Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !