“NAZ-lifan” Çindən Azərbaycana 270 avtomobil gətirir

12:07 | 30.03.2016
“NAZ-lifan” Çindən Azərbaycana 270 avtomobil gətirir

“NAZ-lifan” Çindən Azərbaycana 270 avtomobil gətirir

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış etdi. Məmurlara səslənən Prezident "Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”,-deyə bildirdi.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Modern.az saytına ölkə başçısının səsləndirdiyi fikirlərdən sonra xeyli sifariş aldıqlarını bildirmiş, tələbin artmasından asılı olmayaraq, zavodun bunun öhdəsindən gələ biləcəyini vurğulamışdı.

Direktor Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol”, Dövlət Neft Şirkəti, "Cahan Holding”ə "NAZ-lifan” avtomobilləri satıldığını açıqlamışdı. 
2016-cı ilin fevral ayında isə zavodun nümayəndə heyəti Çinə səfər edərək ikitərəfli danışıqlar apardı.

Bu gün yerli mətbuatda yayılan məlumatlarda isə NAZ-ın avtomobil istehsalını dayandırdığı bildirilir.

Modern.az saytına açıqlamasında yayılan məlumatlara aydınlıq gətirən M.Abdullayev istehsalın dayandırılması ilə bağlı informasiyaların həqiqətə uyğun olmadığını deyib:

"İşlər hamısı normal qaydada davam edir, yazılanlar isə heç bir əsası olmayan söhbətlərdir. Naxçıvan Avtomobil Zavodunun (NAZ) verdiyi sifarişlər üzrə Çindən göndərilən avtomobillər ölkəmizə gəlmək üzrədir.

500-ə yaxın maşın sifariş verilib, onlardan 270 ədədi hazırdır və Azərbaycana yola salınıb. Onlardan 140 ədədi "820” modelinə, 100 ədədi "X-60” modelinə və 130 ədədi "320” modelinə aiddir. Avtomobillər bu ayın sonu, növbəti ayın əvvəli üçün Azərbaycanda olacaq.
Ayrı-ayrı qurumlardan sifarişlər alınır, təhlil olunur. Daxil olan sifarişlər dəqiqləşdikdən sonra biz də Çinə sifariş veririk”.

M.Abdullayev avtomobillərin qiymətinə də aydınlıq gətirib:

"Zavodun nümayəndə heyətinin Çinə səfəri zamanı avtomobillərin qiymətində ilkin razılaşma əldə edildi. Sadəcə, yol xərcləri tam dəqiq olmadığına görə, konkret rəqəm demək çətindir. Qiymət əsasən daşıyıcı şirkətin müəyyən edəcəyi yol xərclərindən asılı olacaq. Mallar ölkəyə gətirildikdən və rəsmiləşdirildikdən sonra qiymətlər tam bəlli olacaq”.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan” 720,  "NAZ-lifan” 820 (Premium modellər), "NAZ-lifan” 620, "NAZ-lifan” 630 (sedan modellər), "NAZ-lifan” X50 və X60 (SUV), "NAZ-lifan” 320 və 330 (mini) modelləridir.
"NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM