“Qoymadıq Raquba erməni əli toxuna” – Şəhid polkovnik haqqında monoloq - FOTOLAR

09:00 | 20.04.2016
“Qoymadıq Raquba erməni əli toxuna” – Şəhid polkovnik haqqında monoloq - FOTOLAR

“Qoymadıq Raquba erməni əli toxuna” – Şəhid polkovnik haqqında monoloq - FOTOLAR

 
Bu, monoloq deyil, əslində. Bu bir şəhid xanımının ürək sözləridir, fəqət, dilinə gətirdiyi onların yüzdə biridir...

ANN.Az-ın əməkdaşları polkovnik-leytenant Raqub Orucovun Sumqayıtdakı evinə baş çəkiblər, xanımı Sevinc Orucova ilə həmsöhbət olublar.  

Polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. 
 


***
Raqub şəhid olandan yuxuma girmirdi. Gündüzlər Allaha yalvarırdım ki, nə ola, bircə dəfə yuxuma gəlsin, təskinlik versin. Ölümündən sonra ilk dəfə bu gecə yuxuma gəldi. Sağ əlini başıma çəkir ki, niyə belə edirsən? Görürəm, dayandığımız yer Ağdam deyil, başqa yerdir. Möhkəm yağış yağır, sudan imkan tapıb yeriyə bilmirəm. Amma hissiyyatım deyir ki, işğaldan azad olunmuş torpaqlardayam. Raqubun da (Ağdam-red.), mənim (Qubadlı –red.) də anadan olduğumuz torpaqlar işğal altındadır indi. Amma yuxumdakı yer nə Ağdamdı, nə Qubadlı. Elə yuxuda sevinirəm ki, Raqub yuxuma girib, elə sevinə-sevinə də ayılmışam. Ayılandan sonra deyirəm ki, ay Sevinc, gör nəyə sevinirsən... 

***
 
 

Təsadüfən tanış olub evlənmişik. Amma ailə qurandan sonra anladıq ki, elə bir-birimiz üçün yaranmışıq, sanki illərdir tanışıq. Amma hər dəfə Raqub deyirdi, hərbiçi həyatı çətindir: "Naxçıvanada gedə bilərəm və qayıtmaram”. Onu elə olduğu kimi, necə varsa, elə qəbul eləmişdim.

1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. O vaxt bu kənd Xaçındərbənd sovetliyinə baxırdı. Hamı kimi, o da 18 yaşında əsgərliyə gedib. Əsgərlik dövrü Qarabağ müharibəsi illərinə düşüb. Müdafiə batalyonuna yazılıb. Hələ o yaşlarında çox döyüşlərdə olub. Yaralanıb, qəlpə, güllə yarası alıb. Həmin döyüşlər ərəfəsində Raqubun anası şəhid olub. Raqubun anası əsgərlərə həmişə yemək hazırlayıb aparırmış. Bir gün geri qayıdanda minamyot mərmisi düşüb, ana elə oradaca vəfat edib. Ərazinin işğal olunmasına baxmayaraq, Raqub gecəykən anasının nəşini gətirib, qoymayıb düşmən əlində qalsın. Onlar ailədə 5 uşaq olublar. Dörd qardaş, bir bacı. Evin böyük övladı Raqub olub.  

***
 
 

Komandanlıq onun igid, döyüşkən, cəsur olduğunu və döyüş bacarığını görüb və Raqubu Bakıya oxumağa göndərib. Səhv etmirəmsə, hərbi təhsilini 1995-ci ildə bitirib və birbaşa "Murov”a təyinat alıb. O, "Murov”a leytenant rütbəsində gedib. Cəsurluğuna və döyüş qabiliyyətinə görə dəfələrlə medal, ad qazanıb. Hərbi kəşfiyyatlarda çox olub. Mərhum prezident Heydər Əliyev Raqub Orucovu xüsusi tapşırıqları yerinə yetirdiyinə görə medalla təltif edib, ona vaxtından əvvəl baş leytenant rütbəsinə layiq görmüşdü.  Ağdama hərbi hissə komandiri təyin olunması ona ikiqat sevinc bəxş eləmişdi. 

***
 
 

Axırıncı dəfə onun üzünü martın 20-də, cəmi 20 dəqiqə gördüm. Ən sonuncu dəfə isə aprelin 3-də, gecə saat 3-də telefonla danışdıq. Qısaca: Yaxşıyam, hər şey yaxşıdı, salamatçılıqdı. İnanın, heç səsindən də hiss etdirmədi ki, döyüşə gedəcək. Ümumiyyətlə, əvvəllər də işi baradə evdə danışmazdı, elə son danışığımızda da bunu hiss etdirmədi.

***
 
 

İki oğlumuz var. Aqşin 10-da oxuyur, Nihad 4-də. Nihad atasının fəxridir. Həm şahmatçıdır, həm yaxşı oxuyur. Onunla Raqub arasında qəribə bağlılıq var. Deyirlər ki, hərbiçilər biraz soyuqqanlı olurlar. Ancaq Raqub əsl ata idi. İşində necə komandan idisə, ailəsində də elə rəhbər, ata idi. Bu uşaqları Raqubla birgə sevgiylə böyütmüşük. Vacib deyil idi ki, ata səhər çıxıb axşam evə gəlsin. Raqubun hər axşam bir zəngi hər şeyə bəs edərdi. 

***
 
 

Son günlər tez-tez şəkilləri töküb qarşıma baxıram, amma elə bir ailəvi şəkil tapa bilmirəm ki,  hardasa 4-ümüz birlikdə istirahət edək. Yoxdur. Onun işi önəmli idi. Raqub hərb üçün yaranmışdı, ailə üçün yox. Raqub həmişə deyərdi ki, öncə vətən. Deyirdi, mən səhra komandiriyəm, arxa cəbhə komandiri yox. Səngərlər onun vətəni, səngərdə xidmət edən əsgərlər də onun balaları, göz bəbəyi idi. 

***
 

Əvvəllər Raqubun hissəsində olan keçmiş əsgərlərdən biri onun ölümünü eşidib birbaşa Rusiyadan gəlmişdi. Deyir, bütün əsgərlər onun yaxşı insan olduğunu bilirdi. Hamının ağzından bu sözlər çıxır: sadə, namuslu, vicdanlı, peşəkar hərbçi
Bir dəfə Ağdam tərəfdə bir əsgər səngərdə başından vuruldu. Onda Raqub çox əsəbləşdi, deyirdi, mən də səngərdə, lap öndə ayaq üstündə dayanıram, bəs məni niyə vura bilmirlər? Çıxıb səngərin üstündə gəzirmiş. Görənlər deyir ki, Raqub elə gedib-gəlirmiş ki, erməninin ruhu belə duymazmış...
 
***
Raqubun ən çox bəyədiyim şəkli budu. Ağdam da çəkdirmişdi: 
 


***
 


Zənn edirdim ki, Raqubun ürəyi dayansa, ən əvvəl mən bilərəm. Eyni zamanda onun ölə bilmə ehtimalını heç yaxın buraxmırdım.

Həmin gün bütün qohumlar narahat idi. Ancaq mən yox. Baxmayaraq, gecə yuxumu qarışdırmışdım. Raquba çox arxayın idim. Aprelin 4-ü, gecə saatlarında şəhid olub. Bunu  birinci əsgərləri, sonra o tərəflərdəki qohum-tanış bilib. Zəng edirlər mənə, görürlər ki, heç nə bilmirəm, üstünü vurmurlar. Qohumlardan biri məsləhət də gördü ki, bəlkə bir yoldaşını axtarasan. Mən yenə də rahat oturmuşam ki, Raquba bir şey olmaz. O, hara getsə, gələr...

Xəbəri öyrənən kimi qardaşları gedibmiş. Mənim xəbərim olmayıb. Saat 9 olardı, qohumlardan biri evə gəlib Raqubun döyüşlərdə yaralandığını dedi. Çox qəribı hiss idi, ağlayır, qışqırırdım, amma ürəyimdə şükür edirdim ki, ölməyib, yaralanıb. Düşünürdüm ki, onu elə belə gətirməzlər, vertolyotla gətirib hospitala qoyarlar. Hamıya deyirdim ki, tez olun gedək "Papanin”dəki hospitala. Qohumlar da məni yubadırdılar... 

Sən demə, Raqub yolda imiş, evə gəlirmiş... 

Sən demə, bütün Sumqayıtın xəbəri varmış. Bir də gördüm şəhər dağılır. Sumqayıtda bir səs-küy var ki.... 

Sən demə, hamı eşidib, bir-birinə xəbər edib, bir mənə xəbər verməyiblər. 

Həyətdən səs eşitdim, Aqşinə dedim, o nədir elə? Həyətdəki izdihamı görəndə bildim ki, Raqub ölüb.  Aqşinə dedim ki, bala atamız ölüb. Ona görə bu qədər izdiham var. 

***

Raqubun ən böyük arzusu Ağdama getmək idi. İki-üç günlük evə gəlirdi, internetdə Ağdamın işğalına, rayonun şəkillərinə baxırdı. Onun bir dənə mülki geyimi olmayıb, hamısı səliqəli hərbi kostyumlar idi. Ona qəribə gəlirdi torpaqlarını itirən adamların adi həyat keçirməsinə, deyirdi ki, mən burada yaşaya bilmərəm.

***

Dəfnə gələnlər ağlaya-ağlaya deyirdilər ki, heç olmasa, onun tabutuna toxunaq, əlimiz dəysin. Millətin başını uca edən məhz belə qəhrəmanlar, belə şəhidlər, belə oğullar, belə ərlərdir. Tək bizim yox, Raqubu itirdiyinə görə millətimizin başı sağ olsun!
Evdə uşaqlarıma da deyirəm. Raqub bizim ailə başçımız olmaqla yanaşı xalqında göz bəbəyi idi. Böyük bir sərkərdə, hərbiçi itirdik. 
 


Nihad gündəliyinə yazıb ki, "Mən də döyüşkənəm, mən də öləcəm, vaxt gələcək biz hamımız öləcəyik, ancaq mənim ölümümə hələ çox var”. Az yaşamaq, amma dəyərli yaşamaq ayrı bir hissdir.  

***


Raqubla bir döyüşən əsgərlər, səngər yoldaşları hamısı gəldi. Deyirdilər ki, Raqub sağ ikən onun qəhrəman olduğunu bilirdik. O, həmişə öndə olub. Soruşduq ki, harada şəhid olub? Dedilər ki, Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəman kimi döyüşdü, qəhrəman kimu şəhid oldu. Onunla birgə vuruşub sağ qalan yoldaşları bir də bunu dedilər: "Raquba qoymadıq ki, erməni əli dəysin. Kim ona xəsarət yetirib, həlak olmasında iştirak edibsə, qisasını aldıq,həmin erməniləri öldürdük”. 

Şəhidlər xiyabanında Raqubun sağ və solunda dəfn olunanlar onun əsgərləridir. 



Həmin əsgər və gizir Ağdamda, 2015-ci ilin sentyabrında şəhid olmuşdular.



Nihad bu yaxınlarda mənə deyir ki, ana, hər şeyi təzə səhifədən başlayaq. Özümüzə təzə səhifə açaq. Deyirəm, ay bala, Raqubsuz səhifə olmaz...

Söhbətləşdi: Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova 

 
 
 
 
 

 
 
 
 
 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb