• $
  • £

"Monako" ilə oyunda üzərimizdə təzyiq olacaq" – Rəşad Sadıqov

29.05.2020 11:10
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov  Azərbaycan Premyer Liqasının 10-cu turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, qələbəni şərh edən təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsində "Monako" ilə qarşılaşacaqları oyundan da danışıb


- Çoxları "Rəvan”ı asanlıqla məğlub edəcəyinizi düşünürdü. Amma deyəsən, çempionatın autsayderi sizə çətinlik yaratdı.

- İndi çempionatda asan rəqib yoxdur. Bunu keçən turda da gördük. Heç kim gözləmədiyi halda ”Qəbələ” də, biz də xal itirdik. "Rəvan"la oyunumuz da oldu. Bütün bunlar göstərir ki, çempionat gərgin keçəcək.

- Çempionluq yolunda əsas rəqibiniz "Qəbələ"  son turda da xal itirdi. Bu "Qarabağ"ın nə dərəcədə işinə yaraya bilər?

- Avroliqanın davam etdiyi müddətdə həm "Qəbələ", həm də "Qarabağ" üçün çətin olacaq. Gördüyünüz kimi, bu gün də  istədiyimiz oyunu göstərə bilmədik. Qələbə qazansaq da, bunu çətinliklə bacardıq. Çempionat sıx qrafiklə keçirilir. Üstəlik Avroliqa oyunlarında futbolçular çox yorulur. Heyətdə də məcburi dəyişikliklər etməyə məcbur oluruq. Ona görə bu müddətdə qazanılan xalların əhəmiyyəti çox böyükdür. 
 
- Premyer Liqanın 9-cu turunda "Sumqayıt"a məğlub oluduğunuz üçün baş məşqçiniz bu oyunda əsas heyət futbolçularına üstünlük vermişdi?

- Hər zaman Avroliqada səfər oyunundan sonra baş məşqçimiz əsas heyət futbolçularına istirahət verir. Xüsusilə də bu mövsüm belə addım atmaq məcburiyyətində qalırıq. Bunun da əsas səbəbi ağır oyunların olması, yol yorğunluğu olur. Həm də zədəlilərin sayının artmaması üçün bu addım atılır. Ona görə də məşqçilər ağır səfər oyunlarından sonra əsas heyət futbolçularını qoruyur. Belə hallar gələcəkdə də baş verəcək. Heyətimiz də genişdir. Hamıya oynamaq üçün şans vermək lazımdır. "Sumqayıt"la oyunda komandamız yaxşı oynadı, sadəcə, qol epizodlarından istifadə edə bilmədik. Rəqib də əzmkar futbol oynadı və layiqli 3 xal qazandı.
 
- Reynaldonun zədələnməsindən sonra hücumda "Qarabağ”ın əsas  qol ümidi Armenterosdur. Çünki digər hücumçu Raydel Pupon demək olar ki, bu mövsüm heç nə ilə yadda qalmayıb. Razısan?

- Əslində Puponun qol vurmaq üçün imkanları olur. "Sumqayıt”la matça  pis oynamadı. Fikirləşirəm ki, Pupon 1-2 qol vursa, özünə gələcək, özündə inam yaranacaq. Hücumçu üçün qol vurmaq çox vacibdir. Hər iki futbolçunun komandaya xeyiri olacağına inanıram.
 
- Avroliqada "Monako" ilə oyunöncəsi komandada atmosfer necədir?

- Hər şey qaydasındadır. Səfərdə "Monako”ya məğlub olduq.  Başa düşürük ki, hamı evdə bizdən qələbə gözləyir. Amma bu tip oyunlarda qələbə qazanmaq asan deyil. Səfərdə də yaxşı oynadıq, ancaq qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bir səhvimizdən istifadə edib bizi cəzalandırdı. Bu oyuna ciddi hazırlaşacağıq, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
 
- Ötən mövsüm Avropa Liqasında "İnter”lə oyundan öncə bildirmişdin ki, futbolçulara psixoloji təsir çoxdur. Hamı bizdən qələbə gözləyir və bizi məsuliyyət altına salır.  "Monako" ilə oyun da çox əhəmiyyətlidir və azarkeşlər sizdən yaxşı nəticə tələb edəcək. Çünki  bu matç bəlkə də qrupdan çıxmaq üçün son şansdır.

- Biz sona qədər mübarizə aparacağıq. Qrupdakı durumu yaxşı başa düşürük. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, yaxşı olacaq. 
 
- Artıq "Monako" ilə bir dəfə oynamısınız. Cavab oyununda nəyə  ümid eləmək olarmı?

- Ümid həmişə var. Hər bir komandayla oynaya bilərik.  Sadəcə, ev oyunlarımızda komandamız bir az stres keçirir. Buna da səbəb 30 min azarkeşimizin bizdən qələbə gözləməyidir. Bu, bizdə məsuliyyəti artırır. Monakoda şox rahat oynayırdıq. Amma bilirəm ki, Bakıdakı oyunda biraz təzyiq olacaq. Hamı səbirli olmalıdır. Eyni zamanda futbolçularımız da. "Monako” elə komanda deyil ki,  ilk dəqiqələrdən basqılı oyun oynayaq, bir-iki qol vurub oyunun taleyini həll edək.


- Fransa çempionatındakı oyunlarda vurduğu qollarla "Monako”nun heyətində xüsusi seçilən bir futbolçu yoxdur. Bir müdafiəçi kimi rəqibin heyətində  ilk oyundan sonra sən kimi fərqləndirərdin?

- Məncə, Traore çox təhlükəli futbolçudur. Rusiya çempionatından da onu xatırlayıram. Hər zaman müdafiəçilərə başağrısı olub. Bizimlə oyunda da bir səhv buraxdıq və dərhal ondan istifadə etdi. Bu tip hücumçulara qarşı oynamaq hər zaman çətindir. Bundan başqa Moutinyo, Bernardo və El-Şaaravi kimi təhlükəli futbolçular var. Bu futbolçulara qarşı çox diqqətli olmalıyıq. Adi bir səhvdən bizi cəzalandıra bilərlər. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
İdman 17:27
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol