Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır

Litva Orta Dəhlizin inkişafı və Azərbaycana Avropa investisiyalarının cəlbini dəstəkləyir. Bunu Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji ölkədir və regionda enerji, nəqliyyat-logistika sahələrində mühüm rol oynayır.
Nazirin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək, ölkəyə investisiyalar cəlb etmək və Orta Dəhlizin inkişafını sürətləndirməkdə maraqlıdır.
Budris qeyd edib ki, Litva Rusiyadan yan keçməklə yükdaşımaların Orta Dəhliz vasitəsilə həyata keçirilməsini dəstəkləyir. Onun fikrincə, bunun üçün infrastruktur layihələrinə investisiyaların artırılması və Avropa daxilində şimal-cənub nəqliyyat bağlantılarının inkişafı vacibdir.
O əlavə edib ki, Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik etməsi Azərbaycanla əməkdaşlığın genişləndirilməsi məsələsinin İttifaqın gündəliyində irəli aparılması üçün imkan yaradacaq.
Nazir həmçinin bildirib ki, Avropa İttifaqının növbəti yeddiillik büdcəsi çərçivəsində “Qlobal Avropa” proqramında regionun prioritet istiqamətlərdən biri kimi nəzərə alınması vacibdir.
Budris Orta Dəhliz üzrə yükdaşımaların sürətləndirilməsinin əhəmiyyətini vurğulayaraq, hazırda kənd təsərrüfatı məhsullarının daşınmasının çox vaxt apardığını və bu prosesin optimallaşdırılmasına ehtiyac olduğunu bildirib.

























