Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğını işıqlandıran APA TV-nin müxbiri fiziki hücuma məruz qalıb.
APA xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə baş verib. Yanğınla bağlı çəkiliş aparmaq üçün əraziyə ezam olunan jurnalist Sənan Bəhrəmliyə hücum edilib.
Məlumata görə, özünü mühafizəçi kimi təqdim edən şəxs əvvəlcə kimliyini açıqlamaqdan imtina edib, daha sonra jurnalistə fiziki xəsarət yetirib və onu təhqir edib. Həmçinin şirkətə məxsus texniki avadanlığa zərər vurub.
Müxbirə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra H.Sərdarov ərazidən uzaqlaşdırılıb.