Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Azərbaycanın güclü makroiqtisadi mövqeyi, böyük maliyyə buferləri və aşağı dövlət borcu var, lakin iqtisadi artım zəif olaraq qalır. Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Roland Prays Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda artımın ləngiməsi dövlət kapital xərclərinin azalması, qeyri-karbohidrogen sektorunda zəif artım və karbohidrogen hasilatının aşağı düşməsi ilə bağlıdır.
“Bu il ÜDM artımı 1,2 faizdir. Biznes mühitini yaxşılaşdıran, rəqabəti gücləndirən və özəl sektorun daha böyük iştirakını təşviq edən islahatlar olmadan orta müddətli artımın 2 faizdən aşağı qalacağı gözlənilir”, - Prays deyib.
Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas çağırış güclü makroiqtisadi buferləri yeni investisiya, iqtisadi şaxələndirmə və məhsuldarlıq mənbələrinə çevirməkdir.
Prays regionda əməkdaşlığın əhəmiyyətini də vurğulayıb və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) regional əməkdaşlıq üçün mühüm nümunə olduğunu bildirib.
“Birlikdə güc var və əməkdaşlıq uğur gətirir”, - o deyib.
Prays qeyd edib ki, Orta Dəhlizin uğuru bizneslərin marşrutu rəqabətqabiliyyətli, etibarlı və proqnozlaşdırılan hesab edib-etməməsindən, həmçinin investisiyalar üçün cəlbedici görməsindən asılı olacaq.
Dünya Bankının nümayəndəsi Gürcüstan və Ermənistanın iqtisadi vəziyyətinə də toxunub.
O bildirib ki, Gürcüstanda iqtisadi artım bu il indiyədək 8 faiz təşkil edib. Bununla belə, artımın əsas hissəsi istehlak və mövcud istehsal gücləri hesabına formalaşıb, birbaşa xarici investisiyalar və ixrac isə zəifləyib.
Praysın sözlərinə görə, Gürcüstanda davamlı artım yeni investisiyaları, texnoloji yenilənməni və əmək bazarında bacarıqlarla iş yerləri arasındakı uyğunsuzluğun aradan qaldırılmasını təşviq edən islahatlar tələb edir.
Aytac