Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır

15:43 | 18.04.2016
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır

Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır

"OPEC"-ə üzv ölkələr Qətərin paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması” ilə bağlı razılığa gəlməyiblər.

Doha şəhərində razılığın əldə olunmaması neftin qiymətinin kəskin düşməsinə səbəb olacaqmı?

ANN.Az xəbər verir ki, iqtisadçı ekspertlər Doha görüşündə neft ölkələrinin razılığa gələ bilməməsindən sonra neft qiymətlərinin dəyişib-dəyişməyəcəyini bu cür şərh etdilər.

"Doha görüşündə razılığın əldə edilməməsi neftin qiymətinə təsir etməyəcək” – Oqtay Haqverdiyev
 


İqtisadçı Oqtay Haqverdiyev neftin qiymətinin 40 dollar ətrafında olacağını, qiymətlərin kəskin dəyişməyəcəyini vurğuladı: "Neftin qiymətində əsaslı dəyişiklik olmayacaq. Hazırda neftin qiyməti 40 dollardı. Qiymət bu səviyyədə də qalacaq. İnkişafın özünün yazılmamış qanunları var. Ümumiyyətlə, dünya iqtisadiyyatına baxdıqda görünür ki, iqtisadiyyat özü – özünü balanslaşdırır. Qiymətlər nə ABŞ-dan, nə də Rusiyadan asılıdır. Bütün istehsal sahələrində olduğu kimi qiymətlərin artıb – azalması bir növ balanslaşma siyasətinin aparılması ilə əlaqədardır. Ola bilsin, neftin qiyməti 50 dollara qalxsın və ya 30 dollara düşsün, ancaq qiymət yenə 40 dollar ətrafında dövr edəcək. Ancaq Doha görüşünün nəticəsinin neftin qiyməti ilə əlaqələndirmək olmaz. Heç də ondan asılı deyil. Çünki  o, ölkələrin hər birinin siyasi ambisiyaları var. Onlar oturub hesablamalar aparmırlar, bu mənə xeyirlidi, ya zərərlidir. Səudiyyə Ərəbistanı görüşdə bildirdi ki, İran iştirak etmirsə, mən də imzalamıram. Yəni burda artıq siyasi söhbət gedir, iqtisadi məsələlələr sonraı planlardadı”.     

Azərbaycanın neft hasilatının azaltmasına gəlincə, ekspert bu azalmanın ölkədəki problemlərlə əlaqələndirdi: "Biz azalmanı o, ölkələrin xətrinə etməmişik ki? Neft sahəsində olan ehtiyat bazanın azalması, texnika və.b  səbəblər hasilatın azalmasına öz təsirini göstərir. Hər kəs istərdi ki, neftin qiyməti artsın, ancaq bu bizdən asılı deyil. Buna görə də, Azərbaycanın iclasda hasilatı azaldaq, ya da artıraq deməsi, o qədər də təsirli olmazdı. Dünya bazarında Azərbaycan neftinin oynadığı rol heç bir faizə çatmır. Bu söhbətləri çox şişirdirlər. Elə bilirlər dünya bazarını neftlə biz təmin edirik”.

Neft qiymətləri nə qədər ucuzlaşacaq? – İlham Şaban
 


İqtisadçı ekspert İlham Şaban neftin qiymətinin çox ucuzlaşmayacağını pronozlaşdırır: "Bu gün "Brent” markalı neftin ən aşağı qiyməti 40.16 dollar olub. Hazırda isə 41.13 dollardır. Reallıq onu göstərir ki, Doha görüşü ərəfəsində neftin 45-ə qədər artması "bazarın qızdırılması" effekti idi. Hazırda neftin real qiyməti bərqərar olur. Bu da 40 dollar ətrafında olan bir göstəricidir”.

"Neftin yanvardakı kimi 30 dollara qədər ucuzlaşmasına inanmıram. Bunun iki obyektiv səbəbi var: Birincisi, dünyada neft hasilatı Doha görüşünün nəticələrini gözləmədən azalmağa başlayıb, istər OPEC ölkələri üzrə olsun, istərsə də qeyri-OPEC ölkələri üzrə. İkincisi, baxmayaraq ki, İran neft ixracatını artırmaqla bağlı bəyanatlar yayır, əslində həmin neftin həcminin tərkibində kifayət qədər kondensat həcmi var ki, əvvəllər də bazara çıxarılırdı. Yəni İranın dünya bazarına təsir edəcək imkanları əslində şişirdilib”. – deyə İ.Şaban bildirdi.

"Səudiyyə Ərəbistanı yenə danışıqları pozdu” – Fikrət Yusifov
 


Sabiq Maliyyə naziri Fikrət Yusifov neftin qiymətləri ilə bağlı danışıqların nəticəsiz qaldığını dedi: "OPEC və Rusiya başda olmaqla neft hasil edən ölkələrin təqribən son bir il ərzində neft qiymətlərini sabitləşdirmək məqsədilə hasilatı azaltmaq barədə danışıqları nəticəsiz qalır. Əvvəlcədən nəzərdə tutulmuş bu görüşlər, bəzən hansısa səbəbdən baş tutmur, bəzən də danışıqlar hər hansı bir razılıq əldə olunmadan yekunlaşır. Məsələyə bir qədər dərindən yanaşılsa, bütün bu proseslərin nə qədər siyasi xarakter daşıdığı tam aydınlığı ilə ortaya çıxır. Hər dəfə bu danışıqlar OPEC-in əsas söz sahibi, ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi, Səudiyyə Ərəbistanı tərəfindən bu və ya digər bəhanələrlə pozulur. Aprelin 17-də də eyni hadisə baş verdi. Səudiyyə Ərəbistanı heç nədən, görüşdə neft hasil edən digər OPEC ölkələrinin də iştirakının vacibliyini bəhanə gətirərək danışıqları pozdu”.

"Halbuki, hər kəsə, o cümlədən Səudiyyə Ərəbistanına da əvvəlcədən bu görüşdə hansı ölkələrin iştirak edəcəyi bəlli idi. İran isə neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə - yəni gündəlik 4 milyon barrelə çatdırdıqdan sonra onu artırmayacağı barədə öhdəlik götürdüyündən, bu görüşdə iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Əgər bu görüşün iştirakçılarının azlığı hansısa bir tərəfi qane etmirdisə, buna əvvəlcədən münasibət bildirmək olmazdımı? Bu səbəbdən danışıqlar pozulacaqdısa, onda Dohaya yığışmağın nə mənası var idi? Deməli, neftin qiymətlərinin siyasi motivlərinin yekunlaşmağa doğru getməsi barədə səslənən fikirlər hələ ki, real deyil. Real olan isə odur ki, qiymətlər ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir. OPEC-in üzvü olan ölkələrin və digər neft ölkələrinin iştirakı ilə dünənki görüş də bu həqiqəti bir daha təsdiq etdi”, – deyə F.Yusifov bildirdi.  

Qeyd edək ki, OPEC-ə üzv ölkələrin eyni formatda növbəti görüşü cari ilin iyununda keçiriləcək.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb