Hərbi xidmətdə olmuş istənilən Azərbaycan kişisindən əsgərlik xatirələrini soruşsan, sənə komandirinin adından tutmuş, əsgər yoldaşları ilə bağlı xatirələrinə kimi danışar.
Lap o vaxtdan 20-30 il keçsə də…
Amma nədənsə, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əsgərlikdə olduğunu "unudub”. Təsəvvür edirsiniz?
Bakıda "Gelandawagen”lə dəhşətli qəza törədən, iki nəfərin ölümünə səbəb olan məmur nəvəsi məhkəmədə anket məlumatlarını dəqiqləşdirən zaman açıqlayıb ki, əyninə əsgər forması geyinib, hərbi xidmətə yollanmayıb.
Bunu ötən gün məhkəmədə iştirak edən jurnalistlər də eşidiblər və çalışdıqları mətbu orqanlarda da yayımlayıblar.
Əsgərlikdə olan hər kəs vətənə borcunu yerinə yetirdiyi üçün fəxr edir. Geriyə xatirələr qalsın deyə, imkan olduqca bolluca hərbi formada şəkillər də çəkdirir, bunu hətta sosial şəbəkədə də paylaşır. Amma mən Nailin istər "facebook”, istərsə də "instagram” hesabında bir dənə də olsa hərbi formada şəkilinə rast gəlmədim.
Məncə, xəbər yayılmalıydı ki, Nail qəzadan sonra yaddaşını itirib. Və buna görə də məhkəmədə əsgərlikdə olduğunu xatırlamayıb. Fikrimcə, bu, daha inandırıcı olardı.
Hə, Nail ötən gün məhkəmədə daha bir yalan danışaraq, işləmədiyini deyib. Bəs, girişi məcburi köçkünə verilən aylıq 36 manat müavinət dəyərində olan "Soho” gecə klubu kimindir? Bəlkə oranın qazancı məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa xərclənirdi, xəbərimiz yoxdu?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !