Şəkidə beynəlxalq teatr festivalı - FOTOLAR

12:28 | 16.09.2014
Şəkidə beynəlxalq teatr festivalı - FOTOLAR

Şəkidə beynəlxalq teatr festivalı - FOTOLAR

Şəkidə ilk dəfə keçirilən beynəlxalq teatr festivalının proqramı artıq yarıdan keçib. Xəbər verdiyimiz kimi, sentyabrın 10-da start verilən festivalda öncə ev sahibi - Şəki Dövlət Dram Teatrı görkəmli dramaturq İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini, sentyabrın 11-də isə qonaq kollektiv - Kalmıkiya Milli Dram Teatrı Boris Manciyevin «Mən aktrisayam» əsərini teatrsevərlərə təqdim etdi.ANN.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalın üçüncü günü - sentyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı L.Nurenin «Qızlar, mən gəldim («Müharibə»)» tamaşasını nümayiş etdirdi. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi əsərdə müharibənin insanların həyatını necə alt-üst etdiyindən, ailə dəyərlərinə zərbə vurmasından söhbət gedir. Tamaşada əməkdar artistləri Kəmalə Hüseynova və Qurban İsmayılov, aktyorlar Rasim Cəfər, Nigar Məmmədova və Roza İbadova çıxış edirdi. Sentyabrın 13-də növbə balaca teatrallara çatdı. Gündüz Şəkidə şəhərindəki amfiteatrda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının «Çanta trio» tamaşası göstərildi. Bir saatdan artıq müddətdə 4 nəfərlik aktyor heyəti kukla və pantomim teatr ənənələrinin qovuşuğunda hazırlanmış konsert-tamaşanı balaca şəkililərə sevdirə bildilər. Baş rejissor Qurban Məsimovun hazırladığı və çıxış etdiyi tamaşa uşaqların səmimi alqış və gülüşləri ilə keçdi. Axşam isə Gəncə Dövlət Dram Teatrı Şəki səhnəyə çıxdı. Gəncəlilər böyük rus yazıçısı N.V.Qoqolun «Evlənmə» komediyasını oynadılar. Quruluşçu rejissoru İradə Gözəlova olan tamaşa məşhur klassik əsərin fərqli yozumda oxunması kimi yadda qaldı. Bazar günü yenidən amfiteatrda qələbəlik idi: bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını oynadı. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşa müəllifin həmşəhərlilərinin çox xoşuna gəldi. Əsas rollarda aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, əməkdar artist Azad Məmmədov çıxış edirdi. Sentyabrın 14-də axşam Şəki Dövlət Dram Teatrının binasında daha bir qonaq kollektiv - Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı İran-Qayıpın «Yestay və Korlan» məhəbbət dramını təqdim etdi. Əsər qazax dilində oynanılsa da, aktyorların mükəmməl ifası, fonda kölgə teatrı və qum üzərində rəsm texnikasından istifadə tamaşanı daha da mənalandırır, mövzunu daha anlaşıqlı edirdi. Sentyabrın 15-də I Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı italyan dramaturqu E. Filipponun «Ruhlar» əsərini tamaşaçılara təqdim etdi. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi tamaşada əsas rollarda Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimov çıxış edirdilər. İnsanın həyatda öz yerini tapmaq uğrunda mübarizəsini əks etdirən tamaşa anşlaqla keçdi.Tamaşaların sonunda iştirakçı kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edildi. İ Şəki Beynəlxalq Teatr Festivalı davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti