İsrail prezidenti Asiya ölkələrini əməkdaşlığa çağırıb, boykotlara qarşı çıxıb
İsrail prezidenti İsxak Hersoq Asiya ölkələrini İsraillə əməkdaşlığı genişləndirməyə çağıraraq boykotların qarşılıqlı fəaliyyətə mane olduğunu bildirib. O, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində çıxış edib.
“Terrorun mövcud olduğu şəraitdə sülh ola bilməz, boykotlar şəraitində isə əməkdaşlıq inkişaf edə bilməz”, - Hersoq deyib. Onun sözlərinə görə, İsrail region ölkələri ilə əlaqələri gücləndirməyə və birgə layihələrdə iştirak etməyə çalışır.
Hersoq texnologiyalar, rəqəmsal bağlantı, kənd təsərrüfatı, energetika, su ehtiyatlarının idarə olunması, səhiyyə, turizm və süni intellekti mümkün əməkdaşlıq istiqamətləri kimi göstərib. O əlavə edib ki, İsrail digər Asiya ölkələrinin bilik və təcrübəsindən də yararlanmaq niyyətindədir.
Prezident Yaxın Şərqdə, o cümlədən Livan, Suriya, Qəzza və fələstinlilərlə sülhə ümid etdiyini bildirib və terrorizmə qarşı birgə mübarizəyə çağırıb.
Hersoq həmçinin ABŞ dövlət katibi Marko Rubionun Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə görüşmək üçün Səmərqəndə planlaşdırılan səfərini alqışlayıb. Rubio Özbəkistana səfər etməyi və Mərkəzi Asiya dövlətlərinin nümayəndələri ilə görüşlərdə iştirak etməyi planlaşdırır.
Gülnar Nazimqızı