Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Mirziyoyev məktubunda İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb.
Özbəkistan Prezidenti Azərbaycanın əldə etdiyi Zəfəri yüksək qiymətləndirib. O, bunu İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, diplomatik və hərbi potensialının səfərbər edilməsi, eləcə də Azərbaycan xalqının qəhrəmanlığı və mətanəti ilə əlaqələndirib.
Mirziyoyev qeyd edib ki, Zəfər Günü Azərbaycanın sülh, sabitlik və davamlı tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcək.
O, bu il Bakı, Daşkənd və Buxarada İlham Əliyevlə keçirilən görüşləri və əldə olunan razılaşmaları iki ölkə arasındakı çoxşaxəli münasibətlərdə yeni səhifə kimi qiymətləndirib.
Özbəkistan Prezidenti xüsusilə Əbədi Dostluq haqqında Müqavilənin imzalanmasını Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm addım adlandırıb.
Mirziyoyev əmin olduğunu bildirib ki, iki ölkə arasında qarşılıqlı faydalı və uzunmüddətli münasibətlər gələcəkdə də inkişaf edəcək.
O, məktubunun sonunda İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti və dövlət fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıb.























