• $
  • €
  • ₽
  • ₺
  • £

Neft-qaz sahəsində Rusiya-Ukrayna gərginliyi - Ekspertlərin düşüncəsi

Neft-qaz sahəsində Rusiya-Ukrayna gərginliyi - Ekspertlərin düşüncəsi
28.02.2022 23:40
Azərbaycan ilə hərtərəfli əlaqə quran iki ölkə - Ukrayna və Rusiya üzərini fevralın 24-dən qara bulud kəsib. Rusiyanın öz əli ilə yerləşdirdiyi bu qara buludlar 2 ölkənin bir-biri və digər ölkələr ilə əlaqəsinə təsir etməyə başlayıb. 
 
Ukraynada hücumlar davam etdiyi və Rusiya qüvvələri paytaxt Kiyevə doğru irəlilədiyi bir vaxtda Prezident Vladimir Zelenski ictimaiyyətdən kömək istəyib.
 
Müraciətlərdən sonra 32 Avropa ölkəsi hava məkanını  Rusiya aviaşirkətlərinin üzünə  bağlayıb, bir çox beynəlxalq idman və mədəniyyət yarışlarında Rusiyanın iştirakı məhdudlaşdırılıb. Həmçinin, Azərbaycan, Türkiyə kimi 20-dən çox ölkədə Ukraynaya dəstək aksiyası keçirildi, bir çox dövlət humanitar yardımını Ukraynadan əsirgəmədi. 


Kanada, Avropa İttifaqı, Yaponiya, Yeni Zelandiya, Tayvan, Böyük Britaniya, ABŞ, Albaniya və bir sıra dövlətlər Rusiyaya qarşı bankları, neft emalı zavodlarını və hərbi ixracı hədəf alan bir sıra sanksiyaları açıqlayıb.
 
Sözügedən sanksiyalar Rusiyanın iqtisadiyyatını çökdürərsə Ukraynaya hücumundan 2 gün əvvəl - 24 fevralda müttəfiqlik bəyannaməsi imzaladığı Azərbaycana necə təsir edəcək? Xüsusilə neft-qaz sektoruna hansı təsirləri olacaq? 

 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın Rusiya ilə böyük neft-qaz müqavilələri yoxdur. Onun sözlərinə görə, hazırda tətbiq olunan sanksiyaların neft-qaz sahəsi üzrə xüsusi zərəri yoxdur.

"Neftlə təbii qaz qiymətləri fərqli alqoritmlərlə formalaşır. Adətən müharibələr, gərginliklər olanda neftin qiyməti həmişə yüksəlir. Bu gün "Brent” markalı neftin bir bareli yenidən 100 dolları keçib. Bu gərginlik həftələrlə davam etsə, hətta 120-130 dolları da görə bilərik. Azərbaycan spot bazarında gündəlik dəyişən qiymətlərlə qaz satmır. Ölkəmiz Gürcüstan, Türkiyə, Avropa İttifaqına daxil olan dövlətlərə uzunmüddətli müqavilələrlə təbii qaz satışları həyata keçirir. Bu da tez-tez dəyişən yox, fiskə olunmuş qiymətlərdir. Burada da bahalaşma var. Yəni ötən ilə nisbətən bu il təbii qazı daha baha satacağıq. Əgər sanksiyalar daha da sərtləşərsə, Avropa spot qaz bazarında yenidən bahalaşma ola bilər. Ötən ilin noyabr-dekabr aylarında 1000 kubmetr qazın maksimal qiyməti 2100 dollar olmuşdu, indi isə təqribən 1300-1400 dollar civarındadır. Təbi qaz qiymətləri yenidən 2000 dollara çata, hətta onu keçə də bilər. Azərbaycanın neft sahəsində Rusiyadan asılılığı yoxdur. Qaz ilə bağlı bəzi müqavilələr var ki, onların da xüsusi dəyəri, Azərbaycanın enerji balansında böyük rolu yoxdur. Avropanın indiki halda Rusiya qazından imtinası mümkünsüzdür. Çünki Avropa ona lazım olan qazın 38 faizini Rusiyadan alır. İldə 178 miyard kub metr qaz almaq məcburiyyəti var. Çünki indi başqa mənbələri yoxdur. Ona görə də, Avropa bu məhdudiyyəti tətbiq edə bilmir. Qaldı ki, bəyannamə məsələsinə. O hələ Milli Məclisdə müzakirə edilməyib, qüvvədə deyil. Onun qüvvəyə minmədiyi müddətcə heç bir təsiri yoxdur. Əgər qüvvəyə minərsə belə Azərbaycan neytral münasibətini saxlamaqdadır, bir çox ölkə ilə qaz-neft sahəsində əməkdaşlığı var, ona görə də mənfi təsiri olacağını düşünmürəm", deyə ekspert bildirdi. 

Ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalara öyrəşib. 

"2014-cü ildə Krımın işğalından sonra Rusiyaya qoyulan sanksiyalardan sonra rubl kəskin ucuzlaşdı. Üç ay ərzində rubl iki dəfədən çox dəyərdən düşdü. O zaman Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı. Bu köçürmələr əsasən Azərbaycan regionlarında əhalinin sosial vəziyyətinə müsbət təsir edən amildir. Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiyadan gələn vəsait ödəyirdi. Çünki orada yaşayan soydaşlarımız rublla pul qazanırlar və rubl ucuzlaşdıqca onların qazancları da azalır. Yəni, Rusiyadan Azərbaycana vəsait köçürmələri kəskin azalacaq. Amma Rusiya bankalarının xarici pul köçürmələrinin tamamilə dayandırılması, neft-qaz sektoruna blokun qoyulması və elektrotexnika, mikroçiplərlə bağlı qərarlar olarsa, bu zaman Rusiya iqtisadiyyatını daha dərin böhran gözləyir və daha dərin dalğalanmalar ola bilər. Hələlik görünən odur ki, Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana təsiri qarşılılı ticarətdə ola bilər. Bundan sonra sanksiyalar daha da sərtləşsə və bank köçürmələrinə ümumilikdə qadağaların qoyulması baş verərsə, bu zaman bank köçürmələri vasitəsilə Azərbaycanla Rusiyanın apardığı ticarəti davam etdirmək, demək olar ki, mümkünsüz olacaq. Çünki Rusiya və Azərbaycan arasında pul köçürmələri SWIFT sistemi vasitəsilə həyata keçirilir. Yəni iki ölkənin ayrıca pul köçürmə sistemi yoxdur.Rusiyada iqtisadi vəziyyət pisləşsə də, orada işləyən azərbaycanlılar kütləvi şəkildə ölkəyə qayıtmayacaq: «Azərbaycanda da iş yerlərilə bağlı ciddi problemlər, biznes fəaliyyətilə bağlı məhdudiyyətlər var. Rusiya bazarı isə daha böyükdür və istər-istəməz bir yerdə iş itirəndə digər yerdə onu tapmaq ehtimalı daha çoxdur. Ona görə də miqrantların kütləvi şəkildə geri qayıtmasını gözləmirəm",  Cəfərli vurğuladı.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Rusiyaya bütün sahələr üzrə sanksiyalar tətbiq olunması gözlənilmir. Lakin tətbiq olunacaq  sanksiyaların Azərbaycan iqtisadiyyatına da təsirləri ola bilər.

"Rusiyanın maşınqayırma sənayesinin məhsullarının ixracına sanksiyalar tətbiq olunsa, azərbaycanlılar öyrəşdikləri "Niva”, "Lada” maşınlarını ala bilməyəcəklər. Hazırda qərbin avtomobil sənayesi şirkətləri bir-birinin ardınca Rusiyada istehsalı dayandırdılar. Hətta gömrükdən keçirilmiş avtomobillərin Rusiyaya geri qaytarılması ilə bağlı qərar da qəbul etdilər. Bu kimi məsələlər ola bilər.Biz bu sanksiyaları 2012-ci ildə İrana qarşı tətbiq edilən zaman da görmüşük. Vaxtilə İrandan kimya sənayesi məhsulları alırdıq. Sanksiyalardan sonra o məhsulların idxalı, nə də Azərbaycandan keçərək üçüncü ölkələrə daşınması baş vermədi. Sanskiyaların bu cür təsirləri olur, Azərbaycana birbaşa təsiri yoxdur. Ən azından hazırda və yaxın gələcəkdə təsiri görünmür”, -  o bildirdi.

Ekspert vurğuladı ki, Avropanın LNG hesabına Rusiyanın qaz asılılığından qurtarmasını yaxınmüddətli dövrdə mümkün saymır.

 "170 mlrd kubmetr qazı şirkətlər və hasilatçı dövlətlər artırmır, qlobal bazarda bir marketdən o biri marketə yönəldir. Hansı ki, o özü də çox problemlidir, çünki maye qazı İndoneziya, Qətər, Əlcəzair adətən uzunmüddətli müqavilələr üzrə satırlar. Məsələn, ötən il Qətər Pakistanla 5 illik müqavilə imzalayıb, qazın daşıyıcısı isə SOCAR Trading-dir. Rusiya da Pakistana LNG-ni uzunmüddətli müqavilə ilə satır. Yəni tutaq ki, nəzəri baxımdan bunu həll etdilər: onda Şərqdə 170 milyard kubmetrlik bir defisit yaranacaq. Və orada qazın qiyməti 2-3 dəfə Avropadan baha olacaq. Amerika Avropada 2021-ci ildə cəmi 12 milyon ton LNG satıb.. Vaşinqton belə disbalans şəraitində şirkətlərə əmr edə bilərmi ki, Siz Çin və Yaponiyada, Cənubi Koreyada deyil, Avropada qaz satın. Razı olarlar, amma bazardakı qaz kompensasiya etmək şərti ilə. 2015-2016-cı illərdə, neft kəskin ucuzlaşanda LNG biznesinə qlobal bazarda maraq artdı: "Böyük kapital qoyuldu LNG terminalların, tankerlərin və reqasifikasiya qurğularının tikintisinə - yəni infrastruktura, o cümlədən Rusiya. Çünki enerjidaşıyıcılarının aşağı qiymətində əvvəlki dəyəri 5 milyard dollar olan terminal 2 milyarda qədər ucuzlaşmışdı. 4-5 ilə bu layihələrin 95 faizi işə salınıb artıq. Yəni LNG bazarında əldə nə var odur. Yeni ARTIM üçün yeni KAPİTAL axını gərəkdir. Artıq layihələr isə bahalaşıb- çünki həm neft bahadır, həm də postCOVİD dövrünün inflyasiyası hər şeyin qiymətini kəllə-çarxa çatdırıb. Əgər bu məsələlər də həllini tapsa, onda yeni yataqların işlənməsi, yeni infrastrukturlatın işə salınması və yeni logistika zəncirinin yaradırılması hesabına Avropanın Rusiyadan asılı olmadan qaz təhcizatını həyata keçirmək üçün qərar qəbyl ediləndən, vəsait ayrılandan sonra minimum 5-6 il, realda isə 7-8 il gərgin əmək sərfiyyatı tələb olunur”, - deyə o bildirdi. 

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın enerji təchizatında köklü dəyişiklər yaradacağını proqnozlaşdırmaq olar.

"Xam neftlə bağlı problem ciddi deyil, çünki Rusiyanın qlobal təchizatda cəmi 10 faiz payı var. İranın bazara qaytarılması, digər iri istehsalçıların istehsalını artırmaqla Rusiya hesabına yaranan boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür. Qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər. Avropa bazarına Rusiya ildə orta hesabla 160-170 milyard kubmetr təbii qaz göndərir - Avropanın bütün istehlakının təxminən üçdə biri qədər. Amma hətta bu münaqişəyə qədər də Avropanın qaz təchizatının strukturunda dəyişiklik baş verməyə başlayıb. Avropanın Rusiyanın qaz asılılığından tam qurtarması üçün təxminən 120 milyon ton LNG tələb olunur. Hazırda 5 aparıcı LNG ixracatçısının (Avstarliya, Qətər, Əlcəzair, ABŞ və Malayziya) ümumi ixracı 300 milyon ton LNG təşkil edir. SWIFT-dən qopartmaqla daxil Rusiyaya qoyulan maliyyə və iqtisadi sanksiyalar da öz təsirini göstərəcək. Amma Rusiyanın aqressivliyini yalnız onun enerji asılılığına son vermək durduracaq. Azərbaycanın idxalatının hər 5 dollarından 1 dolları Rusiyadan alınan mallardır.Yəni idxalımızın 20 faizi bu ölkədən formalaşır. Amma Rusiyanın idxalında bizim payımız 0,3 faizdən də azdır. Qeyri-neft kanalları ilə hər 3 dollarlıq ixrac mallarımızın təxminən 1 dolları Rusiyaya gedir. Rusiyanın qeyri-resurs ixracatında isə Azərbacan bazarının payı 1 faiz ətrafındadır. Yəni qarşılıqlı xarici ticarət aspektindən baxsaq, bizim Rusiyadan asılılığımız çox yüksək, Azərbaycanın isə Rusiyanın xarici ticarətində payı nəzərə alınmayacaq dərəcədə kiçik rəqəmlərlə ifadə edilir ", Ağayev dedi. 

Azərbaycanın Rusiya və Ukrayna ilə iqtisadi, neft-qaz sahəsində münasibətləri necə olub? 

Ukrayna -  2021-ci ilin 11 ayı ərzində Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki 611 milyon dollar ilə müqayisədə 51,4% artım deməkdir. Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövrdə Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın payı 70%-ə bərabərdir. Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində Azərbaycanın payı yüksəkdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Ukrayna Türkiyə ilə Azad Ticarət Zonası haqqında müqavilə imzalamağa can atır. Bu təşəbbüsə Azərbaycanın da qoşulması "azad ticarət üçbucağı” yaratmaq baxımından maraqlı olardı. Hazırda ölkələr arasında ən çox aktuallıq kəsb edən əsas sahələr energetika və hərbi sənayedir. Azərbaycan həm Türkiyənin, həm də Ukraynanın energetika sektorunda mühüm çəkiyə malikdir; Türkiyə həm Azərbaycan, həm Ukraynada hərbi sənayenin inkişafında böyük rol oynayır; Ukrayna Azərbaycana yeni silahlar və hərbi texnika təklif edir.


Rusiya : Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında böyük hissəsi iqtisadiyyata həsr olunan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi 2021-ci ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib. 2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır.

Rusiyanın iqtisadiyyatı Ukrayna ilə müqayisədə çox inkişaf edib. Lakin hazırda ona tətbiq olunan sanksiyalar inkişafa mənfi təsir göstərə bilər.

Xatırlatma: Hansı sanksiyalar tətbiq olunur və oluna bilər? 
 
Maliyyə məhdudiyyətləri

Rusiyanı qlobal maliyyə telekommunikasiya xidməti olan SWIFT sistemindən çıxarmaq. Bu sistem 200-dən çox ölkədə minlərlə maliyyə təşkilat tərəfindən istifadə olunur. Bu, Rusiya banklarının xarici ölkələrdə iş görməyini çox çətinləşdirəcək bir həmlə olar. Bu sanksiya 2012-ci ildə İrana tətbiq olunmuşdu. Ölkə vacib neft gəlirlərini və xarici ticarətin böyük bir qismini itirmişdi. Ancaq bu sanksiyanın bankları Rusiyanın maliyyə təşkilatları ilə yaxın əlaqələri olan ABŞ və Almaniya kimi ölkələr üçün iqtisadi bir bədəli olacaq. Ağ Ev bunun Rusiyanın Ukraynanı işğalına bir cavab olaraq dərhal həyata keçirilməsinin çox da mümkün olmayacağını deyir. ABŞ-ın Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sing "Yəqin ki, ilk sanksiya paketində SWIFT-i görməyəcəyik” deyib.

Dollara qadağa

ABŞ Rusiyanın ABŞ dolları ilə həyata keçirilən maliyyə əməliyyatlarına qadağa qoya bilər. Bu sanksiyadan sonra bir rus qurumunun dollarla əməliyyat həyata keçirməyinə icazə verən hər hansı bir qərb firması cəzalandırılacaq. Bu, Rusiyanın dünya üzrə alıb sata biləcəyi məhsulların sən dərəcə məhdud olacağ mənasna gəlir. Neft və qaz satışlarının çoxu dollarla həyata keçirildiyinə görə, bunun Rusiya iqtisadiyyatına böyük bir təsiri ola bilər.

Borc əldə etmək imkanının məhdudlaşdırılması

Qərb qüvvələri Rusiyanın beynəlxalq borc bazarına girişini əngəlləmək üçün hərəkətə keçə bilər. Qərb qurumlarının və bankların rus istiqrazlarını satınalma qabiliyyətləri onsuz da məhduddur – bu məhdudiyyətlər daha da arta bilər. Bu, Rusiyanı iqtisadiyyatını böytmək üçün ehtiyacı olan maliyyə vəsaitindən məhrum buraxacaq. Ölkənin borclanma maliyyəti yüksələ bilər və rublun dəyəri daha da aşağı düşə bilər. Rusiya xarici investorların əlindəki borc miqdarını azaldaraq bu sanksiyaya hazırlaşmışdı. Dövlətə aid Sberbank Aİ tərəfindən sanksiya tətbiq edilən ən böyük rus banklarından biridir.

Bankların əngəllənməsi

ABŞ bəzi rus banklarını qara siyahya ala bilər və beləliklə, dünyada hər hansı bir kəsin bu banklarla əməliyyat həyata keçirməyini demək olar ki, imkansız hala gətirə bilər. Bu vəziyyətdə Moskva bankları xilas etmək və inflyasiyanın yüksəlib gəlirlərin aşağı düşməyinin qarşısını almaq üçün əlindən gələni etmək məcburiyyətində qalacaq. Bunun rus banklarında pulu olan Qərb investorları üçün də böyük bir mənfi təsiri olacaq.

Məqsədli ixrac nəzarəti

Qərb əsas malların Rusiyaya ixracını məhdudlaşdıra bilər. Məsələn, ABŞ Rusiyaya amerikan texnologiyası, proqram təminatı və ya avadanlıq da daxil, hər hansı bir mal satan şirkətləri dayandıra bilər. Bu, xüsusilə avtomobillərdən smart telefonlara, emal dəzgahlarından istehlak elektronikasına qədər demək olar ki, hər yerdə istifadə olunan yarımkeçirici mikroçiplərin ixracını limitləyə bilər. Bu vəziyyət Rusiyanın yalnız müdafiə və hava sektorlarını deyil, bütün iqtisadiyyatına təsir edər.

Enerji sanksiyaları

Rusiya iqtisadiyyatı yüksək dərəcədə xaricə qaz və neft satışından asılıdır. Satışlar Kreml üçün böyük bir gəlir qaynağıdır. Qərb ölkələrin və şirkətlərin Qazprom və ya Rosneft kimi böyük rus enerji nəhənglərindən neft satın almağını qadağan edə bilər. Bəzi alman siyasətçilər Avropa iqtisadiyyatını mənfi təsir edəcəyini əsas gətirərək Nord Strim 2-ni dayandırmaq mövzusunda istəksizdirlər. ABŞ Baltik dənizi altında Rusiyadan Almaniyaya uzanan və Nord Strim 2 olaraq adlandırılan yeni bir qaz boru xəttinin fəaliyyətə keçməsini dayandırmaq üçün diplomatik gücündən istifadə edə bilər. Boru xəttinin inşaatı tamamlandı, ancaq hələ də tənzimləyici orqandan təsdiq gözləyir. ABŞ Prezidenti Bayden bu mövzuda "Sizə söz verirəm, bacaracağıq” deyib. Ancaq Rusiya qazı üzərindəki hər hans bir məhdudiyyət böyük əksəriyyəti şərqdən gələn enerjidən asılı olan Avropada qiymətləri artıracaq.

Ayrı-ayrı şəxslərə sanksiyalar

Yeni sanksiyalar təkcə Vladimir Putinin ortaqların deyil, eyni zamanda Rusiya rəhbəri özü də daxil olmaqla, ayrı-ayrı şəxsləri hədəf ala bilər. Bu, böyük ehtimalla Ukraynaya qarşı düşmənçilik hərəkətlərinin cəzalandırılmas ya da suverenliyini və ya ərazi bütünlüyünü təhdid edənlərə qarşı bir sanksiya olaraq müəyyən ediləcək. Əlaqəli şəxslərin əmlaklarının dondurulması və səyahətlərinin qadağan olunması ən böyük ehtimallardır. Ancaq bu tip sanksiyaların çoxu onsuz da qüvvədədir və hələ Rusiyanın yanaşmasını dəyişdirməyib. ABŞ və avropalı qüvvələrin gözləntisi Rusiyanın elit təbəqəsinin xarici ölkələrdəki sərvətlərinə əllərinin çatmaması və övladların qərb məktəblərində və universitetlərində oxutmasalar Putinə təzyiq etməkləridir.

London əngəli

Rusiya vətəndaşlarının Londona investisiya yatırmalarını məhdudlaşdırmaq üçün bəzi sanksiyalar tətbiq oluna bilər. İngiltərə höküməti Londona axan qanunsuz rus pulu ilə mübarizə aparacağına söz verib. Rus pulunun İngiltərə paytaxtındakı miqyası elə bir səviyyədədir ki, buradak sərmayə üçün "Londonqrad” ləqəbi işlədilir. İngiltərə höküməti bu problemi həll etdiyini iddia edir. Ancaq bəzi ABŞ təşkilatları Ağ evin İngiltərəyə bu mövzuda daha çox təzyiq göstərməyini istəyir.
 
24 fevralda Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladı. 
 
Ləman Qasımova
 
İSTİQAMƏT:6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol