Azərbaycanda məzənnə tablolarının küçələrdən yığışdırılması... Ekspertdən vacib açıqlama
"Düşünürəm ki, Rusiyada tətbiq edilən qərarın hələlik hansısa formada Azərbaycanda da qəbul edilməsi üçün əsas yoxdur. Azərbaycan kifayət qədər nəzarət olunandır".
Bunu Sonxeber.az-a iqtisadçı ekspert Rəşad Həsənov Rusiyada məzənnə tablolarının küçədən yığışdırılması barədə qərarın Azərbaycanda tətbiq edilmə ehtimalı barədə danışarkən deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qərarla ölkə ərazisində məzənnə tabloları küçədən yığışdırılır və yalnız valyutadəyişmə məntəqələrinin daxilində olmasına icazə verilir. Bunun tablolarda bir, məntəqə daxilində isə başqa məzənnənin göstərilərək insanların aldadılması səbəbindən qəbul olunduğu bildirilir.
Rusiya təcrübəsinin Azərbacanda tətbiqi
Onun sözlərinə görə, bu onu göstərir ki, Rusiya iqtisadiyyatında illeleqal dövriyyənin həcmi çox genişdir: "Rusiya hökuməti faktiki olaraq iqtisadiyyat üzərində hüquqi nəzarəti tam həyata keçirə bilmir, belə nöqsanlı hallar baş verir. Lakin burada əsas məqsəd xüsusilə son günlərdə neftin ucuzlaşmasından qaynaqlanan rublun dəyərsizləşməsi fonunda əhali arasında ajiotajın, narahatçılığın qarşısını almaqdır. Eyni zamanda valyuta məzənnələrinin əks olunduğu tablolar bir növ çağırış formalaşdırır, hər yerdə insanlar bunu görürlər və narahatçılıqları artır. Bu da ictimai ajiotajı sərtləşdirməklə nisbətən yüksək valyuta tələbatı formalaşdırır. Fikrimcə, əsas məqsəd budur, ancaq digər arqumentlərlə bunu pərdələməyə çalışırlar".
Rusiya təcrübəsinin ölkəmizdə tətbiqi ehtimalına gəlincə, R. Həsənov qeyd edib ki, Azərbaycanda indiki halda valyutadəyişmə məntəqələri fəaliyyət göstərmir: "Göstərəcəyi halda isə bunların sayı o qədər çox olmayacaq ki, onlara nəzarət etmək mümkün olmasın. Düşünürəm ki, Rusiyada tətbiq edilən qərarın hələlik hansısa formada Azərbaycanda da qəbul edilməsi üçün əsas yoxdur. Azərbaycan kifayət qədər nəzarət olunandır. Ölkə ərazisində fəaliyyət göstərən hər bir subyektə lazım gəldikdə nəzarət mümkün olur. Ümumiyyətlə Azərbaycanda belə qaydaların tətbiq olunması reklam və rəqabət hüququnun pozulmasına şərait formalaşdıra bilər".
Valyutdadəyişmə məntəqələrinə maraq yoxdur
Azərbaycanda valyutadəyişmə məntəqələri ilə bağlı ümumi vəziyyəti dəyərləndirən ekspert hesab edir ki, ölkədə valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı yeni qaydalar nisbətən sərtdir: "Düşünürəm ki, indiki halda hansısa sahibkar valyutadəyişmə məntəqəsinə yatırım edib bu sahədə fəaliyyət göstərmək istəsin. Məsələn, Bakı şəhərində belə məntəqəni açmaq üçün bankda 50 min manat və 50 min dollar dəyərində depozit istənilir. Bununla bağlı tələblər (təhlükəsizlik, infrastruktur və s.) kifayət qədər sərtləşdirilib. Belə şərtlər daxilində faktiki olaraq hazırda banklar tərəfindən çox kiçik marja ilə valyuta konvertasiyaları həyata keçirilir, yeni açılan valyutadəyişmə məntəqələri ciddi uğur qazana və gəlir əldə edə bilməz. Məhz bu kontekstdən yanaşan sahibkarlar bu sahəyə ciddi maraq göstərmirlər. Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun 1 ildir qəbul edilməsinə baxmayaraq, sadalanan səbəblərə görə yeni valyutadəyişmə məntəqələri açılmır".
Vaxt itkisi, az xərcləmə
R. Həsənovun qənaətincə, valyutadəyişmə məntəqələrinin ölkə ərazisində fəaliyyət göstərməməsi müəyyən problemlərə yol açır: " Azərbaycanda bankların aidiyyəti şöbələrində valyutanın konvertasiyası mümkündür ki, bu da ölkədə turizmin inkişaf prioritetlərinə mənfi təsir göstərir. Ölkədəki turistlər valyutanın konvertasiyası ilə bağlı ciddi çətinlik çəkirlər. Valyutanın dəyişdirilməsi əlçatan olmalıdır, indiki halda isə valyutanı dəyişmək istəyənlər belə məntəqələrin azlığına görə xeyi vaxt itkisi ilə üzləşirlər. Bu da öz növbəsində turistlərin Azərbaycanda az xərcləməsinə səbəb olur və ümumi narazılıq formalaşdırır. Valyutadəyişmə məntəqələrinin bağlanması müəyyən işsizlik yaradıb. Eyni zamanda məşğulluğa mənfi təsir edən faktorlardan biridir. İndiki halda banklar arasında məzənnənin müəyyənləşdirilməsində elə ciddi marja yoxdur, lakin üzən valyuta rejiminə keçilərsə, banklar rəqabətsiz şəraitdə və şərtlər daxilində daha böyük marja ilə konvertasiyaya başlayacaqlar və bu da vətəndaşın biznesinin ciddi itkisinə gətirib çıxara bilər. Bazar iqtisadiyyatında valyutadəyişmə məntəqələrinin olmasını təmin etməliyik, onların fəaliyyəti üçün məqbul, təşviqedici şərait formalaşdırmalıyıq".
www.anews.az