“Rusiyanın bu addımıın dünya bazarı üçün əhəmiyyəti yoxdur”

19:30 | 17.02.2016
“Rusiyanın bu addımıın dünya bazarı üçün əhəmiyyəti yoxdur”

“Rusiyanın bu addımıın dünya bazarı üçün əhəmiyyəti yoxdur”

Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb. Məqsəd dünya bazarlarında neftin qiymətinin yüksəlməsinə nail olmaqdır.

Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını dondurmaq təklifi fevralın 16-da neftin qiymətinə təsir göstərə bilməyib. Həmçinin, maraq dairəsində olan İranın bu razılaşmaya qoşulmayacağı bildirilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az saytına deyib ki, hasilatın dondurulması uzun müddət neftin qiymətlərində özünü biruzə verməyəcək:

"Bazar günü axşam məlumat verildi ki, artıq Səudiyyə və Rusiya enerji nazirləri  görüşəcəklər və hasilatın azaldılması ilə bağlı ikitərəfli danışıqlara başlayırlar. Bazar ertəsi birjalar açılan kimi buna ilk reaksiya oldu. Buna informasiya pressinqi deyilir. Neftin qiyməti 6 faiz, yəni, 35,8 dollaradək artdı”.

Görüşdə həmçinin, Qətər və Venesuelanın rəsmiləri iştirak edirdi. Amma məsələnin qəliz cəhəti ondan ibarət oldu ki, Səudiyyə Ərəbistanın enerji naziri Əli Əl-Nəimi dedi ki, hasilatı 2016-ci il 11 yanvar göstəricisində saxlanması qərarına gəliblər.

Beynəlxalq Enerji Agentliyinin açıqladığı sonuncu fevral hesabatına görə, məhz yanvarda həm Səudiyyə Ərəbistanı, Həm də Rusiya rekord göstərici əldə ediblər. Səudiyyə Ərəbistanı 10,2 milyon, Rusiya isə 10,8 milyon barel gündəlik hasilata malik olub. Həmçinin, digər OPEK ölkələrində də hasilat artıb. Maksimum göstəricinin saxlanması isə bazar üçün böyük təhlükədir”.

İ.Şaban qeyd edib ki, birjalar həmin açıqlamadan sonra müvafiq olaraq öz reaksiyalarını veriblər: "Bu gün birjalarda neftin 1 bareli 32 dollara düşdü. Düşünürəm ki, bundan sonrakı dövrdə hansısa ölkənin neft hasilatını dondurması yüksək effekt verməyəcək. Bu düymə deyil ki, sıxasan onunla da vəziyyət stabilləşə...

Nəzərə alaq ki, Rusiya enerji naziri açıqlama verərkən, digər ölkələrin də bu qərarı dəstəkləyəcəyi təqdirdə hasilatı donduracağını deyib. Həqiqətən də, təkcə Rusiyanın bu addımı atmasının dünya bazarı üçün əhəmiyyəti yoxdur. Digər tərəfdən onların söylədikləri sadəcə bəyanatdır, kimsə öhdəlik götürməyib, rəsmi sənəd yoxdur.

Ümumiyyətlə, ekspertlər qeyd edir ki, 2016-cı ilin 3-cü yarısında həm Rusiya, həm də Səudiyyə Ərəbistanında investisiyalar azaldığından hasilat da azalmağa doğru gedəcək. Hazırda sadəcə özlərini real alıcı kimi qələmə verirlər.

Eyni zamanda İran 4 ilə yaxındır ki, dünya bazarında 1 milyon bareldən təcrid olunub. İndi bazarda 1 il vaxt lazımdı ki, kvotanı əvvəlki səviyyəyə çatdırsın. Belə bir məqamda onun hasilatı azaltmasını gözlənilmək gülüncdür”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM