. Uşağın necə tərbiyə edilməsi ilə bağlı məlumatlar da  indi həddən artıq çoxdur.  Əgər əvvəllər uşaqların böyüdülməsi üçün yeganə məlumat mənbəsi ailənin yaşlı üzvləri idisə, hazırkı zamanda onların rolunu İnternet üzərinə götürüb. Belə ki, İnternetdə siz çoxlu sayda pedaqoqun məsləhətlərinə rast gələ bilərsiniz. Cavan valideynlər üçün bütün bu məlumat xaosu içində lazım olan məlumatı tapmaq, dayaq nöqtəsi müəyyən etmək və uşaqlarının tərbiyəsi üçün aydın və möhkəm əsaslı tərbiyə üsulunu yaratmaq çox çətindir.

-  İndiki cavan valideynlərin durumunu necə şərh edərdiniz; İnternet sayəsində indiki valideynlər sələflərindən daha təcrübəli və hazırlıqlıdırlar, yoxsa, əksinə, onlar daha gücsüz və hətta bəlkə öz uşağına qarşı daha diqqətsizdirlər?


Hacıağa Ağamoğlanov: - Demək olar ki, indiki valideynin uşağını tərbiyə etməsi üçün imkanları daha çoxdur. Amma bu imkanlardan istifadə etməyi bacarmaq da lazımdır. Bizim uşaq inkişaf mərkəzinə bir-birindən fərqli valideynlər gəlir. Onlar arasında uşağının hərtərəfli inkişafı üçün çalışan valideynlər olduğu kimi, uşağının tərbiyəsi üçün məsuliyyəti dayəyə, pedaqoqa, psixoloqa yükləyənlər də var.  

- Axırıncılar, yəqin daha çoxluq təşkil edir?
   
Hacıağa Ağamoğlanov: - Təəssüf ki, bu belədir.

- Bu kədərlidir. Yəqin ki, bütün bunların nədən qaynaqlandığını hamımız bilirik. Ancaq bu nəyə gətirib çıxarda bilər? Bu tərbiyə üsulu ilə 10-20 il sonra biz necə bir nəsil  ilə qarşılaşacağıq?

Kəmalə Ağamoğlanova: - Cavab vermək çətindir. Ancaq biz indidən "böyük uşaq” fenomeni ilə qarşılaşırıq. Dəqiq ifadə etmək lazımdırsa, belə deyək, insanın 18 yaşı tamam olub və o böyük sayılır. Amma o, öz üzərinə məsuliyyət götürə, öz həyatını müstəqil şəkildə qura və planlaya bilmir. Adətən, bütün bunları onun yerinə valideynləri edir. Məsələn, universitetə düzəldir, iş tapır, evləndirir.  Daha sonra bu uşaqlar real şəkildə böyüyür və başa düşürlər ki, bu onların öz həyatları deyil və həmin andan problemlər ortaya çıxır. Ancaq bu başqa söhbətin mövzusudur...

- Bir çox analar 3 ildən artıq dekretdə qalmır. Hətta elə işləyən qadınlarımız var ki, daha ərkən dayə tutur və körpə uşağını ona həvalə edib iş həyatına başlayır. Bir psixoloq kimi, siz buna necə baxırsıniz?

 
Kəmalə Ağamoğlanova: - Hesab edilir ki, uşağın şəxsiyyətinin və psixikasının inkişafı 6 yaşa kimi ciddi şəkildə formalaşır. Əlbəttə ki, uşağın daim öz anasının yanında böyüməsi ən yaxşı haldır. Çox zaman dayələr valideynlərdən daha az savadlı olurlar. Dayənin tərbiyəsi ilə böyüyən uşaq onun baxışlarının və dəyərlərinin təsiri altına düşür. Bu baxış və dəyərlər isə çox zaman doğma ailədə olanlara uyğun olmur. Dayənin seçdiyi tərbiyə üsulu da daim valideyn tərəfindən nəzarətə götürülə bilmir. Məhz bu səbəbdən, analara məsləhət görərdim ki,  onlar öz uşağı ilə daha çox vaxt keçirsinlər. Çünki uşağın inkişafı və sağlamlığı üçün– xüsusən ilk illərdə -  ananın varlığı və qayğısı daha önəmlidir, nəinki maddi dəyərlər.  
 
-  Yenidən mövzumuza – uşaqların böyüməsi və "qadjet”lərə qayıdaq. Əvvələr uşaqlar cinsi əlaqə haqqında çox gec məlumatlandırılırdılar. Bu işdə hansısa jurnal, "Anatomiya” dərsliyi və digər bu kimi mənbələr çıxış edirdi. İndiki zamanda isə 7 yaşlı uşaq təsadüfən İnternetdə pornoqrafiya ilə qarşılaşa bilər. Bunların fonunda müasir uşağın cinsi tərbiyəsini necə aparmaq lazımdır? Yoxsa, əvvəl-axır biz uşağın bu haqda hər şeyi şəbəkə vasitəsi ilə öyrənəcəyi ilə barışmalıyıq?


Kəmalə Ağamoğlanova: - Bəli, İnternetdə uşaq psixikasına zərbə vuracaq məlumatlar çoxluq təşkil edir. Yenidən vurğulayıram ki, valideynlər bu işdə uşaqlara nəzarət etməlidir. Onun hansı saytlara girdiyi, kiminlə ünsiyyətdə olduğu valideyn tərəfindən nəzarətə götürülməlidir. Valideyn nəzarətini təmin etmək üçün xüsusi proqramlar var. Bu proqramlar vasitəsi ilə valideyn uşağı arzuolunmaz məlumata çıxışını məhdudlaşdıra bilər. Valideyn  kompüter qarşısında uşağın keçirdiyi vaxta limit qoya, İnternetdə baxdığı səhifələrin monitorinqini apara bilər və s.  

Cinsi tərbiyə məsələsinə gəldikdə, hesab edirəm ki, bu məsələ ilə bağlı valideyn özü məşğul olmalıdır. Uşağın öz yaşıdları və ya İnternet vasitəsi ilə bu haqda öyrənməsi arzuolunmazdır.  Bunun üçün xüsusi uşaq kitab və videoları mövcuddur. Yaxşı olar ki, valideynlər o videolara uşaqları ilə birgə baxsınlar. Əlbəttə ki, hər bir yaşda müzakirə edilən müəyyən suallar var. Əgər evdə uşaq körpələrin haradan gəldiyi ilə bağlı sual verirsə, o zaman bu sualın cavabını vermək üçün lap məktəbəqədər yaşdan başlamaq lazımdır.

Həmid Həmidov
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür