MOSSAD İranı daxildən silkələyir... – Operativ şərh

21:18 | 31.12.2017
MOSSAD İranı daxildən silkələyir... – Operativ şərh

MOSSAD İranı daxildən silkələyir... – Operativ şərh

İrandakı etirazın arxasında ilk baxışdan sosial narazılığın olduğu görüntüsü var. Ancaq bu həqiqətən elə görüntüyə oxşayır. Yürüşlərdə siyasi şüarlar da səsləndirilir, hətta Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidilir. Demək, məsələ daha ciddidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranda son 3 gündür baş verən və 20-dən çox şəhəri əhatələyən aksiyalarla bağlı deyib. Politoloq bildirib ki, İran təxminən hər 8-10 ildən bir qaynayır, bu ölkədə kiçik və böyük təlatümlər baş verir. Məşhəddən başlayan və digər şəhərlərə yayılan aksiyalara SEPAH-ın müdaxiləsi nəticəsində 2 nəfərin ölməsi xəbərinə diqqət çəkən E.Şahinoğlu kütləvi mitinqlərdə xarici qüvvələrin katalizator rolu oynadığını istisna etməyib:

"İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilən 2 nəfərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirlər. İstisna etmirəm ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var. Əgər İsrail kəşfiyyatı İranın daxilində nüvə çalışmaları aparan alimləri neytrallaşdıra bilibsə, bu ölkənin daxilində narazılıq yaratmaq kimi planı da hərəkətə gətirə bilərdi”.

Politoloq qeyd edib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Buna baxmayaraq, politoloq İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilməyəcəyimizi də vurğulayıb:

"Digər tərəfdən, Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq”.

E.Şahinoğlu İran rejiminin böyük ehtimalla mitinq və yürüşlərin qarşısını alacağını bildirib:

"Ancaq bu hadisələr İran hakimiyyətinə növbəti ciddi mesajdır və yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur”.

Qeyd edək ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyalar İranın 20-dən çox şəhərini əhatələyib. Hakimiyyət qüvvələri ilə toqquşmalarda 2 (bəzi mənbələrdə 3) etirazçının öldürüldüyü bildirilir. Sosial şəbəkədə paylaşılan videodan da görünür ki, aksiyaçılara atəş açılıb.

Qeyri-rəsmi məlumata görə, İranın Ali dini lideri Xamenei Tehrandan gedib.

Aksiyalarla bağlı rəsmi məlumatın çox az olması şayiələrin sürətlə yayılmasına yol açır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb