Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Azərbaycan iyulda Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəza zamanı bu ölkəyə elektrik enerjisi ilə bağlı operativ dəstək göstərib. Bunu Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan əməkdaşlığından danışarkən bildirib.
Onun sözlərinə görə, Gürcüstan tərəfinin müraciətindən sonra iki ölkənin elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılıb və hazırda da həmin səviyyədə davam etdirilir.
Baş nazir yaşıl energetika sahəsində əməkdaşlığın nəticələrinə də toxunub. O bildirib ki, Azərbaycan və Gürcüstan Avropaya yaşıl enerji dəhlizinin yaradılmasına başlayıblar. Layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı gözlənilir.
Əli Əsədov nəqliyyat-tranzit sahəsində əməkdaşlığın da iki ölkə üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, tərəflər Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərini davam etdirirlər.
Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsini və yükaşırma qabiliyyətinin ildə 5 milyon tona çatdırılmasını uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirib.
Gülnar Nazimqızı