Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan çobanının Ermənistan sərhədini keçməsi ilə bağlı məlumatları şərh edərək, bu cür hadisələrin ölkənin təhlükəsizliyinə təhdid kimi təqdim edilməsini tənqid edib. Mirzoyan bu barədə parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Ermənistan-Azərbaycan sülh prosesi və təhlükəsizliklə bağlı narahatlıqlara cavab verərkən bildirib.
“Ölkənin təhlükəsizliyinə təhdidin itmiş çoban olduğunu düşünən siyasi qüvvənin vay halına. Belə şeylər olur. Çoban həm onların, həm də bizim tərəfimizdən aza bilər. Və belə hallar həm sülhün bərqərar olmasından sonra, həm də əvvəl baş verir”, - nazir deyib.
Mirzoyanın sözlərinə görə, bu cür hallarda insanlar geri qaytarılır. O, sərhədi təsadüfən keçərək yolunu azan şəxslərlə cinayət törədən şəxsləri fərqləndirməyin vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, belə hadisələrin tamamilə qarşısını almaq çətindir və onların həlli üçün əməkdaşlıq imkanları axtarılmalıdır.
Mirzoyan sülh prosesində həm müsbət irəliləyişlərin, həm də problemlərin olduğunu bildirib və problemlərin mövcudluğunun müsbət addımlardan imtina üçün əsas sayıla bilməyəcəyini deyib.
“Siz daim “amma bu pis şey var” deməyə çalışırsınız. Bəli, var, bilirəm. İndi nə etməliyik, “Bu qədər” deməliyik, bağlamalıyıq və yenidən münaqişəyə qayıtmalıyıq? Bu, Ermənistan üçün yaxşı yol deyil”, - o əlavə edib.
Oktyabrın 21-də Ermənistan media orqanlarında azərbaycanlı çobanının Ermənistan sərhədini keçməsi barədə məlumat yayıb. Ermənistanın və Azərbaycan tərəfi məsələyə rəsmi münasibət bildirməyib.
Gülnar Nazimqızı