“Qarabağ ermənilərə məxsus ola bilməz” - Paşinyan
Cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib.
Anews.az virtualaz.org-a istinadən xəbərinə görə, Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub.
2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün "fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil.
"Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb”, - Ermənistanın baş naziri qeyd edib.
Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.
www.anews.az