ABŞ Azərbaycana sanksiya tətbiq edərsə nə ola bilər? - Deputatlardan açıqlama

15:14 | 24.11.2023
ABŞ Azərbaycana sanksiya tətbiq edərsə nə ola  bilər? - Deputatlardan açıqlama

ABŞ Azərbaycana sanksiya tətbiq edərsə nə ola bilər? - Deputatlardan açıqlama

ABŞ Senatı "2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Qəbul edilmiş akta cavab olaraq Milli Məclis bəyanat qəbul edib.  
 
Daha sonra Azərbaycan rəsmiləri ABŞ hökumətini ölkəyə qarşı ikili standartlar tətbiq etməkdə qınayıb.Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev bundan sonra Vaşinqton platformasında Ermənistanla sülh müqaviləsinin bağlanmasına dair aparılan danışıqların mümkün ola bilməyəcəyni deyib və USAİD-in ərazisində fəaliyyətinin dayandırıldığını bildirib. 
 
Azərbaycan Dövlət Neft fondunun (SOFAZ) məlumatına görə, hazırda SOFAZ-da $55,5 milyard vəsait akkumilyasiya olunub. Bunun da 33,4% Şimali Amerika ölkələrində yerləşdirilib. Fondun ehtiyatlarının 70% isə dollardadır. 
 
Bu konfrontasiya davam edərsə və ABŞ Azərbaycana  maliyyə sanksiyalarına əl atarsa valyuta ehtiyatlarının əksər hissəsini ABŞ dollarında saxlayan ölkə nə kimi çətinliklərlə üzləşə bilər? 
 
Deputat Azər Badamov qeyd edir ki, ABŞ senatının qəbul etdiyi qərar dövlətin adından qəbul edilmiş qərar deyil. Bu qərar prezident tərəfindən təsdiq edilməyənə qədər Azərbaycanı nə gözlədiyi barədə mülahizə yürütmək tezdir. 
 
"Qərar ABŞ prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minə bilər. Bu səbəbdən hələ ki, ABŞ-ın prezidenti tərəfindən təsdiq edilməmiş hansı addımların atılacağı, nə gözləndiyi haqqında danışmaq bir az çətindir. Baxmayaraq ki, konqres tərəfindən Azərbaycana qarşı qətnamə qəbul edilir, 907-ci düzəliş yenidən qüvvəyə mindirilir, Azərbaycanı yardımlardan məhrum etmək istəyirlər, dövlətin Azərbaycanla bağlı konkred qərarı yoxdur. Əgər olarsa, ondan sonra nə baş verəcəyi haqqında danışmaq olar. Bu gün isə mövcud vəziyyət odur ki, dövlətlərarası münasibətlərdə heç bir problem yoxdur, sadəcə Amerika konqresi erməni diasporunun təsiri altındadır və qəbul olunan qətnamə də onların təsiri ilə hazırlanıb. Amerika konqresinin bir çox deputatları erməni diasporu, erməni lobbisinin maliyyə vəsaitləri hesabına ələ alınıb və qətnamələr qəbul elətdirilir. Əgər dövlətin adından hər hansı qərar qəbul olunarsa, biz biləcəyik ki, ABŞ-ın Azərbaycana münasibəti necədir?”, - o əlavə edib.
 
Deputatın sözlərinə görə, Azərbaycan qarşı hər hansı qətnamənin qəbul edilməsi ilə bağlı məsələ gündəmdə deyil.
 
"Mən inanıram ki, belə bir məsələ gündəmə gəlməyəcək. Azərbaycan müstəqil ölkədir, beynəlxalq münasibətlərini müstəqil qurur və beynəlxalq hüquq normalarına uyğun şəkildə bu siyasəti idarə edir, o cümlədən Amerika milli konqresin Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz qətnamə beynəlxalq hüquqi normalara ziddir, çünki Azərbaycan öz ərazisindədir və öz istəkləri ilə Azərbaycan ərazisini tərk etmiş ermənilərə heç bir halda etnik təmizləmə və yaxud güclə ərazidən tərk etdirməyib.  Ermənilər Azərbaycan ərazilsini könüllü tərk edəndə monitorinqlər aparılıb və müsahibələr götürülüb. Onlar bildiriblər ki, könüllü şəkildə heç bir təzyiq olmadan Qarabağı tərk edirlər. Belə olan halda həm milli konqresin qəbul etdiyi qətnamə, həm də Fransanın Azərbaycana qarşı qərəzli münasibəti yersizdir və beynəlxalq hüquq normalara ziddir”, - Azər Badamov vurğulayıb.
 
Deputat Rüfət Quliyev bildirir ki, ABŞ Senatının Azərbaycana qarşı qərar qəbul etməsi, bu formada tədbirlərə əl atması birinci dəfə deyil.
 
"Bu formada bizə qarşı tədbirlərin əl atılması birinci dəfə deyil. Bizi sanksiya riskinin gözləməsinə isə inanmıram. Azərbaycan diplomatiyası bütün riskləri nəzərə alır. Cənab Prezident siyasətini həyata keçirir, bizi istəyən ölkələr var, Avropa bizi dəstəkləyir. Onlar Azərbaycandan aslıdılar, qaz mübadiləsi aparılır, qazı bizdən alırlar”, - deputat söyləyib.
 
Deputat Aydın Hüseynov bildirib ki, ABŞ-n Azərbaycana qarşı sanksiyaları əsaslandıracaq arqumentləri yoxdur.
 
"Azərbaycan dövləti bütün senariləri, riskləri nəzərə alır. ABŞ-ın bizə qarşı sanksiya irəli sürməsi absurddur. Onların sanksiyaları əsaslandıracaq arqumentləri yoxdur. Digər tərəfdən ABŞ özü iqtisadiyyatı defolt vəziyyətdədir. 25 trilyon ÜDM-dir, 33 trilyon isə borcu var. Mən hesab edirəm ki, ABŞ özü iqtisadiyyatı ilə məşğul olsa, daha gözəl olar. Bu kimi regionlarda baş verən proseslərdə iqtisadi baxımdan hər bir ölkə ilə rahat əməkdaşlıq etsə, borcunu aradan qaldırmış olar, nəinki hədə  və  təhdid ilə danışmaq”, - o əlavə edib.
 
Deputatın sözlərinə görə, bütün risklər ölkə iqtisadiyyatının inkişafında nəzərə alınır.
 
"Əslində dövlətimizin iqtisadiyyatının ən ağır bir vaxtında onlar tətbiq elədilər. 907-ci düzəliş bilirsiniz ki, bizə müəyyən tətbiq olunmuş sanksiyadır.
Azərbaycana güclü bir risk yaratmır. Biz bu yolu keçmişik. Azərbaycan özü iqtisadiyyatını müəyyənləşdirir. Mütləq iqtisadi siyasət həyata keçirir. Digər tərəfdən biz öz partnyorlarımızı, iqtisadi strategiyalarımızı müəyyənləşdirmişik. Bütün risklər ölkə iqtisadiyyatının inkişafında nəzərə alını”, - Mirzəzadə deyib.
 
Deputat Erkin Qədirli hesab edir ki, ABŞ tərəfindən Azərbaycana qarşı hər hansı sanskiyadan söhbət getmir.
 
"Sadəcə olaraq 907-ci düzəlişdən danışılır. Bunu yalnız Senat qəbul edib. Eyni zamanda həm də Nümayəndələr Palatası və ABŞ-ın prezidenti imzalamalıdır ki, hansısa risklərdən danışaq. 907-ci düzəliş kiçik bir qanun layihəsidir. Aydındır ki, bu bizə qarşı haqsızlıqdır.  907-ci düzəliş 1992-ci ildə bir dəfə qəbul edilib bundan sonra, prezident 907-ci düzəlişin təsirinin ötürülməsi, yəni Azərbaycanın onlardan ayrılması ilə bağlı 2001-ci ildə qanun qəbul  edilib. 2002-ci ildən 2020-ci ilə qədər ABŞ cəmi 164 milyon dollar bizə pul ayırıb. Bu məbləğ ilə təxminən 9 milyon dollar edir. Maliyyə baxımından heç nə itirmirik və nəsə itirmiş sayılmırıq. Siyasi yan təsiri olaraq isə yaxşı məsələ deyil, amma sanksiya söhbəti yoxdur”, - deputat qeyd edib.
 
Bundan öncə 30 dəfə Azərbaycana qarşı ABŞ Senatı tərəfindən 907-ci düzəliş aktı qəbul edilib. 

907-ci düzəliş ilk dəfə 1992-ci ildə guya "Azərbaycan tərəfindən Qarabağın "işğalı" və Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Senator Riçard Luqarın düzəlişin qəbul edilməsinə qarşı çıxış etmməsinə baxmayaraq, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilib. Aktın əlavə edilməsi ilə Azərbaycan Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından xaric edilən yeganə ölkə olub. 

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılıb.
 
Noyabrın 16-da yenidən bu akt tətbiq edilib. Qəbul olunmuş akta əsasən, ABŞ Prezidenti "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir. Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir.
 

 
Gülnar Nazimqızı
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM