“Neft bahalaşsa, yenidən manatın devalvasiyası olmayacaq”

17:11 | 04.03.2015
“Neft bahalaşsa, yenidən manatın devalvasiyası olmayacaq”

“Neft bahalaşsa, yenidən manatın devalvasiyası olmayacaq”

Dünya bazarlarında neftin qiymətlərinin sabitləşməsi Azərbaycan Mərkəzi Bankına (AMB) manatın gələcək devalvasiyasını dayandırmağa imkan verəcək.
 
ANN.Az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, "Saxo Bank”ın valyuta strategiyaları şöbəsinin rəhbəri Con C. Hardi belə hesab edir.

Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/1 dollara qarşı 33,5% - 1,05 manat/1 dolara qədər ucuzlaşıb.

"Mənim fikrimcə, əgər neftin qiymətləri sabitləşsə, Azərbaycan Mərkəzi Bankı neftin qiymətlərinə miqyaslı şəkildə yenidən baxılmasının cari konteksti nəzərə alınmaqla, valyutanın dəyərini təkrar gözdən keçirməməyə üstünlük verəcək. Manatın məzənnəsinin təkrar nəzərdən keçirilməsi üzrə gələcək fəaliyyət etimadı sarsıda və aktivləri denominasiya olunmuş manatda saxlamaq istəyini məhdudlaşdıra bilər”,- deyə C.Hardi bildirib.

Onun sözlərinə görə, manatın devalvasiyası iqtisadiyyatın, o cümlədən bank sektorunun dollarlaşmasının güclənməsinə gətirib çıxardı. "Başa düşmək lazımdır ki, bazarda baş verənlərdən sonra vəsaitlərin manatla deyil, ABŞ dollarında saxlanmasına üstünlük veriləcək. Bu tendensiya enerji daşıyıcılarının qiymətlərinin əlavə təzyiq altına düşməsi ilə daha aydın nəzərə çarpacaq”, - deyə o əlavə edib.

C.Hardi reytinq agentliklərinin manatın devalvasiyası ilə bağlı reaksiyasını izləməyi vacib hesab edir. "İqtisadi artıma gəlincə, manatın devalvasiyası Azərbaycanın əsas ixrac vahidinin - xam neftin devalvasiyasını əks etdirdi və məhz bu, milli valyutanın qiymətdən düşməsi ilə müqayisədə ölkədə iqtisadi artıma daha çox təsir göstərəcək”,- deyə o qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM