"Qarabağ" bu gün "Nant"la qarşılaşacaq

14:02 | 15.09.2022

"Qarabağ" bu gün "Nant"la qarşılaşacaq

Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.

 

G qrupunda çıxış edən Azərbaycan təmsilçisi "Qarabağ” Fransanın "Nant” klubunu qəbul edəcək.


İlk turda "Qarabağ” Almaniyanın "Frayburq” klubuna 1:2 hesabı ilə məğlub olub. Eyni qrupda çıxış edən digər komandalardan "Nant”(Fransa) isə "Olimpiakos”(Yunanıstan) üzərində 2:1 hesablı qələbə çalıb.


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransanın "Nant” komandasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

O, çıxışı zamanı Allahdan şəhidlərə rəhmət diləyib.


"Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin və onların ailələrinə səbr versin", - Qurbanov deyib.


50 yaşlı mütəxəssis zədəli futbolçularından bəhs edib.


"Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynovun ümumi durumu isə pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq".


Qurbanov ölkədə baş verənlərlə bağlı çətin də olsa komandasını görüşə tam hazırlamalı olduğunu deyib.


"Biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdiyimizi xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız geri qayıdıb. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barədə oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. İşimiz çətin olsa da, komandanı görüşə tam hazırlamalıyıq", - Qurban Qurbanov deyib.


Təcrübəli baş məşqçi rəqibin statistikası barədə məlumatlı olduğunu bildirib.

"Onların ötən mövsüm Fransa Kubokunu qazanması təsadüf deyil. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Bunu özümüzü sığortalamaq üçün demirəm. Bütün komandalarda hansısa zəif nöqtələr olur", - Qurbanov şənbə günü mətbuat konfransında bildirib.


Qurban Qurbanov son olaraq Fransa təmsilçisinin bütün futbolçularının yaxşı səviyyədə olduğunu deyib.

 

"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik".


Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare isə oyundan öncə mətbuat konfransında yaxşı komanda olduqlarını sübut etməyə çalışacaqlarını bildirib.


"Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar”, - Antuan Kombuare deyib.


Kombuare "Qarabağ”ın oyunlarından xəbərdar olduqlarını deyib.

"Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq", - "Nant”ın baş məşqçisi bildirib.


Fransalı baş məşqçi futbolçuların durumunun yaxşı olduğunu söyləyib.


"Buraya oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq".

 

 

Mütəxəssis yorğunluğun komanda üçün bəhanə olmayacağını diqqətə çatdırıb.


"Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü qoymalıyıq”, - Antuan Kombuare çərşənbə günü mətbuat konfransında deyib.


"Nant" klubunun Malili müdafiəçisi Şarl Traore zədə səbəbindən Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyunu buraxacaq.

 

"Qarabağ”ın heyətində isə Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina bu qarşılaşmanı buraxacaq. Bədavi Hüseynovun isə oyuna çıxıb-çıxmamağı dəqiq deyil.


"Qarabağ”la "Nant” arasındakı oyun bu gün saat 20:45-də Tofiq Bərəmov adına Respublika stadionunda keçiriləcək. Oyunu Albaniyalı referi Enea Jorgji idarə edəcək.

 

 

Sadiq Cavadov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb