Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Şahbaz Şərif Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə İlham Əliyevi təbrik edib.
Şahbaz Şərif Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində xalqın göstərdiyi şücaət, milli birlik və iradəni vurğulayıb.
O bildirib ki, Azərbaycan tarixi Zəfərinin nəticələrindən istifadə edərək bərpa və yenidənqurma, inkişaf və əhalinin rifahının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Pakistanın Baş naziri Azərbaycan-Pakistan münasibətlərinin qarşılıqlı etimad, ortaq dəyərlər və qardaşlıq əlaqələri üzərində qurulduğunu qeyd edib.
Şahbaz Şərif iki ölkə arasında xüsusi münasibətlərin güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə sadiq olduqlarını bildirib.
O, İlham Əliyevin qarşılıqlı razılaşdırılmış tarixdə Pakistana səfərini səbirsizliklə gözlədiyini deyib.
Şahbaz Şərif səfərin ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, həmçinin strateji və iqtisadi tərəfdaşlığı daha da gücləndirmək üçün imkan yaradacağına əminliyini ifadə edib.
Məktubun sonunda Pakistanın Baş naziri İlham Əliyevə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıb.
























