İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də əsaslı yenidənqurmadan sonra Xankəndi Şəhər Stadionunun açılışında iştirak edib.
Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə yenidən qurulmağa başlanılıb. Stadion əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb. Yenidənqurma işləri çərçivəsində onun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.
Stadionun ümumi tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Ölçüləri 105x68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında 100 metrlik, eləcə də 200 metrdən 10 000 metrədək məsafələrə qaçış, maneələrlə qaçış və uzununa tullanma zonalarını əhatə edən atletika infrastrukturu yaradılıb.
Stadionda futbolçular, texniki heyət, hakimlər, məşqçilər və media nümayəndələri üçün otaqlar, konfrans zalı və tibb məntəqəsi də fəaliyyət göstərəcək.
























