M.Ə. Rəsulzadə 1918-1920-ci illər təcrübəsi haqqında

20:57 | 24.01.2019
M.Ə. Rəsulzadə 1918-1920-ci illər təcrübəsi haqqında

M.Ə. Rəsulzadə 1918-1920-ci illər təcrübəsi haqqında


(Cənubi Qafqaz və Baltikyanı ölkələrin "İstiqlal Bəyannamə”lərinin mətninin müqayisəli təhlili)
 
Türkiyədə mühacirətdə olduğu ilk illərdə qələmə aldığı əsərlərdə M.Ə. Rəsulzadə milli hərəkatın obyektiv amillərlə şərtlənən zəif cəhətlərini də göstərir və bunların mövcudluğunu hər şeydən əvvəl Azərbaycan türklərinin milli şüurunun rüşeym halında olması ilə izah edirdi. O, həmçinin vurğulayırdı ki, bu çatışmazlıqlar o zaman təkcə Azərbaycan türkləri üçün deyil, digər Qafqaz xalqları üçün də səciyyəvi idi. Həmin nöqsanları əyani şəkildə nümayiş etdirmək məqsədilə M.Ə. Rəsulzadə "İstiqlal məfkurəsi və gənclik” adlı məqaləsində Cənubi Qafqaz və Baltikyanı xalqların milli hərəkatlarını müqayisə edir. Burada xüsusi maraq doğuran cəhət Azərbaycan və Gürcüstanın "İstiqlal bəyannamələri”lə Estoniyanın eyniadlı sənədinin məzmununun müqayisəli təhlilidir.

M.Ə. Rəsulzadə göstərir ki, 1918-ci ilin aprelində Zaqafqaziya Seymi tərəfindən Cənubi Qafqazın müstəqilliyinin elan olunması regionun xalqları üçün çoxdan gözlənilən xoşbəxt bir hadisə deyil, mövcud durumda qaçılması mümkün olmayan zəruri taktiki gedişdən başqa bir şey deyildi. Daha sonra Məmməd Əmin bəy vurğulayır ki, Seymin dağılmasından sonra 1918-ci ilin mayında Gürcüstan və Azərbaycanın istiqlalının elan olunması da eynilə "zərurətdən doğan ehtiyac” idi. 

Bu fikrinin təsdiqi kimi M.Ə. Rəsulzadə Azərbaycanın "İstiqlal bəyannaməsi”nin müqəddiməsini misal göstərir: "Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları tərəfindən tərkini mucib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qüvayi-məxsusələrinə tərk olunan Zaqafqasiya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayei-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. 

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənub-Şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana dəxi, bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor”. 

Bu sətirləri nəzərdə tutaraq M.Ə. Rəsulzadə yazır: "Bu bəyannamədən aşkar görünür ki, Azərbaycan istiqlalı məəttəssüf ki "öz öhdəsinə buraxılaraq anarxiyaya qərq olmuş” milləti məhv olmaqdan qurtarmaq üçün təvəssül edilmiş bir növ "çarə”dir. "Dövlət” parçalanmış, kritik bir vəziyyət hasil olmuş, gürcülər də getmiş, biz də istər-istəməz özümüzü idarəyə başlamışıq, nə edəlim, müstəqil olmuşuq”. Daha sonra fikrini davam etdirən M.Ə. Rəsulzadə aşağıdakıları söyləyir: "Etiraf etməliyik ki, bu, istiqlalı üçün mücadilə etmiş, hürriyyətinə təşnə bir millətin siyasətçi və inqilabçıları deyil, çökən əəzəmət və səltənətin dəhşətləri və qeyri-müntəzir hadisələrin təsiri ilə sabahkı məsuliyyəti düşünən və mümkün bəraət üçün indidən yüngülləşdirici səbəbləri təmin edən "uzaqgörən” xadimlər tərfindən yazılmışdır”. 

M.Ə. Rəsulzadənin göstərdiyi kimi, eyni qüsurlar Gürcüstan bəyannaməsi üçün də səciyyəvi idi. Daha doğrusu, Azərbaycanın "İstiqlal bəyannaməsinin” müəllifləri gürcülərin həmin nöqsanlarını təqlid eləmişdilər. Çünki Gürcüstan bəyannaməsi də istiqlalı "əhvəni-şər” (daha az ziyan – A.B.) kimi qəbul etmişdir. Gürcü liderləri Rusiyanın bölgədən çəkilməsi səbəbindən Cənubi Qafqazın istiqlalının zərurətdən elan edildiyi, müsəlmanların separatizmi üzündən Gürcüstanın istər-istəməz "müstəqil olmaq çarəsizliyində” qaldığı fikrini təsdiqləmişlər. Beləliklə, Gürcüstan bəyannaməsinin müəllifləri də prokurorun gələcək mümkün ittihamlarına qarşı indidən özlərinə alibi hazırlamışlar. 

Cənubi Qafqaz xalqlarının "İstiqlal bəyannamələri” ilə Baltik millətlərinin analoji aktlarını müqayisə edən M.Ə. Rəsulzadə belə bir qənaətə gəlir ki, Estoniya, Latviya və Litva müstəqilliklərini bəyan edərkən tamam başqa "motiv”ləri əldə rəhbər tutmuşlar. Azərbaycan və Gürcüstandan fərqli olaraq, onlar müstəqilliklərini "gözlənilməz bir hadisə kimi qarşılamamış, hökumətlərini "əhvəni-şər” (daha az ziyan-A.B.) tələqqi etməmişlər”.

Həqiqətən də, 1919-cu il mayın 19-da Estoniya Müəssislər Məclisi tərəfindən qəbul olunmuş "İstiqlal bəyannaməsi”ndə deyilirdi: "Altı aydan bəridir millətimiz istiqlalının müdafiəsi üçün sovet Rusiyasına qarşı hərb edir və dünya millətləri cəmiyyətində özünə yer istəyir. Estoniya özünü Rusiya ilə bağlayan bütün əlaqələri qəti surətdə kəsmək istəyir. Rusiya ilə əlaqədar eston xalqının qəlbində zülm və haqsızlıqlara aid bir çox acılar qalmışdır. Rus çarları... bizi özümüzü idarə etməkdən kənarlaşdırdılar, onlar məmləkətimizə rus məmurları göndərdilər; idarəçiliyi, məktəbi və məhkəməni ruslaşdırdılar. Rus inqilabı da bu vəziyyəti islah etmədi. Rus matros, əsgər və fəhlələrindən ibarət sövet qüvvələri zor gücünə Estoniya Millət Məclisini dağıtdılar və eston ordusunun təşkilinə mane oldular. Brest-Litovsk müqaviləsi ilə onlar Estoniyanı Almaniyaya verdilər. Müttəfiq dövlətlərin zərbəsi altında Almaniya buradan çəkilincə, rus-sovet orduları təkrarən Estoniyanı işğal etdilər. Eston millətinin başına olmazın bəlalar açdılar. İndən belə Estoniya Rusiya ilə heç bir əlaqədə olmaq istəmir və özünü ona bağlayan bütün rabitələrdən əbədi olaraq imtina edir”. 

M.Ə. Rəsulzadə haqlı olaraq vurğulayırdı ki, "Rusiyanın bölgədən gedişi" ilə əlaqədar gözyaşları axıdan Qafqaz xalqlarından fərqli olaraq, eston, latış və litvalılar yaranmış tarixi şansdan istifadə edərək əldə silah azadlıq və müstəqilliklərinin müdafiəsinə qalxdılar. Bolşevik ordusu ilə təkcə bir döyüşdə kiçik Estoniya 15 min hərbçisini itirdi ki, onların da 500-ü yüksək rütbəli zabitlər idi. 

M.Ə. Rəsulzadə Cənubi Qafqaz və Baltik xalqlarının siyasi liderlərinin davranışındakı bu fərqi tamamilə təbii və qanunauyğun sayırdı. Onun fikrincə, bu fərq onunla izah olunurdu ki, Baltik millətləri Cənubi Qafqaz xalqlarından xeyli əvvəl özlərini bir millət olaraq dərk etmiş və milli ideallarını formalaşdırmışdılar. Məsələn, Azərbaycan türklərdən fərqli olaraq, bu xalqlar hələ 1905-ci il hadisələri zamanı milli muxtariyyət tələb edirdilər. Bu səbəbdən də, Baltik xalqları 1917-ci ildə Rusiya imperiyasının süqutunu kifayət qədər yetkin vəziyyətdə qarşıladılar. 

Beləliklə, Cənubi Qafqaz xalqlarının "İstiqlal bəyannamələri” rus inqilabı nəticəsində regionda yaranmış duruma onların məcburi reaksiyasından başqa bir şey deyildi və xeyli dərəcədə özünüqoruma instinktindən irəli gəlirdi. Baltik xalqlarının analoji sənədləri isə çoxdan gözlənilən bir hadisə ilə əlaqədar onların şüurlu şəkildə atdıqları bir addım idi. Təəccüblü deyil ki, Baltik ölkələri o zaman yaranmış fürsətdən yararlanaraq, siyasi məqsəd və milli ideallarını gerçəkləşdirə bildikləri halda, Cənubi Qafqaz xalqları müstəqilliklərini qoruya bilməyərək, yenidən Rusiyanın əsarəti altına düşdülər. 

Bütün bunları qeyd etməklə bərabər, M.Ə. Rəsulzadə, eyni zamanda, pessimizmə qapılmaq üçün ciddi bir əsas görmürdü. O vurğulayırdı ki, Baltik xalqlarının 1905-ci ildə əldə etdiyi təcrübəni, Azərbaycan türkləri yalnız 1918-1919-cu illərdə qazana bildilər. Azərbaycanın istiqlalı ideyasını sonadək gerçəkliyə çevirmək mümkün olmasa da, bu gün həmin qayə Azərbaycan türklərinin düşüncəsində yaşamaqdadır. Və M.Ə. Rəsulzadə əminliklə bildirirdi ki, 1918-1919-cu illər təcrübəsindən yararlanan Azərbaycan gəncliyi ölkənin dövlət müstəqilliyini bərpa edəcək və Estoniyanın "İstiqlal bəyannaməsi”ndən daha mükəmməl müstəqillik aktının müəllifi olacaqdır.
 
Aydın Balayev
(tarix elmləri doktoru) 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM