Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal əldə ediblər.
100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub.
O, finala gedən yolda İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) üzərində qələbə qazanıb.
+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov da bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, finalda serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.
Nəsibov finala qədər Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) məğlub edib.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları üç qızıl medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub.