Qrem Qrin: “Edjuer-Rouddakı unudulmuş kinoteatr” - E-kitab

20:08 | 08.08.2014
Qrem Qrin: “Edjuer-Rouddakı unudulmuş kinoteatr” - E-kitab

Qrem Qrin: “Edjuer-Rouddakı unudulmuş kinoteatr” - E-kitab

Şükür Şənolun tərcüməsində “Edjuer-Rouddakı unudulmuş kinoteatr” hekayəsini təqdim edirik.

 

Tərcüməçidən: QREM QRİN (1904-1991) – ingilis yasıçısı. “İşin mahiyyəti” (1948), “Sakit amerikalı” (1955), “Komiklər” (1966), “Fəxri konsul” (1973), “Cənab Kixot” (1982), “Kapitan və düşmən”  (1988) kimi kanonları “ciddi” romanların müəllifidir. Qrem Qrin həm də detektiv janrının məşhurları arasında çox haqlı olaraq yer alır. Yazıçının oxucunu “özünə cəlb edən”, “fikrini dağıdan” romanlarında – “Vəkil edilmiş şəxs” (1939), “Qorxu təsisatı” (1943), “Bizim adam Havanada” (1958) və s. – bu janra məxsus bütün əsas qəbul edilmiş qaydalar, forma və üslub var: kəskin süjet xətti, təhkiyə, cinayətlə bağlı sirlərin açılması, təhlükədə və ekstremal vəsiyyətdə obrazların ruhi aləmlərinin incə psixoloji analizi. Yasıçının bu keyfiyyətdə əsərlərindən biri də “Edjuer-Rouddakı unudulmuş kinoteatr” hekayəsidir. Bu əsər Xorxe Luis Borxesin tərtib etdiyi detektiv hekayələr antalogiyasına daxil edilib. Borxesin bu janr haqqında qənaətləri də böyük maraq doğurur. Dünyaca ünlü yasıçının fikrincə, hazırda ədəbiyyatın səmti xaosa tərəfdir; süjet xətti, qəhrəmanlar aradan qaldırılır, yox edilir, hər şey bir-birindən seçilməyən mihitdə əriyir. Məhz, belə xaotik bir zamanda təvazökar, sadə bir janr var ki, böyük səy və cəhdlə klassik ənənələri qorumağa çalışır. Bu, detektivdir. Borxesə görə, detektiv nizamsız və intizamsız epoxada nizama, intizama, düzənə dəvət edir. Borxes yazır ki, bu örnəyə belə sadiqlik tərifəlayiqdir. Və detektiv tamamılə buna haqq edir.

 

Mənə elə gəlir ki, Borxesin bu fikirlərinin təsiri altında Qrem Qrinin adı çəkilən hekayəsini tərcümə etdim. Həqiqətən də, hər şey Borxesin düşündüyü kimidirmi?..

                                                                                                               

"Edjuer-Rouddakı unudulmuş kinoteatr"

Hekayə

                                                  

 

Narın və seyrək yay yağışı altında Kreyven Axillesin heykəlinin yanından ötüb keçdi. Küçə işıqları yenicə yanmasına baxmayaraq, avtomobillər artıq Marbl-Arça qədər bütöv bir zəncir kimi düzülmüşdü. Yəhudilərin sərt, tamahkar üzü avtomobillərin pəncərəsindən aydın görünürdü. Onlar hər hansı bir mümkün vəziyyətdə şənlənməyə hazır idilər. Yaxınlıqdan keçən bürüncəyinin yaxasını yuxarı qaldıran kinli və qəzəbli Kreyvenin əhvalının xarab olduğu bir gün idi.

 

Parka qədər yolboyu onu ehtiras dolu düşüncələr tərk etmədi. Lakin, o yaxşı bilirdi kı, sevmək hələ hər şey demək deyil, bunun üçün pul da zəruridir. Kasıb oldun, sənə yalnız həsrət çəkmək qalır. Coşğun sevgi həyatı yaşamaq üçün bahalı paltarın, avtomobilin, uyğun mənzilin ya da oteldə yer almaq imkanın olmalıdır, sevgi əlçatmaz və təkəbbürlüdür. Kreyven bürüncəyinin altında əzilmiş qalstukunun və yeyilib sürtülmüş fəhlə əlcəklərinin olduğunu bütün günü xatırlayırdı: o vücudunu gözü ilə belə görmək istəmədiyi əşya kimi özü ilə gəzdirirdi. ( Britaniya muzeyinin qiraətxanasında xoşbəxt dəqiqələr idi, ancaq vücudu onu bu səadəti yaşamağa qoymurdu.) Bu parkdakı oturacaqlarda baş verən iyrənc və çirkin işlərlə bağlı xatirələr onu tərk etmirdi. Belə deyirlər ki, ölümdən sonra vücud çox tez çürüyür; Kreyven üçün bu heç də elə bir bədbəxtlik deyidi. Və yağışın zahiri parıltısı içində Kreyven öz canlı vücudunun kürsüyə tərəf addımladığını gördü, yanından “Vücud yenidən diriləcək!” şüarını aparan qara pencəkli adamcığaz ötdü. Artıq Kreyven üçüncü dəfə təkrar gördüyü bu röyanı xatırladı; və o hər dəfə soyuq tər içində yuxudan ayılmışdı. O bütün yer üzünün zülmət qaranlıqda məzarları açılmış nəhəng qəbiristanlığa döndüyü yerdə tək, tənha idi. Məzarlar sanki bir-birinə bitişik vəziyyətdə qalmışdı – ölülər çitəmə kimi sıx-sıx idi, bütün yer kürəsi arı şanı kimi bir şeyə oxşayırdı və hər dəfə Kreyven yenidən vücudun çürüməməyi kimi dəhşətli bir faktı aşkarlayırdı. Nə qurdlanmaq, nə parçalanıb dağılmaq vardı. Torpağın altındakı dünya ölü kütlə ilə zibillənmişdi və bütün bu ziyilli tör-töküntü yenidən dirilməyə, canlanmağa hazır idi. Belə anlarda yuxudan ayılan Kreyven bir yüngüllük və sevinclə vücudun hər halda çürüdüyünü düşünürdü.

 

O, iri addımlarla Edjuer-Rouda çıxdı: qvardiyaçılar öz yerində dayanmışdı, iki-iki uzun və tənbəl canlılar kimi. Onların vücudu balağı çəkilmiş dar şalvarda ağaclara, bitkilərə zərər verən qırmızı qurda oxşayırdı. O, onlara nifrət edirdi və özünə aid  olan kin, ədavət hissini də görməyə gözü yox idi. Ona görə ki, o paxıllıq və həsədin nə demək olduğunu yaxşı bilirdi. Kreyven əmin idi ki, onlardan hər hansı birinin vücudu daha yaxşıdır, nəinki onunku. O ürək bulanması duyur və hiss edirdi ki, ağzından pis iyi gəlir. Amma elə bir adam yox idi ki, bu barədə ondan nəsə soruşsun. Hərdən o xəlvətdə qabaqdan və arxadan üstünə odekolon çiləyirdi. Bu onun ən iyrənc sirri idi. Nəyə görə, unutmaq istədiyi ölü vücudun yenidən canlanmasına, dirilməsinə inanmasını ondan xahiş edirlər? Bəzən o dua edərdi ki (qurd qozun içində olan kimi, dinə olan eyham onun qəlbində idi), öləndən sonra onun cəsədi dirilməsin.

 

Kreyven Edjuer-Roudun ətrafında olan bütün köndələn küçələri yaxşı tanıyırdı. İndi nə qədər ki, yorulmayıb özünə uyğun əhval-ruhiyyədə addımlayırdı. Elə bu vaxt bir anda artıq atılmış kinoteatr binasının fasadındakı afişa gözünə sataşdı. Bunda qeyri-adi nəsə yox idi, belə ki, bu yeri hərdənbir “Barkliz-bank”ın teatr cəmiyyəti kommersiya məqsədilə kirayələyirdi. Bu teatr binasını iyirminci illərdə bir nəfər optimist tikdirmişdi. Və əmin idi ki,  teatrlar mərkəzindən bir mil uzaqlıqda ucuz başa gələn torpaq sahəsindən bu yolla fayda götürəcək, gəlir əldə edəcək. Lakin, heç bir tamaşa uğur gətirməmiş və tezliklə bu teatr binasını atıb getmişdir. Orada döşəməni, divarı gəmirib deşən  siçovullar özlərinə yuva qurmuş, hörümçəklər künc-bucağa tor çəkmişdilər. Oturacaqları heç bir dəfə də çəkib əyləşməmişdilər və ancaq çox nadir hallarda burada həvəskarların ötəri tamaşa və kommersiya işlərinə baxış keçirilərdi. Kreyven dayandı və afişanı oxudu; görünür hələ də optimist var – hətta belə 1939-da,  -  yoxsa heç kim tamamilə düşüncəsiz optimistdən başqa, belə yerdə “Bir nəfərin kino evində” pul qazanmağa ümid etməzdi. “Ən birinci filmlər” – birinci mövsümün anonsu idi. Boş sözdür; ikinci mövsüm heç vaxt olmayacaq. Yaxşı yerlər ucuzdu; yağışdan daldalanmaq üçün bəlkə bir şillinq xərcləməyə dəyər – Kreyven yorulmuşdu. O, bilet alıb parterdə oturmaq üçün qaranlığa keçdi.

                 

Qara kölgədəki royalın monoton və yeknəsəq səsini foyedəkilər belə çox aydın eşidirdi. Bu, Mendelsondan nə isə xatırladırdı. Kreyven girişə yaxın bir yerdə əyləşdi və həmin anda hiss etdi ki, ətraf tamamilə bomboşdur, yox, burada başqa mövsüm olmayacaq. Ekranda iri təsvirdə görünən qadının ehrama oxşaması ona aydın olmadı. Qadın əllərini bir-birinə çatıb barmaqlarını şaqqıldatdı sonra təəccüb doğuracaq qəribə, cəld hərəkətlərlə taxta tərəf getdi. Orada oturub boş məkanda qərar tutdu. Üzünə tökülən qara saçlarının arasından sifəti ovçarka iti kimi həyəcanlı görünürdü. Hərdən bu qadın bir nöqtə qədər kiçilir, od alıb titrəşən xətlərə çevrilirdi. Titrdə yazılmışdı: ”Sevdiyi Avqust tərəfindən unudulan Pompiliya çəkdiyi iztirablara son vermək qərarına gəlir”.

 

Nəhayət Kreyven bu qaranlıq məkanda parterləri dumanlı səhra kimi görməyə başladı. Buradakı adamlar heç iyirmi nəfər də deyil. Bir neçə cütü yanaqlarını bir-birinə sıxmağa çalışır. Sanki ona bənzər bir neçə kişi özü kimi ucuz bürüncəkdə, uniformada oturub. Onlar ətrafında cəsəd kimi görünürdülər. Diş ağrısı kimi sakitləşmək bilməyən bu hövl və kədər içində çaşqın düşən Kreyven ağlını itirəcəyini düşündü; başqaları belə heç nə ilə üzləşmirlər. Hətta artıq unudulmuş kinoteatr belə ona sonu görünməyən qəbirlərdə canlanmağını gözləyən cəsədləri xatırlatdı.

 

“Öz ehtiraslarının köləsi olan Avqust yenə şərab istəyir”. – Titrdə oxudu. Tevton katolik icmasına mənsub döyüşçülər görkəmində tosqun aktyor yanında məst halda köynəkdə olan qadın dirsəklənib uzanmışdı. Kadrlar dəyişir, çox yersiz səslənən “Yaz nəğməsi” musiqisi baş aparırdı. Qaranlıqda, Kreyvenin oturduğu sırada özünə yer axtaran bir nəfər onun dizinə toxundu; gödəkboy kişinin uzun saqqalı Kreyvenin üzünə sürtündü. – Heç xoşagəlməz bir vəziyyət yarandı. Bu yeni gələn nəfəsini dərib onun yanında əyləşdi. Kadrlar isə elə sürətlə dəyişirdi ki, artıq Pompiliya sınaqdan çıxmışdı.  Kreyvenin gördüyü kimi – ağlayan kölələrin əhatəsində hərəkətsiz uzanmışdı.

 

Yanındakı sakit və nəfəsi tövşüyə-tövşüyə onun qulağına pıçıldadı:

 

- Nə baş verdi? Qadın yatıb?

 

 - Yox. Öldü.

 

 - Öldürülüb? – çox kəskin soruşdu.

 

 - Fikirləşmirəm. Özünü öldürüb.

 

Bir kimsə “Sakit!”, - deyə səslənmədi, əslində bu film heç kim üçün maraqlı deyildi, boş zalda öz yerlərində başı aşağı əyləşmiş tamaşaçılar filmə diqqət vermir və darıxırdı. Filmin sonuna hələ çox vardı: uşaqlarla bağlı nəyinsə həlli gözlənilirdi-problemin gələcək nəsillərin zamanında təkrarlanmayacağına inanmaq olmurdu. Lakin yanında əyləşmiş gödəkboy və uzunsaqqalı yalnız Pompiliyanın ölümü maraqlandırırdı. O məhz bu anda gəldi, bu faktın özü onu aşkar ruhlandırdı. Kreyven “bir vaxta düşmə” ifadəsini iki dəfə eşitdi; saqqallı sakitcəsinə və şövqə gəlib öz-özünə danışmaqda davam etdi:

 

 - Dərindən düşünsən, bu cəfəngiyatdı... – digər tərəfdən, heç qan da yoxdur.                                                   

 

Kreyven eşitmədi, əllərini bir-birinə sıxıb dizlərinin arasında tutmuşdu, özünün əvvəllər də ağlını itirmək təhlükəsi ilə üzləşdiyini xatırlayırdı. O məzuniyyətə çıxmalı, həkimə getməlidir (kim bilir damarlarında hansı xəstəliyə yoluxmuş qan axır). Və birdən başa düşdü ki, saqqallı qonşusu düz ona müraciət edir, həm də nigarançılıqla soruşur:

 

- Nə? Nə dediniz siz?

 

- Əlbəttə sizin düşündüyünüzdən də çox qan da olmalıdır.

 

- Nəyin haqqında, məhz siz izah verirsiniz?

 

Bu adamcığaz danışa-danışa hövüş nəfəsini Kreyvenin üstünə tökürdü. Onun nitqində təhrikedici nəsə bir əngəl vardı. O dedi:

 

- Kişini nə vaxt öldürdülər...

 

O qadın idi. – hövsələsi pozulan Kreyven düzəliş etdi.

 

 - Heç bir fərqi yoxdur.

 

 - Hər iki halda, bunun ölümlə bağlılığı yoxdur.

 

 - Vacib deyil... – onlar qaranlıqda yox oldular və kortəbii, mənasız mübahisə etməyə başladılar. – Mənə məlumdur, başa düşürsünüz, - səsində özündən razılıq ifadə olunan saqqallı gödəkboy bildirdi.

 

- Məlumdur, nə?

 

- Belə işlərdə... – o tamamilə qeyri-müəyyən bir şəkildə dedi.

Kreyven dönüb ona diqqətlə baxmağa cəhd etdi. Axmağın, ağılsızın biridir bəlkə də. Bu nədir, xəbərdarlıqdırmı, mən də onun kimi biri ola bilərəm. Yad, tanımadığınla naqqallıq etmək budur. – Fikirləşdi: “Allah göstərməsin...”. O özünü əmin etmək istəyirdi ki, mənə heç nə olmayıb, ağlım yerindədir. İnsan cəsədi haqqındakı qarışıq fikirlər artıq onu tam düşkün  bir vəziyyətə salmışdı. Gödəkboy, uzunsaqqal yenə öz-özünə deyinirdi:

 

- Uydurmadı, sadəcə uydurma. Deyəcəklər ki, bütün bunlar əlli funtun üstündə olub. Amma bu yalandı. Səbəbləri çox müxtəlifdir. Hər zaman birinci ələ keçəni yaxalayırlar. Ətrafa göz gəzdirmirlər, diqqət yetirmirlər. - Yenidən nəfəsi təngiyə-təngiyə özlündən hədsiz razı halda əlavə etdi. – Belə fərsiz və maymaqlar...   

 

Bəli, əlbəttə, bu ağılsızlıqdır. Parkda gördüyü o yəhudilər və ya Edjuer-Rouddakı qvardiyaçılar kimi özünün sağlam olduğuna əmin ola bilməsə də, ködəkboyla müqayisədə çox yaxşıyam. – Kreyven düşündü. – Bu xəstəyə ürək-dirək verən xəbərlərə oxşayırdı. Həmin vaxt yenə royalın yeknəsək səsi gəlirdi.

Ağır-ağır nəfəs alan bu adamcığaz ona tərəf dönüb yenidən soruşdu:

 

- Deyirsiniz özünü öldürüb? Bunu kim bilir? İş onda deyil ki, bıçaq kimin əlində olub. – O gözlənilmədən sadəlövhcəsinə əlini Kreyvenin əlinin üstünə qoydu; onun əli nəm və yapışqan kimi idi.

 

İbarəpərdazlığın mümkün davamı Kreyvenə çatanda, o qorxu içində soruşdu:

 

- Siz nə barədə danışrsınız?

 

Mən onu bilirəm, - ködəkboy dedi. – Mənim olduğum mövqedə olan hər bir kəs demək olar ki, hər şeyi bilir.

Hansı mövqedə? – soruşan Kreyven onun isterik hala düşüb, düşmədiyini müəyyən etməyə cəhd göstərdi; axır ki, bunun bir çox izahı var. Siz çox ümidsiz bir vəziyyətdən danışdınız.

 

Vaxt ötdükcə bu gödəkboyun səsi boğazından daha çətinliklə çıxırdı. Bu müddətdə ekranda anlaşılmayan nəsə baş verdi. Belə filmlərdə hadisələrin inkişafı sürətlə dəyişir, yetər ki, gözünü bir dəqiqəliyə ekrandan ayırasan. İndi aktyorlar həyəcan və təlaş içərisində hərəkət edirdilər. Gənc qadın gecə köynəyində romalı ordu başçısının qolları arasında inildəyirdi;

Bu cütlüyü Kreyven əvvəldə görməmişdi. “Lyüsi mən sənin ağuşunda ölümdən qorxmuram!”

 

Ködəkboy nəsə anlayan, qanan kimi istehza ilə gülməyə başladı. O yenə öz-özünə deyinməyə başladı. O, nəm və yapışqanlı əlləriylə indi qarşısındakı oturacağın arxasından tutmuşdu. Ona məhəl qoymamaq elə də çətin deyildi. Zəif azyaşlı uşaq kimi hərdən-hərdən onun başı yana əyilirdi. Qəfildən o heç nəyə aidiyyəti olmayan cümlə işlətdi.

 

- Beyzuoterdəki faciə.

 

- Bu nə deməkdir? – Kreyven ara vermədən soruşdu. Bu ifadəyə o parkın girişindəki elanda rast gəlmişdi.

 

- Nə?

    

- Faciə məsələsi.

 

- Ümumiyyətlə, ora Kalin-Beyzuoterdə at tövləsi kimi tanınır. – Kreyvenə tərəf dönüb anidən öskürməyə başladı, nişangah kimi düz onun sifətinə sözləri qırıq-qırıq tələffüz edərək dilləndi. – Bir dəqiqə, bəs mənim çətirim hanı?

 

- Sizin çətiriniz olmayıb.

 

- Mənim çətirim, - təkrar etdi o – Mənim... – görünür o demək istədiyini unutdu. Və Kreyvenin böyrünə tərəf dürtüldü.

 

Ködəkboy qırçınlı və toz basmış pərdələri olan çıxışa tərəf  getməmişdən əvvəl, Kreyven ondan aralanmışdı, bu vaxt ekrandakı təsvirlər yox oldu və kimsə həmin an tavandan asılmış toz içində az qala itən qəndilləri yandırdı. Bu işıq Kreyvenə əlindəki ləkəni görməyə kifayət etdi. Bu isterik hal deyil – həqiqi fakt idi. Özünü sağlam hiss etdi. O ağlını itirmiş biriylə bərabər filmə baxırmış... necə o adlanır: Kaulan, Kalin...  O da yerindən götürülüb çıxışa cumdu, qapının qara pərdəsi üzünə çırpıldı, kinoteatrın  üç çıxışı var idi. Kreyven onlardan birini seçə bilərdi. Artıq  gec idi: o adam yox olmuşdu. Kreyven telefon köşkünə girib 999 yığdı, adətən olmadığı kimi özünü sağlam və iradəli hiss etdi.

 

Dəqiqə keçməmiş onu lazım olan bölmə ilə calaşdırdılar. Onu səbirlə dinləyir, xeyirxahcasına danışırdılar. Kalin at tövləsində ölüm hadisəsi baş verib. – Düzdür. Bir kişinin boğazını çörək bıçağı ilə qulağının dıbınə qədər kəsiblər. – Dəhşətli cinayət hadisəsidir. Kreyven adam öldürənin onunla yan-yana kinoteatrda əyləşdiyini, əllərinin qanlı olduğunu və islaq saqqalının ikrah doğurduğunu xatırlatdı. – Onun əyni, üstü qanlı olmalıdır, - izah etdi. Amma burada Skotland-yarddan olan bir kişi onun sözünü kəsdi:

 

- Yox, yox, - dedi o. – Biz adam öldürəni tutmuşuq, buna zərrə qədər şübhə yoxdur. Onun vücudu yox olub, özünü yaxalamışıq...

 

Kreyven dəstəyi yerinə asıb, öz-özünə söyləndi:

 

- Niyə bu mənim başıma gəlməliydi? Niyə mənim?

 

O bir daha gördüyü röyaya döndü: sonsuza uzanan tuneldə köndələn qaranlıq küçənin birləşdirdiyi qəbirlərdə çürüməyən cəsədlər var idi. O donquldandı: “ Bu röya idi, röya...” və qabağa gedib telefonun üstündəki güzgüdə üzünə çilənmiş narın qan damcılarını gördü: “Mən ağlımı itirməmişəm! Mən sağlamam! Ağlım da yerindədir!”. – Bu onun qışqırıq səsi idi.

 

Ətrafa adamlar yığılmağa başladı və bu vaxt polislər göründü..

Kulis.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb