Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Pulsuz hüquqi yardım formal prosedura çevrilməməli, xidmətin keyfiyyəti təmin olunmalı və vətəndaşlardan çoxsaylı sənədlər tələb edilməməlidir. Bunu Milli Məclisin deputatı Razi Nurullayev hüquqi yardım haqqında qanun layihəsi ilə bağlı çıxışında bildirib.
Deputat qeyd edib ki, hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalı, ilkin hüquqi məsləhət və düzgün istiqamətləndirməni də əhatə etməlidir.
O bildirib ki, bəzi vətəndaşlar hüquqları pozulduğu halda hara müraciət edəcəklərini, şikayətlərini necə hazırlayacaqlarını bilmirlər. Maddi imkansızlıq və hüquqi savadsızlıq isə onların öz hüquqlarını müdafiə etməsinə mane olur.
Nurullayevin sözlərinə görə, pulsuz hüquqi yardımın keyfiyyətinin təmin edilməsi üçün vəkillərin əməyi adekvat maliyyələşdirilməli, göstərilən xidmətin keyfiyyəti ildə iki dəfə yoxlanılmalıdır. Bu, mövcud çatışmazlıqların və boşluqların aradan qaldırılmasına imkan verə bilər.
Deputat regionlarda yaşayan vətəndaşların da hüquqi yardıma çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb. O, ucqar kəndlərdə mobil hüquqi yardım xidmətlərinin təşkilini, rayonlarda hüquqi yardım mərkəzlərinin yaradılmasını, eləcə də internet üzərindən göstərilən xidmətlərin sadə və əlçatan olmasını təklif edib.
Razi Nurullayev hesab edir ki, qanunun məqsədi yalnız pulsuz vəkil xidməti yaratmaq deyil, həm də vətəndaşların hüquqa və ədalətə inamını gücləndirmək, hüquq qarşısında bərabər imkanlarını genişləndirməkdir.
Gülnar Nazimqızı