Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Azərbaycan elektrik enerjisi potensialından süni intellekt və məlumat mərkəzlərinin inkişafı üçün istifadə etmək məqsədilə yeni ötürmə xətləri üzərində işləyir və mövcud şəbəkəni genişləndirir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
“Bu potensialı iki istiqamətdə dəyərləndiririk: ölkə daxilində süni intellekt və məlumat mərkəzləri üçün maksimum istifadə etmək və elektrik enerjisini ixrac etmək. Ötürmə xətlərimiz var, amma onlar kifayət etmir. İndi yeni ötürmə xətləri üzərində işləyirik, mövcud olanları genişləndiririk”, - Əliyev deyib.
Onun sözlərinə görə, hökumət elektrik enerjisi istehsalında təbii qaz sərfiyyatını minimuma endirməyi və azad olunan qaz həcmlərini ixraca yönəltməyi planlaşdırır.
Prezident bildirib ki, Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat qiymətləndirilir, quruda isə günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir.
“Yaxın beş ildə bərpa olunan enerji Azərbaycanın hər yerində olacaq”, - Əliyev bildirib.
O həmçinin mədənçıxarma sektorunun inkişafı üzrə dördillik Dövlət Proqramının qəbul edildiyini və proqramın bu sahədə fəaliyyəti əhəmiyyətli dərəcədə artıracağını deyib.
Əliyevin sözlərinə görə, Azərbaycan son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb edib və bunun təxminən yarısını birbaşa investisiyalar təşkil edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox