Rəhmon Düşənbədə regional süni intellekt mərkəzinin yaradılması imkanını vurğulayıb
Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə regional süni intellekt mərkəzinin yaradılmasının Mərkəzi Asiya ölkələri arasında texnoloji əməkdaşlığı gücləndirə biləcəyini bildirib.
“Düşənbə şəhərində regional süni intellekt mərkəzinin yaradılması region ölkələrinin qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığının möhkəmləndirilməsi üçün mühüm əsaslardan biri ola bilər”, — Rəhmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə deyib.
O, mərkəzin yaradılma müddətini, maliyyələşmə mənbələrini və hansı ölkələrin iştirak edəcəyini açıqlamayıb.
Rəhmonun sözlərinə görə, BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə Mərkəzi Asiyada süni intellektin inkişafı və ondan davamlı inkişaf məqsədilə istifadə olunması barədə qətnamə qəbul edib.
Tacikistan Prezidenti bütün ölkələrin müasir texnologiyaların imkanlarından bərabər şəkildə faydalanmasının vacibliyini vurğulayıb və süni intellektdən məsuliyyətli istifadəyə çağırıb.
Rəhmon həmçinin ölkəsinin gömrük və logistika prosedurlarının sadələşdirilməsi, multimodal nəqliyyat dəhlizləri, rəqəmsal iqtisadiyyat və yaşıl energetika üzrə regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
N. Təbrizli