Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib
Araşdırmaçı jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
O bildirib ki, Cəmil Məmmədli irəli sürülən ittihamlarla razı deyil. Belə ki, o kimdənsə pul almadığını, bununla bağlı sübutların olmadığını qeyd edib. O düşünür ki, onun həbs edilməsində maraqlı tərəflər Həbibovlar ailəsi və Xaçmaz rayon Polis İdarəsinin rəhbərliyidir.
Məhkəmə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutub.
Prosesdə Cəmil Məmmədli sərbəst ifadə verib.
Jurnalist cinayət işinin, xüsusilə dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etmə ilə bağlı ittihamların qondarma olduğunu bildirib. Dələduzluq epizodu üzrə danışan Cəmil Məmmədli bu işdə zərəçəkən kimi tanınan Fuad Həbibov və Gülnarə Həbibovanın iddialarının əsassız olduğunu deyərək onlardan 10 000 manat məbləğində pul almadığını vurğulayıb.
"Deyilənlər yalandır. Mənə iki dəfə pul veriblər. Birinci dəfə Fuad Həbibov yaşadığım evə gəlmişdi. Anasının qətli barədə söhbət etdik. Gedəndə stolun üstünə 100 dollar pul qoydu. Dedi ki, ilk dəfədir evinə gəlirəm, əliboş gəlmişəm. İkinci dəfə isə Gülnarə Həbibova doğum günümdə hədiyyə almadığını əsas gətirərək 300 manat pul verib. Dedi ki, sənin zövqünü bilmirəm, nə alacağımı bilmədim, bunu hədiyyə kimi qəbul elə. Hər iki halda etiraz etmişəm. Amma güc-bəla ilə pulu veriblər. Mənə 10 000 manat verilməsi ilə bağlı deyilənlər yalandır. İndi məndən şikayət edib deyirlər ki, 10 000 pul vermişik. Yaxşı vermişdinizsə, niyə geri istəmirdiniz? Niyə bir dəfə zəng vurub demədiniz ki, pulu qaytar? Niyə birbaşa şikayət etdiniz? Ümumiyyətlə, bu cinayət işi qondarmadır”,- o bildirib.
Cəmil Məmmədli sadəcə 221.2.2-ci ( xuliqanlıq) maddəsi ilə özünü qismən təqsirli bilib.
Növbəti məhkəmə prosesi dekabrın 21-i saat 14:00-a təyin olunub.
Jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Jurnalist ittihamların qondarma olduğunu bildirib.
Aytac Zeynalova
Çiçək Sadatova
www.anews.az