Nə üçün biz sonuncu “mogikan”lar olduq? - KÖŞƏ

13:48 | 24.01.2015
Nə üçün biz sonuncu “mogikan”lar olduq? - KÖŞƏ

Nə üçün biz sonuncu “mogikan”lar olduq? - KÖŞƏ

Həmid Həmidov

1991-ci ildə VI sinifdə oxuyurduq. Dəqiq yadımda deyil, ya qış, ya da payız ayları olardı. Bir gün sinif yoldaşlarımızdan birinin atası qəfil rəhmətə getdi. Çox mehriban sinif yoldaşları idik. Bu haqda xəbəri alanda dərsdə idik (o vaxtlar dərslərimiz günün ikinci yarısı keçirilirdi). Xəbəri alan kimi bütün sinif uşaqları yoldaşımızın yasına getməyi və başsağlı verməyi qərara aldı.  Ancaq bizə imkan vermədilər.

O vaxt 10-11 yaşı olan altıncı sinif uşaqlarının hamısı bir nəfər kimi buna etiraz etdi və dərslərə girməkdən imtina edərək "Azadlıq! Azadlıq!” deyə qışqırmağa başladı.
 
Kimin dərsi olması dəqiq xatirimdə deyil. Ancaq müəllim uşaqları sakitləşdirmək üçün nə qədər çalışsa da bacarmadı.
Görəsən, biz o zamanlar böyüklərin çoxminlik mitinqdə etdiklərini nümunə kimi götürüb təkrarlayırdıq? Təbii ki, təkrarlayırdıq.

Ancaq məsələnin mahiyyəti bunda deyil. Məsələ ondadır ki, məktəbin direktorumu, direktor müavinimi və bilmədiyim başqa kimlərsə problemi müzakirə etdilər. Ümumi razılıq belə oldu ki, bizim dərsləri təxirə salsınlar və bizi dostumuza dəstək olmaq üçün onun yanına getməyə  buraxsınlar.

Görəsən onlar bizə - böyüklərin hərəkətlərini yamsılayanlara, cəmiyyətdə baş verənləri təkrarlayanlara elə uşaq kimi yanaşdılar,  yoxsa həqiqətənmi altıncı sinif şagirdlərinin təzyiqinə tab gətirmədilər? Təbii ki, bizə uşaq kimi yanaşmışdılar.

Ancaq mən hələ də məktəb böyüklərinə əsla boyun əyməyəcəyimizlə bağlı bizdə qətiləşən qərarı və inancı yaxşı xatırlayıram. Eyni zamanda indiki düşüncəmlə onu da bilirəm ki, əgər məktəb idarəçisi və ya direktoru istəsəydi bizə "doğru” formada təzyiq edər və bizə boyun əydirərdi.

Ancaq məsələdə elə məhz ordadır ki, bunu etmədilər.

1991-ci il Azadlıq İli idi.  Dağlıq Qarabağ məsələsi çox qızışmış, qanlı 20 yanvar hadisəsinin üstündən cəmi 1 il keçmişdi. Və ardı-arası kəsilməyən mitinqlər – mitinqlər –mitinqlər... Ancaq ən önəmli məqam bizim Azadlıq əldə etməyimizlə bağlı hamının hiss etdiyi inanılmaz duyğular idi. Bu çətinliklə əldə olunmuş azadlıq,  Azad və Demokrat ruhlu insanlar üçün çox-çox önəmli məqam idi.

Biz inanırdıq ki, etiraz yolu ilə qarşıya qoyduğumuz məqsədə çatacağıq. Və çatdıq da.
 
Müəllimlər, o zaman inanırdılar ki, kiçik yaşlı vətəndaşların da  iradəsi ilə hesablaşmaq lazımdır. Və geri çəkildilər.
 
...Yeri gəlmişkən qeyd edim ki, o zaman bizə tarix dərsini demək üçün məşhur Fuad Axundov gəlmişdi. Bu günlərdə o, şəhərdə ekskursiyaların təşkilini həyata keçirdir. O, bizim sovet tarixi dərsliklərini oxumamağımız üçün şərait yaratmışdı. Onun dərslərində heç kim səsini çıxarmır və biz 45 dəqiqə donmuş kimi onun dərsini dinləyirdik.  

Amma ən önəmlisi bu idi ki, 11 yaşlı uşaqlara, birinci dəfə, "siz” deyə müraciət edən bir müəllim ilə qarşılaşmışdıq.  O zamanlar bizim məktəbdə Rəşad Rzaquliyev adlı cavan baş müəllim işləyirdi. O, Axundovla birgə - o zamanların müstəqillik dalğası, söz və toplaşmaq azadlığının yaratdığı ümumi eyforiyanın qoynunda  - məktəbə nəsə yeni bir şey gətirmişdilər. Əfsus ki, onlar məktəbdə çox qalmadılar.

Azadlıq ruhu və demokratiya isə bütün mümkün yarıqlardan keçərək bizə doğru gəlirdi. Əvvəllər rus televiziyalarına özümüzünmüş kimi baxırdıq.  Sonradan bizim öz müstəqil mətbuatımız yarandı.   

Mən "Ayna” qəzetin xatırlayıram. Rauf Talışinskinin "Ayna”sını.  Həftəlik "Ayna” qəzetini böyük məmnuniyyətlə, hətta bəzən gündə təkrarən iki dəfə oxuyurduq. Bu, doğurdan da, tam azad qəzet idi. Çünki hər şey haqqında açıq yazılırdı.

Bu gün bütün bunları yaxşı xatırlayıram. Mən bunları hiss etmişəm. Mən bunları yaşamışam.
 
1984-cü ildə anadan olanların 91-ci ildə 6-7 yaşı var idi. Bu elə bir yaşdı ki, bu yaşda olan uşaq çətin ki, azadlıq, demokratiya, müstəqillik nə olduğunu anlasın.  Daha sonrakı nəsillər haqında isə danışmağa dəyməz. Onlar azadlığın gətirdiyi təmiz havanı uda bilmədilər, çünki onların dərk etmə dövrü sonrakı  illərə təsadüf etdi.  Sonrakı nəsil  artıq müəyyən məhdudiyyətlərin gətirildiyi və illər keçdikcə daha da artan qadağaların dövründə yaşamağa başladılar. Məhz buna görə onlar mahiyyətcə,  nəyisə müqayisə edə bilmir və deməli,  mətbuatda gizli və ya ümumiyyətlə, qadağaların olub-olmamasına görə narahatlıqlarını əsaslandıra bilmirlər.   
 
O zamanların  8-9-10-11 yaşlı uşaqları və nisbətən böyüklər azadlığın ruhunu duyurdular. Tam mənası ilə də olmasa, öz səviyyələrinə, öz dünyalarına  uyğun... Boyunduruqdan, ən xırda məsələlərlə bağlı qadağalardan narahatlıq nümayiş etdirirdilər. Necə ki, biz öz sinif yoldaşımızın atasının ölümündə onun yanında olmaq istəyirdik, amma qadağa qoyurdular.  

Ən xırda məsələlərdə qalibiyyət əldə edən bu uşaqlar hər gün böyüklərdən eşitdikləri "Azadlıq, demokratiya” terminlərini öz dünyalarına, öz həyatlarına tətbiq etdikcə daha mübariz olur, daha inadcıllıq göstərirdilər. Bu hisslərlə böyüyür, hər dəfə azadlığın, demokratiyanın dadını daddıqca daha onsuz  yaşamaq istəməyəcəyimizi dərk edirdik.

Bəli, o dövrlərin azadlıq və həqiqi demokratiyasının  Xalq Cəbhəsindən olan insanların  hakmiyyətə gəlməsi ilə əlaqəsi yoxdur. Həmin o mütləq qısa zaman kəsiyində senzurasız və azad olan mətbuatın hakimiyyətlə əlaqəsi olmadığı kimi. Bütün bunlar, o dövrlərdə ölkəmizdə baş verən tarixi proseslərlə bağlı idi. Müstəqilliyin üfüqdə göründüyü anlarda isə bu kimi proseslər qaçılmaz olur.

Təəsüff ki, bunlar tez bir zamanda bitdi. Təhqir, ağrı və kəskin çatışmazlıq hissi isə çox uzun illərdir insanlarda yaşamağa davam edir.  

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM