Qadağan olunan veypləri tütünü qızdıran cihazlardan necə seçmək olar?
Bir neçə il əvvəl Bakıda elektron siqaretlər yeni şəhər mədəniyyətinin bir hissəsi sayılır, məktəblilər və tələbələrin əlində “zərərsiz” kimi təqdim olunan, meyvə iyi verən rəngli veyplər dəb halını alırdı.
2026-cı ilin aprelin 1-dən vəziyyət dəyişdi. Azərbaycanda elektron siqaretlərin idxalı, satışı, saxlanılması və istifadəsi qadağan edildi. Amma bu qadağa tütünü qızdıran cihazlara şamil olunmadı. Çünki zahirən onlar oxşar görünsələr də, bu məhsullar tamamilə fərqli texnologiyalar əsasında işləyir.
Veyplər niyə daha çox narahatlıq yaradır?
Elektron siqaretlərin əsas problemi təkcə nikotin deyil. Veyplər nikotinli mayenin buxarlanması prinsipi ilə işləyir. Bu mayenin tərkibində aromatizatorlar, kimyəvi əlavələr və müxtəlif maddələr ola bilər. Onların mənşəyi və keyfiyyəti isə hər zaman bəlli olmur. İstifadəçi çox vaxt hansı maddələri orqanizminə qəbul etdiyini bilmir.
Xüsusilə bazarda qeyri leqal satılan məhsullar daha böyük risk yaradır. Belə cihazlarda mayenin tərkibi, nikotin miqdarı və əlavə maddələr üzərində real nəzarət qurmaq demək olar ki, qeyri mümkün olur. Digər ciddi problem isə veyplərin gənclər arasında sürətlə yayılmasıdır. Meyvə dadları, parlaq dizayn və “zərərsiz alternativ” görüntüsü elektron siqaretləri siqareti tərgitmək vasitəsindən çox, yeniyetmələr üçün cəlbedici məhsula çevirirdi. Məhz buna görə bir sıra ölkələr veyplərlə bağlı qaydaları sərtləşdirir və ya tam qadağa tətbiq edir.
Tütünü qızdıran cihazlar nə ilə fərqlənir?
Tütünü qızdıran cihazlar başqa prinsiplə işləyir. Bu cihazlarda maye deyil, əsl tütün istifadə olunur. Tütün yandırılmır, yalnız qızdırılır. Ən vacib fərq də budur. Adi siqaretdə ən zərərli maddələrin böyük hissəsi məhz yanma prosesi zamanı yaranır. Tütün qızdırıldıqda isə yanma baş vermir, kül və tüstü əmələ gəlmir. Bu səbəbdən belə məhsullar bəzi ölkələrdə yetkin siqaret çəkənlər üçün daha az zərərli alternativ kimi ayrıca kateqoriyada tənzimlənir.
Əlbəttə, bu məhsullar risksiz deyil. Onlarda da nikotin var və nikotin asılılığı yaradır. Lakin əsas fərq ondadır ki, tütünün yandırılmaması orqanizmə daxil olan zərərli maddələrin səviyyəsini ənənəvi siqaretlərlə müqayisədə azaldır.
Hazırda Azərbaycan qanunvericiliyində nikotin tərkibli məhsullar üçün bir neçə məhsul kateqoriyası mövcuddur: siqaretlər, siqarillalar, siqarlar, qızdırılan tütün məmulatları, digər çəkməli tütünlər, çeynənilən və buruna çəkilən tütünlər, eləcə də qəlyan üçün tütünlər.
İnsanlar bu məhsulları ayıra bilirmi?
Sorğular göstərir ki, əksər hallarda yox. Çünki hər iki məhsul kiçik elektron cihaz formasındadır, batareya ilə işləyir, tüstü və kül yaratmır. Buna görə bir çox insan veyplərlə tütünü qızdıran aparatları eyni məhsul hesab edir. Halbuki fərq çox sadədir. Veyp mayeni buxarlandırır, tütünü qızdıran cihaz isə tütünü yandırmadan qızdırır. Bu fərq yalnız texniki deyil, həm də sağlamlıq və tənzimləmə baxımından mühümdür, belə ki, hər iki məhsul qanunvericilikdə ayrı-ayrı kateqoriyalara aid edilib. Elektron siqaretlər qadağan olunduğu halda qızdırılan tütün məmulatları qanunla qadağan deyil.
Veyplər daha çox yeni istifadəçiləri, xüsusilə gəncləri nikotin istehlakına cəlb edir. Tütünü qızdıran cihazlar isə əsasən artıq siqaret çəkən yetkin şəxslər üçün ənənəvi siqaretə daha az zərərli alternativ kimi nəzərdən keçirilir.
Niyə düzgün fərqləndirmə vacibdir?
Azərbaycanın elektron siqaretləri qadağan etməsi göstərir ki, dövlət nikotin bazarına artıq ümumi deyil, daha fərqli yanaşma tətbiq edir. Veyplər şəffaf olmayan tərkib, gənclər arasında yayılma və qeyri-qanuni bazar riskləri səbəbindən daha təhlükəli seqmentə daxildir.
Tütünü qızdıran cihazlar isə ayrıca texnologiya kimi nəzərdən keçirilir. Burada əsas məsələ siqaret çəkən yetkin istifadəçilər üçün yanma prosesi olmayan daha az zərərli alternativin təqdim edilməsidir. Bu baxımdan əsas problem yalnız qadağa deyil, həm də maarifləndirmədir. Çünki istehlakçı hansı məhsuldan istifadə etdiyini, onun necə işlədiyini və risklərin nədən ibarət olduğunu bilməlidir. Zahirən oxşar cihazlar eyni deyil.
Veyp və tütünü qızdıran cihazlar arasında fərq məhz bundadır.
Naila Balayeva