Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.
Nazirlikdən Anews.az-a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin fərmanlarına uyğun olaraq, cari ilin may ayında nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir. Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.
DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.
Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !