Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.Bu barədə "Anadolu” agentliyi xəbər verir.
Yerli vaxtla saat 07:00-da açılan seçki məntəqələri saat 20:00-da bağlanacaq.
Ölkə üzrə 6,45 milyon seçicinin səsvermə hüququ var. Seçkilərdə parlamentdəki 250 mandat uğrunda 18 seçki siyahısı üzrə 2 400-dən çox namizəd mübarizə aparır.
Səsvermə ölkə üzrə təxminən 8 400 seçki məntəqəsində keçirilir.
Əsas rəqabət Serbiya Tərəqqi Partiyası (SNS) ilə tələbə etirazları fonunda formalaşan “Tələbə siyahısı” arasında gedir. SNS-ə uzun müddət ölkənin siyasi rəhbərliyində təmsil olunan Aleksandar Vuçiç rəhbərlik edir.
Növbədənkənar seçkilər 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə nəticələnən hadisədən sonra başlayan kütləvi etirazlar fonunda keçirilir.
Seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri də müşahidə edirlər.