Girnə sahillərindəki gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanılıb
Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, saxlanılan şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayon sakini Qədir Quliyevdir.
Valeh Hümbətovun anası Yeganə Hümbətova “Report”a bildirib ki, 28 yaşlı oğlu hadisə zamanı sərnişin gəmisində matros kimi çalışıb.
Onun sözlərinə görə, Valeh daha əvvəl eyni şirkətə məxsus yük gəmisində beş ay işləyib, təxminən bir ay əvvəl isə sərnişin gəmisində fəaliyyətə başlayıb. O, bu ay Azərbaycana qayıtmalı imiş.
Hümbətovanın sözlərinə görə, oğlu qəza zamanı nişanlısına gəminin batdığını bildirib.
“Qəzadan bir neçə saat sonra ona zəng etdim. Dedi ki, camaatı xilas edirlər, quruya çıxanda zəng edəcək. Bir dəfə çox qısa danışdıq. Daha sonra nişanlısı ilə danışıb, onları nəzarətə götürdüklərini deyib. Ondan sonra əlaqə saxlaya bilmirik”, - o bildirib.
Saxlanılan digər Azərbaycan vətəndaşı, 2006-cı il təvəllüdlü Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib ki, qardaşı hadisədən təxminən 20 gün əvvəl Türkiyəyə gəmidə işləmək üçün gedib.
Onun sözlərinə görə, qəza günü Rəşadı işə götürən şirkət ailəyə hadisə barədə məlumat verib. Daha sonra Rəşadın sağ olduğu təsdiqlənib.
“Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O, xəstəxanada olduğunu bildirib”, - Təhməzova qeyd edib.
Təhməzova bildirib ki, qardaşının saxlanıldığını ailə sosial şəbəkələrdə yayılan məlumatlardan öyrənib. Onun sözlərinə görə, Rəşad vəkillə təmin olunub.
“Biz onun işlədiyi şirkətlə danışdıq. Onlar həbs xəbərinin doğru olduğunu, lakin Rəşadın bu məsələdə günahının olmadığını bildiriblər. Qeyd ediblər ki, çoxsaylı insan tələfatı olduğu üçün bu, normal prosedur qaydasıdır”, - o bildirib.
Digər saxlanılan şəxs 22 yaşlı Qədir Quliyevdir. Onun qardaşı Nurət Quliyev bildirib ki, Qədir apreldən etibarən həmin gəmidə matros kimi çalışırdı.
Onun sözlərinə görə, qəza baş verdikdən sonra Qədir ailəsinə zəng edərək gəminin batdığını, lakin sağ olduqlarını deyib. Daha sonra ekipaj üzvlərinin izahat vermək üçün aparıldığını bildirib.
Nurət Quliyev qeyd edib ki, Qədirin çalışdığı gəmi şirkətindən də ailə ilə əlaqə saxlanılıb və narahatlığa əsas olmadığı bildirilib.
Şimali Kiprin Girnə sahillərində gəmi 30 avqustda qəzaya uğrayıb.
Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb, 19 sərnişinin axtarışı isə davam etdirilir.
Son xəbərlər
Daha çox