Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb
Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses sentyabrın 2-si saat 23:59-dək davam edəcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.
Subbakalavrlar müsabiqədə iştirak etmək üçün sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 7-ci sayından seçə bilərlər. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.