Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası niyə baş tutmadı?

16:00 | 09.12.2014
Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası niyə baş tutmadı?

Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası niyə baş tutmadı?

Qılman İlkinin Mircəfər Bağırovla görüşü 

Qılman İlkinin publisistikasında Böyük Vətən müharibəsi ilə bağlı və həmin dövrdə Təbrizdə olması ilə əlaqəli xatirələr az deyil. O, xatirələrində qeyd edir ki, xəstəliyinə görə hərbi xidmətdən azad olsa da, Böyük Vətən müharibəsi başlayan zaman Mərkəzi Komitə tərəfindən cənub cəbhəsinə hərbi xidmətə göndərilib. O vaxt cənub cəbhəsində "Za rodina” adlı üç dildə qəzet çıxırmış. Qılman İlkin Azərbaycan dilində çıxan bu qəzetdə işləməli olur. Ağır döyüşləri öz gözləri ilə görür. Döyüşlər bir az səngiyən kimi əsgərlərlə söhbət edir, qəzet üçün material hazırlayırmış. Dəfələrlə ölümlə üz – üzə dayandığını qeyd edir. Onun dəfələrlə ölümdən xilas olması Allahın himayəsindən kənarda qalmayıb. Bir dəfə Cəfər Xəndanla birlikdə ölümdən necə xilas olmasını belə xatırlayır: 

"Bir dəfə cəbhə xəttindən geri dönəndə şərq tərəfdən üç təyyarə qalxdı. Cəfər Xəndan təcrübəli idi, mənə dedi günəbaxanda gizlənmək lazımdı, ancaq ayaqqabıları çıxarıb kənara tulla, qara rəng diqqəti çəkir. Elə də etdik. Təyyarələr yaylım atəşi açıb ötdü. İnanırsınızmı, güllələr ayaqqabılarımızı aşsüzənə döndərmişdi... Cəfər Xəndan olmasaydı, çətin ki, xilas ola biləydim”. 

O vaxt bu hadisə baş verən zaman Cəfər Xəndan mayor rütbəsində imiş. Həm də bir zabit kimi təcrübəsi, biliyi çoxlarından üstün olması ilə fərqlənirmiş.

1941-ci ilin sentyabr ayında cənub cəbhəsinə teleqram gəlir və Cəfər Xəndanı, Qılman İlkini Bakıya çağırırlar. Məqsəd ondan ibarət olur ki, ziyalılardan ibarət bir heyət yaradılsın və onlar Təbrizdə yaşayan həmvətənlərimiz arasında təbliğat işi aparsınlar. Qılman İlkin bu məqamları belə xatırlayırdı: 

"Bizi, yəni ərəb əlifbasını yaxşı bilən ziyalıları – yazıçı və jurnalistləri Mircəfər Bağırov öz yanına çağırdı. Tapşırıq belə oldu ki, biz İranda "Vətən yolunda” qəzetini nəşr etməliyik. İrandakı qəzetlər cəbhədəki vəziyyət barədə yanlış məlumatlar dərc edir, almanpərəst mövqe tuturlar. Mircəfər Bağırov açıqca dedi ki, məqsədimiz Şimali və Cənubi Azərbaycanı birləşdirməkdir”. 

Beləliklə, o vaxt Təbrizə 100 nəfər ziyalı ezam olunur. Onların içərisində Cəfər Xəndanla yanaşı, Qılman İlkin, Mirzə İbrahimov, Məmməd Rahim, Əvəz Sadıq, Cabbar Məcnunbəyov, Ənvər Məmmədxanlı, Qulam Məmmədli, İsrafil Nəzərov, Osman Sarıvəlli, Mehdixan Vəkilov, Məmmədəli Sidqi və digərləri də olur. Onu da qeyd edək ki, Təbrizə göndərilən 100 nəfər ziyalının ümumi rəhbəri isə o zaman Mərkəzi Komitənin katiblərindən biri – Əziz Əliyev olur. 
1941-ci ilin sentyabr ayında Təbrizdə Azərbaycan dilində çap olunan "Vətən yolunda” qəzetinin baş redaktoru Mirzə İbrahimov təyin edilir. Digər ziyalıların hər birinə isə fəaliyyət göstərmək üçün konkret sahələr tapşırılır. Məsələn, Mirzə İbrahimovun tapşırığı ilə İsrafil Nəzərov, Qulam Məmmədli, Məmməd Rahim, Osman Sarıvəlli, Mehdixan Vəkilov, Məmmədəli Sidqi İranın müxtəlif bölgələrinə baş çəkir, qəzet üçün məqalələr hazırlayırlar. "Əziz Əliyevin qrupu” adlanan bu ziyalılar o vaxt Cənubi Azərbaycanda milli azadlıq hərəkatına yaxından köməklik göstərirlər. Qılman İlkin o vaxt bəzi hadisələri belə xatırlayırdı: 


"Qulam Məmmədli fars dilini mükəmməl bildiyindən arxivlərə gedir, ayrı – ayrı adamların evlərindəki kitab və qədim əlyazmaları ilə tanış olurdu. Qısa vaxt ərzində güneyli şair Mirzə Əli Möcüzün, Heyran xanımın əlyazmalarını üzrə çıxartdı. Bax, Balaş Azəroğluyla məni o zaman "Vətən yolunda” qəzeti redaksiyasında da Qulam Məmmədli tanış etmişdi”. 

Qılman İlkin Seyid Cəfər Pişəvəri barədə və "Qızıl səhifələr” adlı kitabın çapı barədə xatirələrində belə qeyd edir: "Bir gün yerli hökümətin başçısı Seyid Cəfər Pişəvəri Əziz Əliyev, Qulam Məmmədli və məni çağırıb güneydəki milli azadlıq hərəkatı haqqındakı materialları toplayıb kitab halında nəşrə hazırlamağı tapşırdılar”. 
Bu tapşırıqdan sonra Qulam Məmmədli və Qılman İlkin gecə - gündüz çalışaraq bir ay ərzində "Qızıl səhifələr” adlı kitabı hazırlayırlar. İlk nüsxəni Seyid Cəfər Pişvəriyə göndərirlər. Seyid Cəfər Pişvərinin məsləhəti ilə kitabın üstündən onun tərtibçilərinin – müəlliflərinin adı çıxarılır. Yəni kitabın üstündə Qulam Məmmədli ilə Qılman İlkinin adı yazılmır. Ona görə ki, istəmirdilər ki, kitabın sovet zabitləri tərəfindən hazırlandığı bilinsin. Onu da qeyd edək ki, bu kitaba görə Seyid Cəfər Pişəvəri Qulam Məmmədlini və Qılman İlkini milli hökümətin ali – "21 Azər” medalı ilə təltif edir. 

"Əziz Əliyevin qrupu” Böyük Vətən müharibəsi qurtarana qədər Təbrizdə qalır və həmyerlilərimiz arasında maarifləndirici işlər görür, təbliğat aparırlar. Təbii ki, Qılman İlkin də Böyük Vətən müharibəsi qurtarana qədər Təbrizdə qalır. Düzdür, Mircəfər Bağırovun Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası baş tutmasa da, hər halda o ziyalıların İranda gördükləri işlər bəhrəsini verir. Belə ki, milli şüur oyandı, azərbaycançılıq ruhu gücləndi, Cənubi Azərbaycan şairləri öz şeirlərini Azərbaycan dilində yazdılar və s. Qılman İlkin Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi ideyasının baş tutmaması ilə bağlı xatirələrində belə qeyd edirdi: 

"Əlbəttə, sonralar iş elə gətirdi ki, Mikoyan və Beriya bu ideyanın baş tutmasına mane oldular. Stalini inandırmağa nail oldular ki, Azərbaycan birləşsə, nə boyda respublika olar, bunların qabağında durmaq olmaz”.



Qılman İlkin Təbrizdə "Vətən yolunda” qəzetində çalışarkən belə bir hadisə olur. Günlərin birində Mirzə İbrahimov Qılman İlkini yanına çağırır və ona deyir ki, belə bir məqalə yazmaq lazımdır: Məqalədə daşnakların faşist agenturasının təmsilçiləri olduğu əks olunmalıdır. Qılman İlkinin belə bir məqaləsini oxuyan ermənilər redaksiyaya şikayətə gəlirlər. Ancaq Qılman İlkin şikayətə gələn ermənilərə tutarlı dəlil və sübut gətirir. Bununla da şikayətə gələnn ermənilər redaksiyadan gedirlər. Yeri gəlmişkən qeyd edək ki, Mircəfər Bağırov Təbrizdə olan ziyalılarla maraqlanıb və onları müdafiə etmişdi. Hətta Qılman İlkinin daşnaklarla bağlı yazdığı məqaləni də oxumuşdu. Bunu sonra bir məsələ ilə bağlı Qılman İlkinlə görüşəndə ona demisdi də. Həmin görüş barədə Qılman İlkin xatirələrində deyirdi: 

"Bağırovu rəsmi məclislərdə çox görmüşəm. Şəxsi görüşüm də olub. Mən "Töhfə” adlı bir hekayə yazmışdım. Hekayənin əsas mövzusu Lenin və Azərbaycan idi. Onu "Kommunist” qəzeti redaksiyasına – Əli Vəliyevin yanına apardım. Əli Vəliyev hekayəni oxudu, amma dərc etməkdən imtina etdi. Bəhanəsi bu oldu ki, şeirdə Lenin obrazı var, amma nəsrdə yoxdur”. 
Qılman İlkin xatirələrində qeyd edir ki, onlar birlikdə (Əli Vəliyev və Qılman İlkin) MK-nın ideologiya üzrə katibinin yanına gedirlər. Onun kabinetində hekayəni oxuyurlar. MK-nın ideologiya üzrə katibi onları Mircəfər Bağırovun yanına aparır. Sonra nə baş verəcəyi onları da, Qılman İlkini də təşvişə salır. Qılman İlkin bu barədə xatirələrində belə deyir: "Böyük təşviş içindəydim. Ürəyim tez – tez döyünürdü. Bağırov bizə "oturun” dedi. Əli Vəliyev məsələni izah etdi. Bağırov "oxusun” dedi. Çox çətinliklə hekayəni oxuyub başa çatdırdım. Bir anlıq sükutdan sonra Bağırov nəyi isə xatırlayıbmış kimi, mənə sual verdi: "Vətən yolunda” qəzetində daşnakların əleyhinə məqaləni sən yazmısan? "Bəli” – dedim. Bağırov üzünü Əli Vəliyevə tutub dedi: "Dərc edin!”.

Qılman İlkin bu hadisəni, eləcə də o dövrü yaşamış bir ziyalı kimi digər hadisələri xatırlayaraq Mircəfər Bağırova birmənalı münasibət bəsləmirdi. Onun səhvlərini, eləcə də bəzi xidmətlərini də xatırlayırdı: "Mənim Mircəfər Bağırova – Azərbaycanın bu görkəmli partiya və dövlət xadiminə  –  bu mürəkkəb və ziddiyyətli şəxsə müna­sibətim birmənalı deyil. Yəni onun rəhbərliyi dövründə çoxlu səhvləri də olub. Öz məhkəməsində bu səhvlərinin bir çoxunu etiraf etdi. Lakin onun müharibə illərində Kremldə planlaşdırılmış azərbaycanlıların kütləvi şəkildə köçürülməsinin qarşısını alması, yaxud Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirmək arzusu ünvanına söylənilən bir çox günahlarla müqayisə edilsə yaxşıdır”. 

O vaxt azərbaycanlıların Qərbi Azərbaycandan, eləcə də Azərbaycandan köçürülməsi məsələsi gündəmdə olmuşdu. Qərbi Azərbaycandan azərbaycanlıların xeyli hissəsinin köçürülməsinə nail olsalar da, Azərbaycandan azərbaycanlıların köçürülməsinə nail olmamışlar.

Buludxan Xəlilov
filologiya üzrə elmlər doktoru, professor

Modern.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb