Sabah Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayır - Fotolar

14:53 | 24.07.2015
Sabah Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayır - Fotolar

Sabah Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayır - Fotolar

Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində VII Beynəlxalq Musiqi Festivalı başlayacaq.

Festivalda Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

APA-nın yerli bürosunun xəbərinə görə, festivalın proqramına uyğun olaraq iyulun 31-dək İtaliya Simfonik Orkestri, Rusiyanın "Moskva virtuozları” kamera orkestri, Avstriyanın Vayner Akademiyasının kamera ansamblı, İspaniyanın "Flamenko” ansamblı, Xorvatiyanın "Dubrovnik Guitar Trio” qrupu, eləcə də Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqalarının konsertləri olacaq.

Konsertlər Heydər Əliyev adına Konqres Mərkəzində və açıq havada quraşdırılan səhnədə keçiriləcək. Musiqi bayramı iyulun 25-də saat 18:00-da Avstriyanın "Vayner Akademiya” kamera orkestrinin konserti ilə başlayacaq. Həmin gün axşam saat 21:00-da isə açıq havadakı səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Mərasimdən sonra isə İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti keçiriləcək.

Hazırda Qəbələdə bu beynəlxalq musiqi bayramına son hazırlıq işləri görülür. Heydər Əliyev adına Konqres Mərkəzinin yanındakı yaşıllıq ərazidə, açıq havada səhnənin quraşdırılması işləri artıq başa çatdırılıb. Festival günlərində Qəbələyə yüzlərlə yerli və xarici qonağın, turistlərin gələcəyi nəzərə alınaraq şəhərin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilib, səliqə-sahman yaradılıb, gecə işıqlandırma sistemi qaydaya salınıb. Otellərdə turistlərin qarşılanması və onlara yüksək xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Festivalla bağlı Qəbələnin müxtəlif ərazilərində xüsusi plakatlar asılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb