Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

Litva Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir. Bunu Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması münasibətlərin yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, əldə olunan siyasi dinamika həm ikitərəfli münasibətlərin, həm də Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün istifadə olunmalıdır.
Budris Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən, Avropaya nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsində mühüm rol oynayan ölkə olduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan müstəqil və özünə güvənən dövlət kimi Avropa ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub.
Nazir əlavə edib ki, hazırda iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi və humanitar əlaqələr də intensivləşir. Bu çərçivədə tələbə mübadiləsi, biznes əlaqələrinin təşviqi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində iş aparılır.
Budris Litva şirkətlərinin Azərbaycanda investisiya yatırdığını, həmçinin regionda, xüsusilə enerji və nəqliyyat-logistika sahələrində yeni imkanları araşdırdığını diqqətə çatdırıb.
O, Litvanın Azərbaycanla əməkdaşlığın konkret nəticələrə çevrilməsində maraqlı olduğunu bildirib.

























